Qərbi Azərbaycan İcması
Nəzarət-Təftiş Komissiyası – QAİ-nin Nizamnaməsinə əməl olunmasına və maliyyə fəaliyyətinə nəzarət edir. Nəzarət-Təftiş Komissiyası sədrdən, sədr müavinindən və üzvlərdən ibarətdir. Nəzarət-Təftiş Komissiyasının sədri, onun müavini və şura üzvləri Ümumi yığıncaq tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Nəzarət-Təftiş Komissiyasına Vahid Novruzov rəhbərlik edir.
Vahid Tapdıq oğlu Novruzov - (7 yanvar 1950, Qərbi Azərbaycan, Allahverdi) - 1979 - 1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1992–1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır. Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur. Vahid Novruzov elmi konfrans və seminarlarda fəal iştirak edir. 100-dən artıq əsərin müəllifidir. 2000-ci ildə professor elmi adı almışdır. Audit və bazar iqtisadiyyatı infrastrukturunun problemləri üzrə dissertant və magistrlara elmi rəhbərlik edir. Vahid Novruzov ABŞ-nin Daxili Auditorlar İnstitutunun Azərbaycanda yaradılmış "Audit-Azərbaycan" bölməsinin prezidenti və Müsahiblərin və Auditorların "AVROASİYA" Regional Federasiyası Şurasının idarə heyətinin üzvüdür. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Novruzov "Şöhrət" ordeni ilə təltif edilib.
Nəzarət-Təftiş Komissiyası sədrinin müavini
Şahin Əmir oğlu İsmayılov - (7 fevral 1986, Qərbi Azərbaycan, Keşişkənd) - Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini, eləcə də Fransaşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Fransız, ingilis və rus dillərini bilir. 2008–2009-cu illərdə Azərbaycan Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri, Tədris hissəsinin dispetçeri, İnformasiya resursları kompleksinin baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2009–2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavinidir. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Kanada, Koreya, Latviya, Litva, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.