İrəvan Mahalı Uluxanlı Məktəbinin 125 illik yubileyi haqqında

İrəvan Mahalı Uluxanlı Məktəbinin 125 illik yubileyi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2006-cı ildə İrəvan mahalı Uluxanlı məktəbinin 125 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən regionda böyük vüsət almış və mühüm siyasi, mədəni hadisə olmaqla cəmiyyətin tərəqqisi üçün əlverişli şərait yaratmış maarifçilik hərəkatı yeni tipli teatrın, mətbuatın, eləcə də ənənəvi tədris müəssisələri ilə yanaşı, müasir dünyəvi məktəblərin təşkili prosesinə təkan vermişdir. Bünövrəsi 1881-ci ildə qoyulan Uluxanlı məktəbi də həmin vaxtlar əhalisinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan İrəvan mahalında maarifçilik ideyalarının yayılması sahəsində mühüm rol oynamışdır. Dövrün görkəmli maarifçiləri məktəbin zəngin ənənələr zəminində inkişaf etdirilməsi işində mühüm xidmətlər göstərmişlər. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin ilk müəllimlik fəaliyyətinə başladığı bu məktəb ədibin təşəbbüsü sayəsində qabaqcıl maarif və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.

XX əsrin əvvəllərində regionda baş verən mürəkkəb geosiyasi proseslər nəticəsində İrəvan şəhərinin və digər tarixi Azərbaycan torpaqlarının Ermənistan dövləti tərkibində daxil olunmasına baxmayaraq, Uluxanlı məktəbi Azərbaycan dili və mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində öz işini davam etdirmişdir.

Yetirmələri bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni hayatında yaxından iştirak edən və müstəqil Azərbaycanın çiçəklənməsi naminə töhfələr verən Uluxanlı məktəbi Azərbaycan təhsili  tarixinə bir çox parlaq səhifələr yazmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlılara qarşı erməni yaraqlıları tərəfindən aparılan etnik təmizələmə siyasəti məktəbin fəaliyyətinə son qoymuşdur.

Azərbaycanlıların maariflənməsi sahəsində böyük rolunu nəzərə alaraq İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

          1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

          2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2006-cı il.

№ 1883