Qərbi Azərbaycan İcması
1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən — min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948—1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Təəssüf ki, 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram:
1. 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri
Heydər Əliyev —Azərbaycan Respublikasının Prezidenti
Dövlət Komissiyası sədrinin müavini
Artur Rasizadə — Azərbaycan Respublikasının Baş naziri Dövlət Komissiyasının üzvləri
Ramiz Mehdiyev —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri
Vasif Talıbov —Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
İzzət Rüstəmov —Azərbaycan Respublikası Baş nazirinin müavini
Elçin Əfəndiyev —Azərbaycan Respublikası Baş nazirinin müavini
Həsən Həsənov —Azərbaycan Respublikasının xarici işlər naziri
Namiq Abbasov —Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ramil Usubov —Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Həsənov —Azərbaycan Respublikasının Baş prokuroru
Südabə Həsənova —Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini
Xanlar Hacıyev —Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Sirus Təbrizli —Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Vəfa Quluzadə —Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə Dövlət müşaviri
Hidayət Orucov —Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri
Fatma Abdullazadə —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri
Şahin Əliyev —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad Ələsgərov —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri
Yusif Hümbətov —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov —Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri
Rafael Allahverdiyev —Bakı şəhəri İcra Hakimiyyətinin başçısı
Nizami Xudiyev —Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri
Fərəməz Maqsudov —Azərbaycan Elmlər Akademiyasının prezidenti
Anar Rzayev —Azərbaycan Yazıçılar Birliyinin sədri
Cəmil Quliyev —Azərbaycan Elmlər Akademiyası ictimai elmlər bölməsinin akademik-katibi əvəzi
İqrar Əliyev —Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru
Budaq Budaqov —Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru
Ataxan Paşayev —Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
Yusif Yusifov —N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi tarix kafedrasının müdiri
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 dekabr 1997-ci il
№ 656