Qərbi Azərbaycanda mətbuat

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar, xüsusən də İrəvandakı məktəblərin müəllimləri və məzunları “Əkinçi” (1875–1877), “Kəşkül” (1883–1891), “Kaspi” (1881–1919), “Şərqi-Rus” (1903–1905), “Həyat” (1905–1906), “İrşad” (1905–1907), “Füyuzat” (1906–1907), “Molla Nəsrəddin” (1906–1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər.

İrəvanda Azərbaycan dilində ilk mətbuat Çar Rusiyası dövründə işıq üzü görmüşdür. Lakin 1918–1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildən etibarən müəyyən fasilələrlə İrəvanda Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası dövrü və sovet hakimiyyəti dövrü.

Çar Rusiyası dövründə İrəvan ziyalılarından Mirzə Kazım Qazi Əsgərzadə (“Mütəlle”), Hacı Seyid Rza Əmirzadə (“Sabir”) və Məhəmmədəli bəy Vəliyev “Əkinçi” qəzeti ilə əməkdaşlıq etmişlər. Firudin bəy Köçərli və Haşım bəy Vəzirov isə İrəvanda yaşadıqları dövrdə “Kəşkül” qəzetinin səhifələrində çıxış etmişlər.

Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan şəhəri ilə bağlı olmuşdur. Mirzə Cəlil 1901–1903-cü illərdə İrəvanda yaşadığı dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşmış, həm də “Kaspi” qəzetində İrəvanda yaşayan azərbaycanlıların hüquqlarının tapdalanmasından bəhs edən məqalələr dərc etdirmişdir. Mirzə Cəlilin “Kaspi” qəzetinin 7 mart 1902-ci il tarixli nömrəsində “İrəvan müxbirimizdən” başlıqlı yazısında şəhərin cənub-qərbində, Zəngi çayının sahilində salınan Dəlmə arxı ilə suvarılan azərbaycanlıların min bir əziyyətlə saldıqları, sayı 60-a çatan meyvə-üzüm bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz əməllərdən bəhs edilir. Müəllifin “C. M.” imzası ilə 28 mart 1902-ci ildə “Kaspi” qəzetində dərc edilən “İrəvan” başlıqlı məqaləsində Şəhər Dumasının iclaslarında azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının verilməsindən bəhs edilir. Ədibin bu məqalələri XX əsrin əvvəllərində İrəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir.

Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, 1886-cı ildə İrəvan Oğlanlar Gimnaziyasını bitirən, “Kaspi” qəzetinin İrəvan quberniyası üzrə müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905–1906-cı illərdə İrəvan şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında həmin qəzetin səhifələrində silsilə məqalələri dərc olunmuşdur. Məhz həmin məqalələr o vaxt İrəvan şəhərində baş verən hadisələr haqqında obyektiv məlumatlar əldə etmək imkanı verir.

1906-cı ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və karikatura vasitəsilə oxucularına çatdıran “Molla Nəsrəddin” adlı jurnalın işıq üzü görməsi böyük əks-səda doğurmuşdu. “Molla Nəsrəddin” qısa bir zamanda İrəvanda da özünə xeyli oxucu kütləsi qazanmışdı. İrəvanlı ziyalılar içərisindən mollanəsrəddinçilər dəstəsi formalaşmışdı. Cabbar Əsgərzadə (Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə, 1885–1966), Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov, 1886–1934), Məmmədəli Nasir (Məmmədəli Nasir Hacı Məmmədzadə İrəvani, 1899–1982), Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar “Molla Nəsrəddin” jurnalının səhifələrində çıxış edirdilər. İrəvanda meydan sulayan cəhalətpərəstlərin, xalqın savadlanmasını istəməyən bəzi din xadimlərinin, müasir tipli məktəblərin açılması və gənclərin maariflənməsi üçün var-dövlətini əsirgəyən bəzi varlı irəvanlıların qorxusundan “Molla Nəsrəddin”in İrəvandan olan müxbirləri gizli imzalarla çıxış edirdilər. Müxbirlərdən Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə”, Cabbar Əsgərzadə (Aciz) “Məhkəmə pişiyi” kimi imzalardan istifadə edərək özlərini qaragüruhçulardan qorumağa çalışırdılar.

“Molla Nəsrəddin”in səhifələrində 1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan canını qurtararaq Bakı və Yelizavetpol (Gəncə) quberniyalarına pənah gətirən qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı adamlar tez-tez tənqid atəşinə tutulurdu.

İrəvanda 1911–1912-ci illərdə və 1914-cü ildə “Эриванский вестник” (“İrəvan xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə İrəvan Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə – rus, tatar (Azərbaycan) və erməni dillərində məqalələr dərc edirdi. Bu qəzetdə rus dilində təhsil almış İrəvanın azərbaycanlı ziyalıları, İrəvan Gimnaziyasının və İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc etdirirdilər.

İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı “Lək-lək” (Leylək”) adlı satirik məcmuə olmuşdur. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini buraxmışdılar. İrəvandakı “Luys” (“İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək” türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı” şeirində “Ləl-lək” öz məsləyini “Molla Nəsrəddin” sayağı bəyan etmişdir. Elə jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar “Lək-lək”, “Hərif”, “Kələmbaş”, “Şeytan”, “Yetim cücə”, “Kefli”, “Şərxəta”, “Dul toyuq” “Naqqal”, “Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna “Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan” və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.

Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi oxucuların nəzərinə çatdırılırdı.

“Lək-lək”in 5 may və 19 may 1914-cü il tarixli nömrələrində “Dil məsələsi” başlıqlı yazı dərc olunmuşdur. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən “intiligentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə tutulmuşdur.

Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M. Mirfətullayev və C. Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin “Çınqı”nın taleyi indiyədək qaranlıq qalır. Fədakar tarixçi alim, publisist və tərcüməçi, 1972-ci ildə İrəvanda “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsrafil Məmmədov ilk dəfə “Lək-lək” və “Bürhani-həqiqət” məcmuələrinin bütün nömrələrini müxtəlif aspektlərdən təhlil etmişdir. İsrafil Məmmədovun 2002-ci ildə çap etdirdiyi “İrəvan dəftəri” kitabında “Lək-lək” və “Bürhani-həqiət” jurnallarının hər birinə ayrıca fəsillər ayrılmışdır.

“Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi haqqında heç bir məlumat yoxdur.

Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu üzərinə hücuma keçmişdi. Rusiyanın Türkiyə torpaqlarını işğalına yardım etmək üçün İrəvan şəhərində erməni könüllü dəstələri formalaşdırılır və bir müddət sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi. Lakin uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü gördü. “Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut, isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan etmişdi. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi.

İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdü. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndirilməsi üçün məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz), fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiqət”in müəllifləri idilər.

“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı.

1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Məcmuə azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı. Əli Məhzun “Bürhani-həqiqət”də yazdığı “Azadlıqmı, əsarətmi?” məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini ucaldaraq yazırdı: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayır. Hətta teatroya getməyə belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu (müraciət) etməli? Və kimdən əlac istəməli?”

“Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq – “Lüğətin lüğəti”, “Ədəbiyyata dair”, “Məişət məsələləri”, “Elmi məqalələr” və “Elanlar şöbəsi” başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələr vaxtında çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru “Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı.

1917-ci ildə İrəvanda “İrşad”, “İttihad”, “Yeni firqə”, sosial-demokrat təmayüllü “Müdafieyi məzluman” adlı firqələr, İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olmuşdur, lakin həmin dövrdə İrəvanda yalnız “Cavanlar şurası” adlı qəzetin buraxılması haqqında məlumat gəlib çatmışdır. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi. Nazim Axundovun tərtib etdiyi “Azərbaycanda dövri mətbuat (1832–1920)” biblioqrafik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan “Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci ildə nəşr edildiyi, tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mir Fətullayev tərəfindən redaktə olunduğu göstərilmişdir.

İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən, qəzetin redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəncə şəhərinə gəlmiş, orada jurnalistlik fəaliyyətini davam etdirmişdi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayında daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən “Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar.

1918–1920-ci illərdə Ermənistan daşnak hakimiyyəti dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində “Arev” (“Günəş”), “Aşxatavori dzayn” (Əməkçinin səsi”), “Aşxatanki droşak” (“Əmək bayrağı”), “Banvori xosk” (“Fəhlə sözü”), “Qordz” (“İş”), “Yerkir” (“Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı “soyqırım” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdi.

Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi “Kommunist”in adı çəkilir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü kimi İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə xalq ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri qeyd edir: “…təklifim əsasında Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala gəlmişdir.”

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı İstanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taboru var idi. Semih Hüseyn də bəzi türklər kimi Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən “Rəncbər” qəzetinin redaktoru olmuşdur.

1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da “Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət – Xalq Komissarları Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsilə ədliyyə komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan K(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk bölməsinin müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan K(b)P MK-nın və İrəvan Şəhər Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş qadınlar klubunun rəhbəri olmuşdu. Sonralar Bülbül Kazımovanın rəhbəri olduğu həmin klub azərbaycanlı qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı mübarizədə mühüm işlər görmüşdü. 1949-cu ilədək fəaliyyət göstərən qadınlar klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri fəaliyyət göstərirdi.

Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər” qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır.

Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri azərbaycanlıların doğma yer-yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik, Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdi. Qərarda deyilirdi: “İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan “Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin.”

Ermənistan K(b)P MK-nın nəzdindəki Türk bölməsinin müdiri Bala Əfəndiyev bölmənin 1922–1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi ki, 1923-cü ildən Ermənistan K(b)P MK-nın orqanı olan “Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış, əvəzində “Yeni fikir” qəzeti dərc edilmişdir ki, həmin qəzet də Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilməmişdir.

Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində 1925-ci il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistan K(b)P MK-nın və Ermənistan SSR Xalq Komissarları Şurasının orqanı kimi, “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. “Qızıl şəfəq” öz sələfi haqqında yazırdı: “Zəngi” qəzeti Ermənistanda yaşayıb da türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmişdir. Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaqdır.”

Bala Əfəndiyevin 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olmuşdur. 1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetinin redaktoru təyin edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistan K(b)P MK-nın ikinci katibi Ağasi Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını soruşmadan onu “Qızıl şəfəq” qəzetinə redaktor təyin etmişdir. Bu, ondan irəli gəlirdi ki, o vaxt Kommunist Partiyası qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi yetkinliyi baxımından yanaşırdı.

1932–1936-cı illərdə Mustafa Hüseynov yenidən “Qızıl şəfəq”in redaktoru təyin olunmuşdur. Türkiyədə doğulan Mustafa Hüseynovu redaksiyada qapıçı vəzifəsinə vaxtilə Türkiyədən gələn bir türk dostunu işə götürdüyü üçün həbs etmiş, ona “Türkiyənin agenti” damğasını vuraraq 1936-cı ildə güllələmişdilər. 1936-cı ilin noyabrından 1937-ci ilin aprelinədək “Qızıl şəfəq”in redaktoru Səfər Alməmmədov olmuşdur. Səfər Alməmmədov bir müddət Ermənistan SSR-də xalq ədliyyə komissarı, sonralar isə Azərbaycanda ədliyyə naziri olmuşdu.

1937-ci il oktyabrın 2-dən etibarən “Qızıl şəfəq” qəzeti “Kommunist” adı altında nəşr edilmişdir. Qəzet 1939-cu il sentyabrın 26-dan 1989-cu ilin sonunda nəşrini dayandıranadək “Sovet Ermənistanı” adı ilə çap olunmuşdur.

Sovetlər dönəmində bir qayda olaraq Kommunist Partiyasının və hökumətin mətbu orqanlarına abunə yazılışı üçün yerli təşkilatlar qarşısında plan qoyulurdu. Lakin Ermənistanın millətçi rəhbərləri Ermənistan K(b)P MK-nın, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetini abunə yazılması nəzərdə tutulan qəzetlərin siyahısına daxil etmirdilər. Bununla belə, qəzetin oxucularının sayı getdikcə artırdı. 80-ci illərin ortalarında qəzetin tirajı 10 min nüsxəyə çatmışdı.

1987-ci ilin sonlarından etibarən “Sovet Ermənistanı” qəzetinin redaksiyası öz əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi qayğısına qalmaqla yanaşı, həm də bütövlükdə Ermənistan ərazisində insan hüquqları kobudcasına pozulan, təzyiq və təqiblərlə üzləşən, ermənilərin zorakılıqlarına məruz qalan azərbaycanlıların hüquqlarının müdafiəçisi kimi çıxış etmək məcburiyyətində qalmışdı. Qəzetin baş redaktorunun imzası ilə azərbaycanlılara qarşı edilən təzyiqlər və zorakılıqlar barədə Ermənistanın və SSRİ-nin rəhbər orqanlarına müraciətlər edilir, soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlərin ələ alınması tələb edilirdi. Lakin “türksüz Ermənistan” siyasətini həyata keçirən Ermənistan rəhbərliyi ciddi tədbirlər görmək əvəzinə, azərbaycanlıları respublika ərazisini tərk etməyə məcbur edən erməni silahlı dəstələrinin hər cür özbaşınalıqlarını ört-basdır edirdi.

1988-ci ilin sonunda “Sovet Ermənistanı” qəzetinin əməkdaşlarının böyük əksəriyyəti Azərbaycana köçmək məcburiyyətində qalmışdı. İrəvandakı Opera teatrının qarşısında keçirilən mitinqlərin birində “Sovet Ermənistani” qəzeti ilə haqq-hesab çəkmək təklif olunmuş, mitinqçilər redaksiya binasını mühasirəyə almışdılar. Xüsusi təyinatlı dəstənin mitinqçiləri dağıtması nəticəsində redaksiyanın 20-yə yaxın əməkdaşı girov vəziyyətindən azad olunmuşdular.

Tarix elmləri namizədi İsrafil Məmmədov 1989-cu ildə “Sovet Ermənistanı” qəzetinin sonuncu redaktoru olmuşdur. Qəzetin əvvəlki redaktoru Zərbəli Qurbanovun İrəvanı tərk etmək məcburiyyətində qalmasından sonra Ermənistan rəhbərliyi “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirməyi İsrafil Məmmədova həvalə etmişdi. Həmin dövrdə müxbir, tərcüməçi və korrektor çatışmazlığı, ciddi erməni senzurası şəraitində qəzetin nəşrini davam etdirmək mümkün deyildi. Lakin Ermənistan rəhbərliyi orada yaşayan azərbaycanlıların heç bir problemi olmadığı təəssüratını yaratmaq məqsədilə hər vəchlə çalışırdı ki, “Sovet Ermənistanı” qəzeti nəşrini davam etdirsin. Çünki həmin dövrdə Bakıda ermənilər firavan şəkildə yaşayır və erməni dilində nəşr olunan “Kommunist” qəzeti, “Agitatator” jurnalı, Yazıçılar İttifaqının orqanı olan “Qrakan Adrbecan” (“Ədəbi Azərbaycan”) jurnalı həmişəki qaydada nəşr edilirdi. Lakin, əsasən, teletayp vasitəsilə alınan rəsmi materialları dərc etməyə gücü çatan “Sovet Ermənistanı” qəzetinin nəşrini davam etdirmək mümkün olmadı. 1989-cu ilin sonunda “Sovet Ermənistanı” qəzeti həmişəlik qapadıldı. Girov kimi İrəvanda qalan qəzetin redaktoru İsrafil Məmmədov 1990-cı ilin yanvarında hərbçilərin müşayiəti ilə Azərbaycan sərhədinə çatdırıldı.

Azərbaycan mətbuat tarixində silinməz iz qoyan “Sovet Ermənistanı” qəzetində Tofiq Məmmədov, Lətif Hüseynov, Cümşüd Sultanov, Rza Əsgərov, Əsgər Əsgərov, Nəcəf Şabanov, Nüsrət Sadıqov, Allahyar Rəhimov, Vidadi Quliyev kimi peşəkar jurnalistlər dəstəsi formalaşmışdı. Tarix elmləri doktoru Sabir Əsədov, filologiya elmləri doktoru, “Respublika” qəzetinin redaktoru Teymur Əhmədov, şair-publisist Hidayət Orucov, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri olmuş Babək Məmmədov, Milli Məclisin üzvü olmuş Eldar Səfərov əvvəllər “Sovet Ermənistanı” qəzetinin əməkdaşı olmuşdular.

“Sovet Ermənistanı” qəzetinin redaktorları bir qayda olaraq Ermənistan SSR Ali Sovetinin deputatı seçilir və Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olurdular. Qəzetin redaktorlarının bioqrafiyalarından görünür ki, 1961-ci ildən 1989-cu ilədək bir qayda olaraq “Sovet Ermənistanı” qəzetinin redaktorluğuna bundan əvvəl Amasiya Rayon Partiya Komitəsinin birinci katibi olmuş şəxslər təyin edilmişdir. Lakin bu qəzetin redaktorlarından Rza Vəlibəyovdan başqa heç birinə ömrünün sonunadək Ermənistanda yaşamaq nəsib olmamışdır.

Təəssüf ki, sovet hakimiyyəti illərində, İrəvan arxivləri azərbaycanlı tədqiqatçıların üzünə qismən açıq olduğu dövrdə İrəvanda Azərbaycan dilində nəşr olunan mətbuatın tarixi kifayət qədər araşdırılmamışdır. Yalnız tədqiqatçı alim İsrafil Məmmədov 1972-ci ilə İrəvanda müdafiə etdiyi “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyasında Çar Rusiyası dövründə – XX əsrin əvvəllərində İrəvanda nəşr olunan “Lək-lək” və “Bürhani-həqiqət” jurnallarını araşdırmışdır. Tədqiqatçı-jurnalist Qəzənfər Qəribov isə 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində “Ermənistanda Azərbaycan dilində dövri mətbuat orqanlarının meydana gəlməsi haqqında” müdafiə etdiyi diplom işində sovet hakimiyyəti illərində İrəvanda Azərbaycan dilində nəşr edilən qəzetlərin tarixçəsini diqqətlə araşdırmışdır.

İrəvan radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında da təcrübəli jurnalistlər və diktorlar çalışırdılar. Hər gün axşam yarım saat efirə buraxılan Azərbaycan dilində verilişdə rəsmi xəbərlərlə yanaşı, müxbirlərin əmək kollektivlərindən hazırladıqları reportajlar, müsahibələr, sonra isə bir qayda olaraq Azərbaycan musiqisindən ibarət lent yazıları səsləndirilirdi. 1988-ci ilin dekabrında Azərbaycan dilində verilişlər redaksiyası fəaliyyətini dayandırmalı olmuş, lakin azərbaycanlılar Ermənistanı bir nəfər kimi tərk etdikdən sonra belə, Ermənistan radiosunda Azərbaycan dilində verilişlər erməni diktorlarının səsi ilə siyasi məqsədlər naminə xeyli müddət davam etdirilmişdi.