Qərbi Azərbaycan İcması
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRI (1880-1949)
İrəvan Azərbaycan teatrı milli səhnə sənətimizin tarixi salnaməsində xüsusi yer tutur. Özünün yaradıcılıq və üslub forması olan, mürəkkəb, ziddiyyətli proses keçən İrəvan teatrını iki mərhələdə təqdim edib öyrənmək lazımdır. Teatrın yaradıcılığının birinci mərhələsi həvəskarlıq fəaliyyəti ilə bağlıdır. İkinci mərhələni isə kollektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq prosesi müəyyənləşdirib. Vaxtilə eyniadlı Azərbaycan xanlığının mərkəzi olmuş İrəvan şəhəri XIX əsrdə azərbaycanlıların iri mədəniyyət mərkəzlərindən biri idi. 1870-ci illərdə şəhərdə türk-rus dillərində məktəblər açılmışdı, vaxtaşırı şeir-sənət məclisləri, musiqi axşamları keçirilirdi. Novruz, Qurban və Orucluq bayramlarında meydan tamaşaları, "Kosa-kosa", "Qaravəlli" və müxtəlif mərasim oyunları göstərilirdi. 1882-ci ilin əvvəllərində İrəvan şəhər gimnaziyasının müəllimi, tanınmış maarifpərvər Məşədi İsmayıl özünün şagirdləri ilə Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" pyesini tamaşaya hazırlayıb. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli qoyulub. Həmin əsər ikinci dəfə 1882-ci il aprel ayının 2-də təzə ifaçılarla oynanılıb. Əsas rolları müəllim və şagirdlərdən Mizrə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasquluxanov (Fətəli Mirzə), Məşədi İsmayıl (Hacı Fərəc) oynayıblar. Hər iki hadisə İrəvanın mədəni həyatında mühüm hadisə kimi qəbul olunub və xeyli ziyalı bu maarifçilik prosesinə qoşulub. Teatr prosesini unudulmağa qoymayan ilk növbədə Məşədi İsmayıl olub və o, 1883-cü il mart ayının 10-da İrəvan sakini Rzayevin "Könülsüz nigah" birpərdəli didaktik pyesini tamaşaya qoyub. İki il sonra görkəmli maarifpərvər, pedaqoq İrəvan şəhər seminariyasının müəllimi Firudin bəy Köçərli teatr prosesini daha da canlandırmaq üçün səylə çalışmağa başlayıb. Onun fədakarlığı sayəsində teatr həvəskarları bir yerə cəmləşiblər. Onlar Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşaçılara göstərilməsinə nail olublar. İrəvan teatr həvəskarları tərəfindən Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (21 mart 1888), təkrar quruluşda "Müsyö Jordan və dərviş Məstəli şah" (4 aprel 1890), "Hacı Qara" (20 oktyabr 1894), Rzayevin "Könülsüz nikah" (17 fevral 1890), Vasaq Mədətovun "Tamahkarlıq düşmən qazanır" (10 may 1892), "Qırt-qırt" (30 noyabr 1893), Sultanməcid Qənizadənin "Dursunəli və ballıbadı" (7 mart 1895) pyesləri tamaşaya hazırlanıb. Tədricən güclənən teatr prosesinə şəhərin zadəgan ziyalıları Təkinskilər, Qazıyevlər, İrəvanskilər, Pənah xan Makinski yaxından mənəvi və maddi köməklik göstəriblər. Səhnəyə ilk dəfə 1897-ci ildə çıxan, istedadını tezliklə göstərə bilən Yunis Nuri 1890-cı ildən rejissor və aktyor kimi aparıcılığı ələ alaraq peşəkar teatrın daha da canlanmasına, tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə daha çox göstərilməsinə nail olub. Pənah xan Makinski isə səhnə həvəskarlarını xurafatın, nadanlığın fitnəkarlığından qorumaq üçün tamaşaların oynanılmasını öz sarayında təşkil edib. İyirminci əsrin əvvəllərində isə teatr tamaşaları "İctimai yığnaq" ("Ziyalılar klubu" da deyilib), Canpoladov qardaşlarının teatr binalarında da oynanılıb. Artıq müəyyən birlik yaranmış truppada Hüseyn Salmanov, Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfibəyov, Kərim Əhmədov, Əli Məhzun Əkbərov, Mir Abbas kimi həvəskar aktyorlar vardı. 1900-1917-ci illərdə İrəvanda Azərbaycan teatrı aktyor ifaları, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər qazanıb. Bu illərdə Bakının müxtəlif teatr truppalarının üzvləri dəstə bağlayıb Qafqazın ayrı-ayrı şəhərlərinə, o cümlədən İrəvana qastrol səfərlərinə çıxıblar. Hüseyn Ərəblinskinin, Əbülfət Vəlinin, Sidqi Ruhullanın, Mirzağa Əliyevin, Cəlil Bağdadbəyovun, bəstəkar Zülfüqar bəy Hacıbəyovun İrəvandakı qastrolları yerli həvəskarların daha şövqlə çalışmalarına, yeni-yeni peşəkarlıq səciyyələrinə yiyələnmələrinə təkan verib. Məhz həmin dövrdə İrəvanın teatr həvəskarlarının repertuarında əlvanlıq, zənginlik və janr müxtəlifliyi genişlənib. Repertuarda Nəriman Nərimanovun "Nadir şah", Yevgeni Çirkovun "Yəhudilər", Jan Batist Molyerin "Zorən təbib", Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (1910. Rejissor Yunis Nuri), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (25 İyul 1910. Rejissor Hüseyn Ərəblinski), "Bəxtsiz cavan" (4 fevral 1911. Rejissor Yunis Nuri), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (10 may 1911. Rejissor Sidqi Ruhulla), Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (22 noyabr 1912. Rejissor müəllif özüdür), Aleksandr Ostrovskinin "Kimdir müqəssir?" (25 İyul 1913. Rejissor Yunis Nuri), Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (19 avqust 1916. Rejissor Rza Şeyxzadə) əsərlərinin maraqlı, teatrsevərlər tərəfindən rəğbətlə qarşılanan tamaşaları əsas yer tutub. Bakıdan və Tiflisdən fərqli olaraq, səhnəyə azərbaycanlı qızı İrəvanda daha erkən çıxıb. Qəssab Əsədin qızı Tamara 1916-cı ildə göstərilən Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasında Gülçöhrə rolunu oynayıb. Bu, o dövr üçün böyük cəsarət və misilsiz fədakarlıq idi. 1918-1927-ci illər İrəvan teatrının fəaliyyətində ayrıca dövr kimi maraqlı, dəyərli və peşəkarlıq xüsusiyyətlərinin estetik reallıqlarla formalaşması baxımından mühüm mərhələdir. XX əsrin əvvəllərində tamaşaya qoyulmuş məşhur əsərlər təkrar və daha kamil quruluşlarda tamaşaya hazırlanıb. Eyni zamanda repertuarda Yunis Nurinin quruluşunda Hüseyn Cavidin "Şeyda" (18 mart 1926), Bağır Cabbarzadənin quruluşunda Şəmsəddin Saminin "Dəmirçi Gavə" (7 İyun 1924), Cəlil Məmmədquluzadənin "Ölülər" (20 İyul 1924), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (30 avqust 1924), Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm" (10 may 1927) tamaşaları mühüm yer tutub. Teatr dəstəsi öz tamaşalarını İrəvan şəhərindən başqa, azərbaycanlıların qədim atababa torpaqları olan Zəngəzur, Göyçə, Vedibasar, Uluxanlı mahallarında da göstərib. 1928-ci il mart ayının 15-də "İrəvanda Dövlət Türk Teatrosu yaratmaq barədə" dövlətin qərarı olub. Təşkilat işi təcrübəli sənətkar, milli səhnə sənətimizin fədakar cəfakeşi Yunis Nuriyə tapşırılıb. Truppanın əsasını yerli həvəskarlar təşkil edib və kollektivə Bakının müxtəlif teatrlarından, Bakıdakı Azərbaycan Dövlət Teatr Məktəbinin məzunlarından bacarıqlı gənclər cəlb olunublar. İrəvan Dövlət Azərbaycan Dram Teatrının təsisatlı sənət ocağı kimi fəaliyyətə başlaması üçün fransız dramaturqu Jan Batist Molyerin "Zorən təbib" komediyası seçilib. Yunis Nurinin quruluş verdiyi komediyanın ilk tamaşası 14 aprel 1928-ci ildə göstərilib. Bununla da İrəvan Azərbaycan Teatrının yaradıcılığının ikinci və bədiiestetik cəhətdən daha sanballı mərhələsi başlanıb. On il ərzində teatr Cəfər Cabbarlının "Aydın" (14 avqust 1928), "Sevil" (16 dekabr 1929), "Almaz" (14 noyabr 1934), "Yaşar" (1934), "1905-ci ildə" (13 may 1935), "Od gəlini" (1936), tərcümə edilmiş "Pepo" (31 yanvar 1930), Anatoli Qlebovun "İnqa" ("İncə" adı ilə. 7 noyabr 1930), Aleksandr Şirvanzadənin "Namus" (25 dekabr 1934), sovet İdeologiyasından bəhs edən Aleksandr Korneyçukun "Platon Kreçet" , Boris Lavrenyovun "Hücum" əsərlərini maraqlı quruluşlarda oynayıb. "Aydın" da Əşrəf Yusifzadənin (Dövlət bəy), Həmid lbrahimovun (Aydın), "Od gəlini" ndə Əli Zeynalovun (Elxan), "1905-ci ildə" də Yunis Nurinin (Allahverdi), "Yaşar"da Cəmil Əliyevin (Niyaz), "Sevil" də Qafar Həqqinin (Babakişi), "İncə" də Xədicə İsmayılovanın (İncə), "Namus" da İsmayıl Dağıstanlının (Rüstəm) və Əli Zeynalovun (Seyran) oyunları yüksək sənətkarlıq xüsusiyyətləri ilə yadda qalıb. Bakıdan dəvət olunmuş rejissor Yusif Yulduzun bir neçə quruluşu teatrın monumentalizmə meyilini gücləndirib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1938-1947-ci illərdə peşəkarlıq vərdişlərini daha da gücləndirib, milli rejissuranın üslub və forma axtarışlarını genişləndirib. Teatrda Tiflisdən gəlmiş Əli Şahsabahlı, Peterburqda peşə təhsili almış Baxşı Qələndərli maraqlı quruluşlar verməklə sənət ocağının roınantik və realist üslub xətlərini gücləndirmiş, aktyorların İfa zənginliyinə nail ola bilmişlər. Baxşı Qələndərlinin rejissorluğu ilə oynanılan "1905-ci ildə" (14 fevral 1935) dramı teatrın sənət qələbəsinə çevrilib. Bundan sonra elə həmin il teatra Cəfər Cabbarlının adı verilib. Əli Şahsabahlının rejissorluğunda Vilyam Şekspirin "Otello" (1944) faciəsinin tamaşası teatrın yaradıcılığında uğurlu mərhələ rolunu oynayıb. Tamaşada əsas obrazları Əli Zeynalov (Otello) və Abbasqulu Tağıyev (Yaqo) İfa ediblər. Bu dövrdə teatr əvvəllər oynadığı bir sıra əsərləri təkrar quruluşlarda tamaşaçılara göstərib. Eyni zamanda repertuarda yeni pyeslər də mühüm yer tutub. Kollektiv Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara - Əhməd Səfayi və Yunis Nuri), Sabit Rəhmanın "Toy" komediyalarını, Səməd Vurğunun "Vaqif" (Vaqif Əli - Zeynalov, Qacar - Əli Şahsabahlı, İbrahim xan - Məmmədbağır Qaraxanov), Süleyman Rüstəmin "Qaçaq Nəbi" qəhrəmanlıq dramlarını, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Cəlil Məmmədquluzadənin "Ölülər" (yeni və bədii cəhətdən daha kamil quruluşda) faciələrini, çağdaş mövzuda Mirzə İbrahimovun "Həyat" dramını oynamaqla ciddi sənət uğurları qazana bilib. Tərcümə əsərlərindən Sandro Şanşiaşvilinin "Anzor", Aleksandr Puşkinin "Xəsis cəngavər", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Jan Batist Molyerin "Jorj Danden" pyeslərinin tamaşaları teatrın janr və üslub əlvanlığını zənginləşdirib. Teatr dramatik xarakterli sənət ocağı olmasına baxmayaraq, Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Məşədi İbad" operettalarını, "Leyli və Məcnun", "Əsli və Kərəm", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", Müslüm bəy Maqomayevin "Şah İsmayıl" operalarını müxtəlif quruluşlarda tamaşaçılara göstərib. İrəvan Dövlət Azərbaycan Teatrı Ermənistanda azərbaycanlılara qarşı başlanan kütləvi təzyiqlər nəticəsində 1948-ci ildə Basarkeçər rayonuna köçürülüb. Özünümaliyyələşdirmə iş prinsipinə keçən teatr 1949-cu ilin əvvəllərində maliyyə çətinlikləri ilə əlaqədar olaraq bağlanıb. Həmin vaxtda sənət ocağında Yunis Nuri, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Şövkət Əliyeva, Əziz Süleymanov, Qəzənfər Məlikov, Naibə Əliyeva, Roza Hüseynova, Züleyxa Babayeva, Məmmədrza Qənizadə, Xədicə İsmayılova, Hüseyn Ərəboğlu, Asəf Əlixanov, Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə, İsfəndiyar Hüseynov, Nübar Əlixanova kimi səriştəli, peşəkar, müəyyən sənət uğurları qazanmış aktyorlar və aktrisalar çalışıblar. Bakı, Gəncə, Naxçıvan teatrlarında yaradıcılıqlarını davam etdirərək SSRİ xalq artisti, Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar artisti fəxri adlarına layiq görülmüş İsmayıl Dağıstanlı, Kazım Ziya, Əli Zeynalov, Əşrəf Yusifzadə, Əyyub Haqverdiyev, Əşrəf Quliyev, Ətayə Əliyeva, Qafar Həqqi, İbrahim Hüseynov (Şünasi), Həsən Ağayev, İmamverdi Bağırov, həmçinin tanınmış aktyorlar Məmmədsadıq Nuriyev, Kamal Qubuşov, Zakir Şalıbazov müxtəlif illərdə İrəvan teatrında aktyor İşləyiblər. Teatrda tamaşaların bədii tərtibatını rəssam Rəhim Məmmədov, musiqi tərtibatını isə, əsasən, orkestrin rəhbəri Eyvaz Eyvazov veriblər. İrəvan Dövlət Azərbaycan Teatrı 1928-1934-cü illərdə şəhərin baş meydanı yaxınlığındakı yarızirzəmidə fəaliyyət göstərib. 1935-ci ildən isə öz tamaşalarını həftədə bir dəfə İrəvan Dövlət Musiqili Komediya Teatrının binasında oynayıb. Teatrın qabaqcıl sənətkarlarından Baxşı Qələndərlı əməkdar İncəsənət xadimi, Yunis Nuri, Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Əli Şahsabahlı, Cəmil Əliyev əməkdar artist fəxri adları ilə təltif olunublar.
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRI (1967-2004)
İrəvanda yaşayan ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun, Əkbər Yerevanlının, Sabir Rzayevin təşəbbüsü ilə 1966-cı ildə İrəvan Dövlət Teatrının bərpası üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırıldı. Azərbaycan Respublikası həmin qeyrətli vətənpərvərlik çağırışına həyan durdu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin tələbələri 1967-ci ilin fevral ayında sənət müəllimləri Nəsir Sadıqzadə ilə birlikdə teatrın bərpası üçün İrəvana göndərildilər. Fədakar gənclər Cəfər Cabbarlının "Sevil" dramının qızğın məşqlərinə başladılar. Yerli teatr həvəskarlarının təcrübəli sənətkarları Cəmil Əliyev, Abbasqulu Tağıyev, istedadlı gənclərdən Elmira İsmayılova, Raya Qafarova, Səməd Abbasov truppaya qəbul edildilər. Naxçıvan teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Gəncə teatrından Zemfira Əliyeva, Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova İrəvan teatrına çağırıldılar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı 1967-ci il aprel ayının 28-də "Sevil" tamaşası ilə öz pərdələrini açdı. Bərpa olunan sənət ocağının ikinci həyatı başlandı. "Sevil" tamaşasının quruluşunu Nəsir Sadıqzadə vermişdi. Əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) oynadılar. Teatrın açılışından bir qədər sonra Nəsir Sadıqzadə Bakıya qayıtdı. Teatrın baş rejissor kürsüsünü Azərbaycan Dövlət Teatr İnstitutunu yenicə bitirmiş Tofiq Ağayev tutdu. Onun kollektivdə ilk işi Sabit Rəhmanın "Əliqulu evlənir" komediyasına verdiyi quruluş olub. Tamaşada əsas rolları Aydın Şahsuvarov (Əliqulu), Nisə Rzayeva (Gövhər), Raya Qafarova Qumral), Şamil Dəmirçiyev (Xəlil), Tariyel Qasımov (Rövşən), Zərnişan Fətəliyeva (Yasəmən), Sara Əliyeva (Humay), Vidadi Əliyev (Kamal), Zemfira Sadıqzadə (Səadət) ifa ediblər. Teatr Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (quruluşçu rejissor Tariyel Qasımov, rəssam Cabbar Quliyev) komediyasını da maraqlı quruluşda oynayıb. Tamaşada baş rolları Rəhim Rəcəbov (Hacı Qəmbər), Raya Qafarova (Yetər), Tariyel Qasımov (Cəbi), Zülfüqar Abbasov (Əşrəf bəy), Hüseyn İsmayılov (Qıdı kirvə), Cahid Hilaloğlu (Mayor Xudaverdi) ifa ediblər. "Sevil", "Yağışdan çıxdıq, yağmura düşdük" və "Əliqulu evlənir" tamaşaları ilə özünün realist dramatik yaradıcılıq platformasını bəyan edən İrəvan Dövlət Dram teatrı Şıxəli Qurbanovun "Sənsiz" (25 dekabr 1968. Quruluşçu rejissor Tofiq Ağayev) dramı ilə milli səhnə sənətimizdə yenicə uğurlu addımlarını atan lirik-psixoloji üsluba qadir olduğunu da göstərdi. Tədricən lirikpsixoloji üslub formalaşaraq teatrın yaradıcılıq simasının əsas estetik prinsiplərini müəyyənləşdirdi. Bu iki üslubun qovuşuğunda özünün poetika səciyyələrini müəyyənləşdirən İrəvan teatrı Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (2 mart 1970. Quruluşçu rejissor Tofiq Ağayev), "Arşın mal alan" (20 may 1981), dramaturq Sabit Rəhmanla bəstəkar Emin Sabitoğlunun "Hicran" (9 dekabr 1985), dramaturq Məhərrəm Əlizadə ilə bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" (24 fevral 1972), dramaturq Məcid Şamxalovla bəstəkar Zakir Bağırovun "Qaynana" (10 fevral 1975) operettalarını oynamaqda da müəyyən səriştə qazana bilib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı bərpa olunandan sonra onun yaradıcılığı iki mərhələyə bölünüb: adını daşıdığı şəhərdəki fəaliyyəti (1967-1988); ermənilərin azəri türklərinə qarşı törətdikləri vəhşi soyqırıınından sonra teatrın İrəvanı tərk edərək Bakı şəhərindəki yeni yaradıcılıq dövrü (1989-cu ildən bu günə qədər). İrəvan teatrının yeni üslub istiqamətində formalaşmasında, truppanın estetik ifadə vasitələrinin zənginləşməsində Tofiq Ağayev uğurlu işlər görüb, səmərəli axtarışlar aparıb. O, teatrdaxili çəkişmələr nəticəsində 1970-ci ildə baş rejissorluqdan çıxıb. Teatr 1977-ci ilə qədər baş rejissorsuz işləyib. 1973-1974-cü ildə qocaman səhnə xadimi Baxşı Qələndərli teatra yaradıcılıq rəhbərliyini öz üzərinə götürüb, Lakin o, kollektivdəki durğunluğu aradan qaldıra bilməyib. Teatrın sağlam qüvvələrinin təkidi ilə Tofiq Ağayev yeddiillik fasilədən sonra doğma teatra qayıdıb. Forma əlvanlığına, janr müxtəlifliyinə, repertuar zənginliyinə xüsusi diqqət yetirən rejissor İrəvan teatrının yaradıcılığında özünün sanballı quruluşları ilə qüvvətli aktyor oyunlarına imkan yarada bilib. Onun rejissorluğunda oynanılan Yusif Əzimzadənin "Nəsrəddin" (25 dekabr 1968), tərcümə olunmuş "Bağdasar dayı" (9 rnart 1969), İmran Qasımov və Həsən Seyidbəylinin "Sən nə üçün yaşayırsan?" (6 dekabr 1970), Hüseyn Muxtarovun "Nənəm ərə gedir" (10 may 1978), Anarın "Şəhərin yay günləri" (20 may 1979), Anatoli Safronovun "Kişilərə İnanınaym" (30 dekabr 1980), Azad Abdulinin "On üçüncü sədr" (26 dekabr 1982), Karlo Haldoninin "İki ağanın bir nökəri" (30 dekabr 1983), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (15 mart 1984), "Müsyö Jordan və dərviş Məstəli şah", Karl Vitlinkerin "Ulduzdan düşmüş adam" (11 may 1984), Aleksandr Makayonokun "Tribunal" (20 fevral 1986), İlyas Əfəndiyevin "Atayevlər ailəsi" (5 may 1987), Mar Bayciyevin "Ər və arvad" (15 fevral 1988) pyeslərinin tamaşaları müəyyən çatışmazlıqlarına baxmayaraq, kollektivin başlıca yaradıcılıq uğurlarını təminatlandırıb. İrəvan teatrı 1967-1988-ci illərdəki fəaliyyət dövründə yaradıcılıq axtarışlarına meyilli olub. Bu məqsədlə teatr vaxtaşırı Azərbaycanın müxtəlif sənət ocaqlarından yaradıcılıqlarına inandığı həm təcrübəli, həm də gənc rejissorları tamaşa hazırlamağa dəvət edib. Bu teatrda Nəsir Sadıqzadə Georgi Xuqayevin "Elbrus evlənir" (4 may 1972), Hidayətin "Məhəbbət yaşadır" (fevral 1976), Zülfüqar Abbasov yerli müəllif Əziz Süleymanovun "Alovlar" (10 noyabr 1967), Cəfər Cabbarlının "Solğun çiçəklər" (10 noyabr 1968), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər (10 dekabr 1972), Hilal Həsənov Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (15 noyabr 1971), Sabit Rəhmanın "Toy" (24 dekabr 1974), Vəli Babayev şair-dramaturq Bəxtiyar Vahabzadənin "İkinci səs" (25 fevral 1971), Ağakişi Kazımov Şamil Xurşud və Əşrəf Hacıyevin "Qızıl zəncir" (10 İyul 1978), Hidayətin "Məni qınamayın" (14 may 1981), Nahid Hacızadənin "Ömür gözləmir bizi" (31 may 1982), Niyaz Şərifov Əkrəm Əylislinin "Bağdada putyovka var" (19 mart 1979), Vaqif Şərifov Rövşən Ağayevin "Yeddi oğlan, bir qız" (7 mart 1983), Hüseynağa Atakişiyev Nəriman Həsənzadənin "İmzalar içində" (28 aprel 1980) əsərlərinə ayrı-ayrı janrlarda quruluşlar veriblər. İrəvan teatrının dövlət statusu ilə fəaliyyət göstərməsinin 50 illiyi münasibətilə 1978-ci ildə Abbasqulu Tağıyev və Şamil Dəmirçiyev Ermənistan Respublikasının əməkdar artisti, teatrın direktoru Hidayət Orucov əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüblər. İrəvan DADT 1978-ci ildə Bakıda qastrolda olub. Teatrın burada qazandığı sənət nailiyyətlərinə görə aktyorlar Vidadi Əliyev, Tamilla Abdullayeva və Marietta Kərimova Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif ediliblər. İrəvan teatrı 1967-1986-cı illərdə Mirzə Fətəli Axundzadə adına şəhər orta məktəbinin üçüncü mərtəbəsində yerləşib. Lakin burada tamaşa oynamağa imkan olmadığına görə teatr tamaşalarını kirayə ilə Stanislavski adına Rus Dövlət Dram Teatrının binasında nümayiş etdirib. Azərbaycanlılar yaşayan bölgələrdə müntəzəm olaraq səyyar tamaşalar göstərilib. İrəvan şəhərindəki yaradıcılıq dövründə teatrın tamaşalarına yerli rəssam Cabbar Quliyev, dəvət olunmuş fırça ustalarından Məmməd Qasımov, Fuad Qafarov, Mübariz Əliyev bədii tərtibatlar vermişlər. Tamaşaların musiqi tərtibatı ilə Kamal Misgərov, Sabir Əliyev və Bağır Cəfərov məşğul olmuşlar. Bakı dövründə ilk illər ciddi maddi və yaradıcılıq çətinlikləri ilə yaşayan İrəvan DADT-nin rəhbərlik ağırlığını istedadlı aktyor Vidadi Əliyev öz üzərinə götürüb. O, direktor və bədii rəhbər kimi kollektivi mənəvi böhrandan çıxara bilib. Teatr 1989-1994-cü illərdə Xırdalan qəsəbəsindəki mədəniyyət sarayında yerləşib. 1994-cü ildə hazırki binasına, yəni Hüseynqulu Sarabski adına mədəniyyət evinə köçüb. Aktyor ştatında cəmi 14 nəfər olan kollektiv Bakıda Vidadi Əliyevin rəhbərliyi ilə əvvəlcə "Ər və arvad" (Mar Bayciyev), "Mənim qaynanam" (Georgi Xuqayev), "Əkizlərin nağılı" (Panço Pançev), "Nəsrəddin" (Yusif Əzimzadə) tamaşalarını bərpa edərək oynamağa başladı. Tədricən yaradıcılıq ritmini nizama salan teatr müxtəlif sarsıntı və sıxıntılara, dekorasiya, əlbəsə, butafor, rekvizit çətinliklərinə baxmayaraq, sabit repertuar qurmağa çalışdı. Teatrda Süleyman Rəşidinin "Allah onlara rəhmət eləsin" (10 İyun 1993), İnqilab Vəlizadənin "Abbasqulu bəy Şadlinski" (15 dekabr 1995), Aydın Haqqararın "Dəli Domrul" (15 aprel 1994), Vidadi Əliyevin "Madam Badam" (20 aprel 1994), Şərəf Başbəyovun "Dəmir qadın" (20 aprel 1997), Marsel Birkye Marinyenin "Oğru" (9 İyun 1999), Sabit Rəhmanın "Yalan" (15 dekabr 2000), Kamal Abdullanın "Elə bil qorxa-qorxa", Hüseyn Cavidin "Maral" (15 İyul 1999) pyesləri oynanılıb. Dəvətlə çağırılmış rejissorlar Bəhram Osmanov, Vaqif Əsədov, Yusif Əkbərov, Oqtay Salamov teatrda müxtəlif quruluşlar veriblər. Teatrın qabaqcıl aktyorları Elmira İsmayılova və Süleyman Nəcəfov 2000-ci il İyun ayının 15-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltifləniblər.
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRINDA AKTYOR YARADICILIĞI
Yaradılan gündən realist aktyor məktəbinə üstünlük verən İrəvan teatrında bu üslubda sənət nailiyyətləri qazanan və müəyyən mərhələlərdə romantik monumentalizmə üstünlük verən aktyorlar olublar. Ayrı-ayrı illərdə teatrda qısa və ya uzun müddətdə işləyən aktyorların əksəriyyəti kollektivin yaradıcılıq potensialına dəyərli töhvələr veriblər. Tiflis teatrından gəlmiş Əli Şahsabahlı İrəvan teatrında rejissorluq etməklə yanaşı, Qacar ("Vaqif", Səməd Vurğun), Əsgər, Kərəm ("Arşın mal alan" və "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Abbas ("Həyat", Mirzə İbrahimov) kimi mürəkkəb opera, operetta və dram rolları oynayıb. Əli Zeynalov İrəvan teatrına 1934-cü ildə gəlib və burada on il işləyib. Teatrın səhnəsində Baxşı, Elxan ("1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Seyran ("Namus", Aleksandr Şirvanzadə), Araadi ("Platon kreçet", Aleksandr korneyçuk), Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Otello və Yaqo ("Otello", Vilyam Şekspir), Süleyman ("Həyat", Mirzə İbrahimov) kimi mürəkkəb xarakterli rollarda çıxış edib. Əşrəf Yusifzadənin Hacı Əhməd, Dövlət bəy ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Rüstəm ("Namus", Aleksandr Şirvanzadə), İmamverdi Bağırovun Tomson ("Hind qızı", Əbdülhəq Hamid), Sərvər ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), İsmayıl Dağıstanlının İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Otello ("Otello", Vilyanı Şekspir), Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid), Məmmədbağır Qaraxanovun Nökər ("Zorən təbib", Jan Batist Molyer), Babakişi ("Sevil", Cəfər Cabbarlı), Zimzimov ("Pepo", tərcümə əsəri), Ser Bortel ("Hind qızı"), İbrahim xan ("Vaqif"), Əhməd Səfayinin Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Brabansio ("Otello"), Ətayə Əliyevanın Gülnar ("Vaqif") və Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Əyyub Haqverdiyevin Allahverdi ("1905-ci ildə"), Məmmədsadıq Nuriyevin Vəli ("Arşın mal alan") rolları İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyor ifaçılığı məktəbini zənginləşdirmiş səhnə surətləridir.
Cəmil Əliyev - ( 1909 - 02 noyabr 1977) - Qədim İrəvan xanlığının Vedibasar mahalında anadan olub. 1926-cı ildə İrəvan Pedaqoji Texnikumunu bitirərək teatrda çalışmağa gəlib. Teatrın səhnəsində dramaturq Cəfər Cabbarlının pyeslərinin tamaşalarında Niyaz ("Yaşar"), Məmmədəli və Babakişi ("Sevil"), İmamverdi ("1905-ci ildə"), Hacı Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Şamama qarı ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Cəlal ("Həyat", Mirzə İbrahimov) kimi yaddaqalan rollar ifa edib. İrəvan Dövlət Azərbaycan Dram Teatrının bərpadan sonraki illərində aktyor Vəli ("Arşın mal alan"), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Yereat ("Baqdasar dayı", tərcümə əsəri), Hacı Salman ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Parnak ("Bir damın altında", tərcümə pyesi), Darğa ("Nəsrəddin", Yusif Əzimzadə) rollarını məharətlə oynayıb. Aktyorun ifasında obrazlar real cizgilərlə, psixoloji dəqiqliklə verilirdi. O, obrazın psixoloji çalarlarını, yaşantılarını ustalıqla çatdırırdı. Realist ifadə vasitələrinə üstünlük verirdi. 1968-ci ilin yanvarında Ermənistan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Cəmil İbrahim oğlu Əliyev ömrünün sonuna qədər səhnədən ayrılmayıb və İrəvanda vəfat edib.
Abbasqulu Tağıyev - (1919-1981) - İrəvan şəhərində doğulub. Teatrın səhnəsinə ilk dəfə 1931-ci ildə çıxıb. Aktyorun birinci rolu Cəfər Cabbarlının "Sevil" dramında Gündüz obrazı olub. İstedadlı və işgüzar aktyor doğma səhnədə müxtəlif illərdə Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", "Xanlar" dramlarında Eldar, Xosrov, Xanlar, Aleksandr Şirvanzadənin "Namus", "Cinli" əsərlərində Rüstəm və Daniel, Cəfər Cabbarlının pyeslərinin tamaşalarında İbad ("Yaşar"), Əbdüləli bəy ("Sevil"), İmamverdi ("1905-ci ildə"), Qorxmaz ("Od gəlini") rollarını oynayıb. Müxtəlif tamaşalarda Rüstəm və Əbdək ("Nizami", Mehdi Hüseyn), Teymur ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Yaqo ("Otello", Vilyam Şekspir), Dudikin ("Günahsız müqəssirlər", Aleksandr Osrovski, Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Amiran ("Vətən namusu", Georgi Mdivani) kimi yaddaqalan səhnə obrazları yaradıb. 1949-cu ildə İrəvan teatrı bağlandıqdan sonra Abbasqulu Tağıyev xalq teatrında çalışıb. 1967-ci ildə İrəvan DADT bərpa edildikdən bir il sonra aktyor doğma kollektivə qayıdıb və yaradıcılığını yeni şövqlə davam etdirib. Aktyor bu illərdə Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), "Yaşar" (Əmirqulu), "Solğun çiçəklər" (Əbdül), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Bəxtiyar Vahabzadənin "İkinci səs" (ŞüKür bəy), Georgi Xuqayevin "Mənim qaynanam" (Gena), "Arvadımın əri" (Kazbek), Panço Pençevin "Əkizlərin nağılı" (Peter ağa), Yeqor Bayqayevin "Səni kim unudar..." (Tahir Musayeviç), Həsən Seyidbəyli və İmran Qasımovun "Sən nə üçün yaşayırsan?" (Los), Hidayətin "Məni qınamayın" (Qulamov), Anarın "Şəhərin yay günləri" (Bəhram Zeynallı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Krurov), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Soltan bəy), "Məşədi İbad" (Hambal) əsərlərinin tamaşalarında oynayıb. Abbasqulu Bağır oğlu Tağıyev 1978-ci ildə Ermənistan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1981-ci ildə İrəvan şəhərində vəfat edib.
Şamil Dəmirçiyev - (09 may 1940 - 11 iyun 2002) - Borçalı mahalın Aşağı Qoşakilsə kəndində anadan olub. 1962-cı ildə Bakı Kitabxanaçılıq Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967-1988-ci illər ərzində Şamil Mahmud oğlu Dəmirçiyev onun səhnəsində Əbdüləli bəy, İmamyar, Aydın ("Aydın", "Sevil" və "Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar İçində", Nəriman Həsənzadə), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?", dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) obrazlarını ifa edib. 1988-ci ildə İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub. Arada "Bəşir" miniatür teatrında İşləyib. 1978-ci ildə Ermənistan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 2002-ci ildə vəfat edib.
Tamilla Abdullayeva - (10 dekabr 1943) - Tovuz rayonunda doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Elə həmin il Gənc Tamaşaçılar Teatrında aktrisa işləməyə başlayıb. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə gedib. Zəhmətkeş aktrisa teatrın səhnəsində Gültəkin, Sara, Yaqut ("Aydın", "Solğun çiçəklər" və "Yaşar", Cəfər Cabbarlı), Beatriçe ("İki ağanın bir nökəri", Karlo Haldoni), Qumru ("Şəhərin yay günləri, Anar), Katxen ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Abbi ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Gülçöhrə ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski), Tərlan xanım ("Yalan", Sabit Rəhman) kimi yaddaqalan obrazlar yaradıb. Tamilla İslam qızı Abdullayeva 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1988-1995-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1995-1999-cu illərdə "Bəşir" miniatür teatrında İşləyib. 1999-cu ildən yenə də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışır.
Vidadi Əliyev - (1 sentyabr 1945) - Ağstafa rayonunun Yuxarı Göycəli kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra tikintidə bənna kimi əmək fəaliyyətinə başlayıb. Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib (1963-1967). Gənc aktyor təhsilini başa vuran kimi tələbə dostları ilə İrəvan teatrına gedib və orada Cəfər Cabbarlının "Sevil", "Yaşar", "Solğun çiçəklər" dramlarında Balaş, Yaşar, Bəhram, Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", "Lənkəran xanının vəziri" komediyalarında Müsyö Jordan və Xan rollarını oynayıb. Bu teatrda illər boyu Areluizi ("İki ağanın bir nökəri", Karlo Haldoni), Əsgər ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Bertram ("Axırı xeyir olsun", Vilyam Şekspir), Karandışev ("Cehizsiz qız", Aleksandr Ostrovski), Rüstəm ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli və İmran Qasımov), Qiyas ("Şəhərin yay günləri", Anar), Müşfiq ("Səni kim unudar?..", Mustafa İsgəndərzadə), Şıxlinski ("İmzalar İçində" , Nəriman Həsənzadə), Mitoş ("Hicran", dramatruq Sabit Rəhman və bəstəkar Emin Sabitoğlu), Elcan ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Şahmar ("Əks-səda", Nəbi Xəzri), Bəxtiyar ("Ulduz", dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov) və digər maraqlı, yaddaqalan obrazlar yaradıb. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında bir müddət ikinci rejissor, sonra isə quruluşçu rejissor kimi fəaliyyət göstərib. Teatrın Bakı fəaliyyəti dövründə Vidadi Hüseyn oğlu Əliyev kollektivin direktoru və bədii rəhbəri kimi çalışıb. 1988-2000-ci illər ərzində teatrın dağılmaması üçün böyük işlər görüb. "Ər və arvad" (Mar Bayciyev. 1989), "Mənim qaynanam" (Georgi Xuqayev. 1989), "Əkizlərin nağılı" (Panço Pançev. 1989) tamaşalarına quruluşlar verib. 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artist fəxri adına layiq görülüb.
Elmira İsmayılova - (13 noyabr 1945) - İrəvan şəhərində ziyalı ailəsində doğulub. İrəvan Dövlət Pedaqojı İnstitutunda təhsilini başa vuran kimi yenicə açılmış İrəvan Dövlət Azərbaycan Dram Teatrına işləməyə gəlib. Teatrın İrəvandakı fəaliyyəti dövründə Oqudalova ("Cehizsiz qız", Aleksandr Ostrovski), Smeraldina ("İki ağanın bir nökəri", Karlo Haldoni), Qrafinya ("Axırı xeyir olsun", Vilyam Şekspir), Dilşad ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Dilarə ("Şəhərin yay günləri", Anar), Gülnisə, Böyükxanım, Şərəbanı ("Solğun çiçəklər", "Aydın" və "Yaşar", Cəfər Cabbarlı), Dilbər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Sənəm, Cahan ("O olmasın, bu olsun" və "Arşın mal alan" Üzeyir bəy Hacıbəyov), Şəhrəbanu, Ziba xanım ("Müsyö Jordan və dərviş Məstəli şah" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Kövhər xanım ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev), Çarliston ("Hicran", dramaturq Sabit Rəhman və bəstəkar Emin Sabitoğlu) kimi rəngarəng obrazlar oynayıb. Elmira Məhərrəm qızı İsmayılova 25 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltiflənib.
Yunis Nuri - (23 yanvar 1878 - 05 yanvar 1950) - Qədim Azərbaycan ərazisində eyniadlı xanlığın mərkəzi olan İrəvan şəhərində peşəkar teatrın inkişafını təminatlandıranlardan biri Yunis Nuridir. O, İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcısıdır. Görkəmli aktyor, bacarıqlı rejissor və yorulmaz təşkilatçı, müdrik teatr xadimi olan Yunis Nurinin milli səhnə sənətimizin inkişafında xidmətləri misilsizdir. Yunis Nuri onlarca gənci teatra cəlb edib və milli səhnəmizin paklığını qorumaq yolunda böyük fədakarlıqlar göstərib. Teatrın inkişafında tükənməz enerji ilə, coşğun ehtirasla və alovlu məhəbbətlə çarpışıb. Həvəskar teatr truppasının Dövlət təsisatında, instutusional mədəniyyətin faktı kimi fəaliyyət göstərməsi üçün uzun illər əzmkarlıqla, təkidli israrla mübarizə aparıb və yüksək amalına nail olub. "Nuri" səhnə təxəllüsü olan Yunis Hacı Süleyman oğlu Süleymanov 1878-ci il yanvar ayının 23-də İrəvanda doğulub. Dindar atasının tövsiyəsi ilə altı il mollaxanada oxuyub, özü də həvəs və maraqla. Ancaq bir il gimnaziyada oxumaqla və şagirdlərlə müəllimlərin birgə hazırladıqları tamaşada oynamaqla həyat yolunu dəyişib. Hətta sonralar özü truppa yığıb, teatr tamaşaları hazırlayanda əsas həvəskar qüvvələr onun gimnaziya dostları olub. O, gimnaziyada tam təhsil almayıb, ancaq müəllimlərindən ona milli və dünya ədəbiyyatına, elmə, mədəniyyətə məhəbbət bəsləmək duyğuları yadigar qalıb. Qori Müəllimlər Seminariyasını bitirib İrəvan şəhərindəki gimnaziyaya müəllim göndərilən mütəfəkkir maarifçi Firudin bəy Köçərli on il (1886-1896) bu şəhərdə teatr sənətinin tərəqqisində möhtəşəm işlər görmüşdür. Maarifçi Eynalı bəy Sultanov rəmzi mənada estafeti ondan alaraq ömür yolunun müəyyən hissəsini İrəvanda teatr sənətinin çiçəklənməsinə sərf etmişdir. Onlardan sonra bu müqəddəs yolu davam etdirənlərdən, varlığını teatr sənətinə bağlayanların ən öncülü məhz Yunis Nuri olmuşdur. Yunis Nuri səhnəyə ilk dəfə 8 dekabr 1890-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəbanu xanım rolu ilə çıxmışdır. Bununla da səhnə sənətinin sehrinə düşüb bütün taleyini onun çiçəklənməsinə yönəldən Yunis Nuri aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. İrəvan teatrının formalaşmasında bir müddət bu şəhərdə işləmiş nasir-dramaturq Cəlil Məmmədquluzadə, naşir Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), buraya qastrol səfərlərinə gələn Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Sidqi Ruhulla ilə çiyin-çiyinə çalışmışdır. Yunis Nuri özünün müstəqil tamaşalarından olan Vasaq Mədətovun "Qırt-qırt" vodevilini 1903-cü ildə hazırlamışdır. Tamaşa Pənah xan Makinskinin evində ailə və ailənin simsarları üçün göstərilmişdir. Tamaşanın xoş səsi-sorağı bütün İrəvana yayılmışdır və ona görə şəhərin sözükeçən, sayılan adamları Pənah xandan xahiş etmişdilər ki, tamaşanı sarayın böyük otaqlarından birində və ya həyətdə təkrar oynanılmasma icazə versin. İncəsənətə rəğbətli olan Makinski razılıq verib və tamaşa daha böyük məhəbbətlə qarşılandığı üçün Yunis Nurinin inamı tam qətiyyətlənib. Bundan sonra o, Nikolay Qoqolun "Müfəttiş" komediyasını hazırlayıb. 1905-1907-ci illərdə "şeytan" əməli ilə məşğul olub, "kafirlik", "mütrüblük" etdiyinə görə İki dəfə ciddi bədən xəsarəti alması da Yunis Nurini amalından döndərə bilməyib. Elə bu arada Hüseyn Ərəblinskinin İrəvana gəlməsi və qastrol tamaşalarının uğurlu nümayişi, həmin əsərlərdə yerli həvəskarların çıxışı şəhərdəki azərbaycanlı artistlərə daxili mətinlik gətirib, mənəvi ruh verib. Yunis Nuri gündüzlər qara fəhləlik edir, qəzet satır, axşamlar isə həvəskarları başına toplayıb tamaşalar göstərirdi. O, dram kollektivi ilə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", Nəriman Nərimanovun "Nadanlıq", "Nadir şah", "Dilin bəlası" ("Şamdan bəy"), Nikolay Qoqolun "Müfəttiş", Sultanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", "Axşam səbri xeyir olar", Rəşid bəy Əfəndiyevin "Qan ocağı", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Üzeyir bəy Hacibəyovun "Arşın mal alan", "Məşədi İbad", Zülfuqar bəy Hacibəyovun "Əlli yaşında cavan", Namiq Kamalın "Vətən", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ac həriflər", Aleksandr Ostrovskinin "Kimdir müqəssir?" əsərlərini tamaşaya hazırlayıb. 1918-ci ildə erməni daşnakiarının Bakıda, Şamaxıda, Qarabağda, eləcə də İrəvanda törətdikləri vəhşi qırğınlar zamanı Yunis Nuri İranın Xoy şəhərinə mühacirət edib. Xoşbəxtlikdən İrəvandakı dram truppasının əksər üzvləri də ervvəni vəhşiliklərindən başlarını götürüb bura qaçmışdılar. Yunis Nuri dəstəni burda da bir yerə toplaya bilib və repertuarlarındakı kiçik həcmli məsxərələri, tədbil olunmuş vodevilləri yerli camaata göstəriblər. Hətta Xoy gənclərindən müəyyən teatr həvəskarlarını da truppaya cəlb ediblər. Siyasi hadisələr səngiyəndən, Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra Yunis Nuri 1922-ci ildə doğma Vətənə qayıdıb. Bala Əfəndiyevlə birlikdə İrəvanda dram dərnəyi yaradıb. Bir il sonra gündəngünə genişlənən dram dərnəyinin yaradıcılıq nizamnaməsi rəsmi dairələrdə təsdiqlənib. Dərnəyə rəhbərliyi Yunis Nuri edirdi. Kollektivin dövlət teatrına çevrildiyi günədək o, əvvəllər hazırladığı əsərlərin əksəriyyətinə və həmçinin Mirmahmud Kazımovskinin "Nə qanır, nə qandırır", Süleyman Sani Axundovun "Laçın yuvası", "İki yol", Mirzağa Əliyevin "Orada elə, burada belə", Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər"), Jan Batist Molyerin "Zorən təbib", Hüseyn Cavidin "Şeyda" və "İblis" pyeslərini hazırlayaraq tamaşaçılara göstərib. 1928-ci il martın 15-də Ermənistan hökumətinin əmri ilə İrəvan Dövlət Azərbaycan Səyyar Teatrı yaradılıb. Bütün təşkilati işlər, truppanın toplanması, repertuarın müəyyənləşdirilməsi, texniki təchizat və sairə məsələlərin həlli Yunis Nuriyə tapşırılıb. O, bu işi ləyaqət və vicdanla, sənətə ehtiram və məhəbbətlə hasilə gətirib. Həmin ilin 14 aprelində teatr Jan Batist Molyerin "Zorən təbib" komediyası ilə pərdələrini açıb. Yunis Nuri yenə də Təbib İlyas rolunda səhnəyə çıxaraq alqışlara layiq uğur qazanıb. Yunis Nuri xüsusi teatr təhsili görməmişdi. Səhnəyə məhəbbət, eşq, alov, ehtiras onun yaradıcılıqla yoğrulmuş varlığındaydı. Bu eşq, bu ehtiras isə ona tanrı fitrətindən sanki pay verilmişdi və o, fəhmlə sənətdə parlaq qələbələr qazana bilirdi. Xaraktercə qətiyyətli, məqsədi uğrunda inadcıl, səmimi, mehriban, yumşaq təbiətli insan idi. Teatrın bütün kollektivi ona "Yunis əmi" deyə müraciət edirdi. Dram dəstəsinin həvəskarlıq fəaliyyəti dövründə, xüsusən İrəvan DADT-də Yunis Nuri bir sıra rollar oynayıb. Özünün daha çox dəyərləndirdiyi və şövqlə ifa etdiyi rollar bunlardır: Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Fərhad, Həsən kişi ("Bəxtsiz cavan" və "Ac həriflər", Əbdürrəhim bəy Haqverdıyev), Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy Vəzirov), Təbib, Qazı ("Zorən təbib" və "Cancur Səməd", Jan Batist Molyer), Atakişi, İmamverdi, Həsən, Aftil, Yanardağ ("Sevil", "1905-ci ildə", "Yaşar", "Almaz" və "Od gəlini", Cəfər Cabbarlı), Rayçaran ("Hind qızı", Əbdülhəq Hamid), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Hacı Salah ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Qratsiano ("Otello", Vilyam Şekspir), Soltan bəy ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov). Qədim İrəvan şəhərinin özündə, Göyçə, Basarkeçər, Qarakilsə, Qaranamaz, Dilican, Vedibasar, Uluxanlı... və bu kimi Azərbaycan mahallarında teatr sənətinin geniş miqyaslı fəaliyyəti sənət fədaisi Yunis Nurinin adı ilə sıx bağlıdır. Səhnəni həyat amalına çevirmiş Yunis Nuri İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə müvəqqəti bağlanana qədər səhnədən ayrılmayıb. Aktyor İrəvanda İstehsal olunmuş "Zəngəzur" (Əhməd), "Anahid" (Kişi), "Göyçə gölü balıqçıları" (Kəndli), "Dağ marşı" (Həsən), "Xaspuş" (Ata) və sair filmlərə çəkilib. Azərbaycan teatr sənətinin İrəvan şəhərində inkişafındakı xidmətlərinə görə Yunis Nuri 1936-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Yunis Nuri 5 yanvar 1950-ci ildə İrəvanda dünyasını dəyişib.
1988-ci ildən erməni millətçilərinin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri vəhşilik və etnik təmizləmə nəticəsində əmlakı əlindən alınmış teatr Neftçala rayonuna qastrol səfərinə göndərilmək adı ilə İrəvandan deportasiya olunmuşdur. Lakin belə sınaqlara dəfələrlə sinə gərmiş və ruhdan düşməmiş teatr yaşamaq haqqını və iqtidarını bu dəfə də sübut etmişdir. Bu dövrdə kollektiv bünövrəsinə qədər dağılmış öz məbədini bir neçə ildə yenidən dikəltmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb zəruri tədbirləri gerçəkləşdirdikdən sonra – 1995-ci ildə İrəvan Teatrının ikinci dəfə dövlət statusu ilə Azərbaycanda peşəkar yaradıcılıq meydanına qayıtmasını da təmin etmişdir.
Həmin vaxtdan yurdundan perik salınmış teatrda yeni ciddi yaradıcılıq prosesi start götürmüşdür.
Teatrın yaşaması və uğurlar qazanması üçün E.İsmayılova, T.Abdullayeva, V.Əliyev kimi sənət fədailərinin çəkdikləri böyük zəhmət nəticəsində sənət ocağı 2000-ci ilə qədər özünün fasiləsiz fəaliyyətini və bütövlüyünü saxlaya bilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi teatrın fəaliyyətində dönüş yaratmaq məqsədi ilə burada kadr islahatı aparmalı olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpası ilə bağlı missiyamı bitirərək geri dönən vaxtdan İrəvan Teatrını inkişaf yoluna çıxarmaq üçün başlanan islahata rəhbərlik etmək şərəfi mənim üzərimə düşmüşdür.
2000-ci ildən bu günə qədər İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar indiki kollektivin gərgin, yaradıcı axtarışları ilə hasilə gətirilmişdir. Teatrın qədim ənənələri üzərində aparılan yeni quruculuq işləri, nizam-intizamın bərpa edilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, istedadlı yaradıcı gənclərin teatra gətirilməsi, uzunmüddətli perspektiv fəaliyyət proqramına uyğun olaraq repertuarın zənginləşdirilməsi, V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər kimi nüfuzlu rejissorların və tanınmış aktyorların yeni tamaşalar hazırlanmasına cəlb edilməsi yaradıcı prosesi canlandırmaqda önəmli olmuşdur.
Fəaliyyət göstərdiyimiz H.Sarabski adına Mədəniyyət Evinin səhnəsi tamaşa oynamaq üçün qənaətbəxş olmadığına görə yeni tamaşalarımızı Bakı teatrlarının səhnəsində oynamağımıza şərait yaradılmışdır.
Hər il bir-birinin ardınca 10-dan artıq yüksək zövqlü, maraqlı tamaşa hazırlamaqla, bu günə qədər yüzə yaxın əsərə səhnə həyatı vermişik. Azərbaycan teatr şəbəkəsini birləşdirən, Qafqaz teatrlarını bir-birinə bağlayan bir neçə respublika miqyaslı və iki beynəlxalq layihənin gerçəkləşdirilməsində fəal iştirak etmişik. Azərbaycanın bütün bölgələrinə ildə bir dəfə genişmiqyaslı qastrol səfərləri ilə teatrın ölkəmizdə geniş tanınmasına çalışırıq. Dəfələrlə Türkiyədə, Gürcüstanda və Dağıstanda uzunmüddətli qastrol səfərləri həyata keçirmişik.
Göründüyü kimi, teatrın şöhrətini özünə qaytarmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bütün bunlar tamaşaçı kütləsinin istiqamətini İrəvan teatrının çıxış etdiyi salonlara cəlb etmişdir. Dövri mətbuat, radio və televiziya kanalları İrəvan Teatrının fəaliyyətini geniş işıqlandırır. Teatrın bir sıra tamaşaları telekanalların qızıl fondu üçün çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2006-cı il tarixli sərəncamı ilə teatrın 125 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd edilmiş, 2007-ci il oktyabr ayının 16-da Bakıda təntənəli mərasim keçirilmişdir. Ölkə başçısının növbəti sərəncamı ilə teatrın bir qrup sənətkarına fəxri adlar verilmişdir. 2008-ci il fevral ayının 8-də möhtərəm İlham Əliyevin növbəti qayğısına əsasən, M.Rəsulzadə adına Mədəniyyət Sarayı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verilmişdir.
136 il əvvəl peşəkar fəaliyyətə başlamış İrəvan Azərbaycan Teatrı bugünlərdə dövlət statusu ilə fəaliyyətinin 90 illiyini qeyd etməyə geniş hazırlıq işləri görür. İnanırıq ki, milli teatr salnaməmizə şərəfli səhifələr yazmış bu qocaman sənət ocağının növbəti sənət hesabatını və əlamətdar yubileyini də teatrsevərlər sayğı və qədirbilənliklə qarşılayacaqlar.