Qərbi Azərbaycan İcması
Qadınlar Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Qadınlar Şurası sədr, onun iki müavinindən və üzvlərdən ibarətdir. Qadınlar Şurasının sədri, onun müavinləri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Qadınlar Şurasına Məlahət Həsənova rəhbərlik edir.
Məlahət İbrahim qızı Həsənova - (25 aprel 1958, Qərbi Azərbaycan, Basarkeçər, Kiçik Məzrə) - Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir. İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda Milli Məclisin deputatı seçilmişdir. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 27 aprel 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məlahət İbrahimqızı "Şöhrət" ordeni ilə təltif olunub.
Qadınlar Şurasının sədrinin müavinləri
Telli Pənahqızı Əliyeva - (24 may 1954, Qərbi Azərbaycan, Vedibasar, Böyük Vedi) - Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. Telli Pənahqızı Azərbaycan "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Azərbaycan "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H.B.Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür.
Almaz Qasım qızı Binnətova - (8 avqust 1960, Qərbi Azərbaycan, Basarkeçər, Kəsəmən) - Bakı Dövlət Universitetində ali təhsil almışdır. 1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir. Almaz Ülvi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası, 2010-cu ildə "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri olmuş və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir.