Qərbi Azərbaycan İcması
Etiraf edilib-edilməməsindən asılı olmayaraq faktlar sübut edir ki, indiki Ermənistan ərazisi tarixən Azərbaycana məxsus olmuş türk torpaqlarıdır. Dolayısı ilə bunu erməni mənbələrinin özü də təsdiq edir. Azərbaycan xalqının ulu əcdadları tarixən yaşadıqları coğrafiyalarda zəngin mədəni irsə və bu torpaqlara sahib sakinlər olduqlarını əks etdirən təkzibolunmaz sübutlar qoyub getmişlər.
XVIII əsrə aid qravürdə İrəvan şəhərinin görüntüsü əks olunur. Həmin qravüranın ətraflı şəkildə öyrənilməsi göstərir ki, istər şəhərin quruluşu, istərsə də ayrı-ayrı yaşayış binaları və kult tikililəri orta əsr Azərbaycan şəhərlərinin quruluşu ilə eyni xüsusiyyət və formalara malikdir. Orta əsr səyyahlarının (məsələn, Evliya Çələbinin) əsərlərindəki qeydlər də həmin qravürlə üst-üstə düşür və sübut edir ki, İrəvan qədimdən Azərbaycan şəhəri olmuşdur.
İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində ilk rastlaşdığımız arxaik memarlıq abidələri menhirlərdir (fransızca men-daş, hir-uzun). Zəngəzur, Vedi, Qarakilsə rayonları ərazisində menhirlərə rast gəlinir. Yerli əhali arasında onlara “qoşun daş” deyilirdi. Bu daşların türk tayfaları tərəfindən daş qoşunları (qoşun daş) adlandırılması qədim animistik təsəvvürlərin və atalar kultunun nəticəsidir. Tayfa ağsaqqallarına sözsüz tabelik və pərəstiş atalar kultunu meydana gətirmişdi. Menhir daşlarına canlı məxluq, qüdrətli, hər şeyə qadir varlıq kimi baxılırdı. Qədim idrakın ənənəvi davamı əsasında bu daşlar canlı, silahlı insan dəstəsi kimi yad edilmişdir. Zəngəzur mahalının Qarakilsə qəsəbəsində e.ə. II minilliyə aid meqalitik tikili qalıqlar mövcuddur. Onlar Azərbaycanın digər ərazilərindəki (Xocalı, Ziyarətdağ – Daşkəsən, Böyük və Kiçik Qaramurad kəndləri – Gədəbəy) menhirlərlə eyni quruluşa və xüsusiyyətlərə malikdir. Yerli əhali hələ də həmin daşları müqəddəs varlıq hesab edir.
Maraqlıdır ki, menhirlərin Azərbaycanda dəmir dövrünün sonlarında (e.ə I minilliyin sonu, b.e. ilk əsrləri) yaradılmış insan fiqurları ilə müəyyən yaxınlığı var. Şamaxı rayonunun (Xınıslı, Dağkolanı) kəndlərindən tapılmış daş heykəllərin təhlili göstərir ki, bu heykəllər vəfat etmiş döyüşçünün ruhunun sonradan gəlib onu tapması üçün qəbrinin üzərində qoyulurmuş. Eynilə, menhirlər də ölmüş döyüşçünün ruhunu simvolizə edirdi. Göründüyü kimi, Qərbi Azərbaycan ərazisindən tapılan menhirlər ilə digər ərazilərdəki qədim türk heykəllərinin ideoloji əsası eynidir. Azərbaycan ərazisində yaşayışın ən qədim izlərini həm də qayaüstü təsvirlərdə axtarmaq doğru olardı.
Zəngəzur mahalının Qarakilsə və Loru mahalının Soyuqbulaq kəndi yaxınlığındakı Armudlu və Qaçaqqırılan dərələrində e.ə V-IV və e.ə III-II minilliklərə aid qayaüstü təsvirlər vardır. Həmin qayaüstü təsvirlərin Qobustan, Şüvəlan (Abşeron), Gəmiqaya (Naxçıvan MR) və Kəlbəcər dağlarında aşkar olunmuş qayaüstü təsvirlərlə stillistik oxşarlığı, fiqurların plastikliyi, şərtiliyi, sxematikliyi, təsvir məkanında fiqurların düzümü, təsvirlərin (insan, at, keçi, maral, tur, pələng, canavar və s.), rəqs və ov səhnələrinin identikliyi ulu əcdadlarımızın həyat və məişətini, dünyadərkini özünəməxsus, maraqlı dillə çatdırmaqla yanaşı, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan türklərinə məxsus olduğunu aşkar surətdə sübut edir.
Soyuqbulaq kəndi yaxınlığında aşkar olunmuş təsvirlər arasında xüsusilə diqqət çəkəni şərti, sxematik və sərt konturlarla çəkilmiş, üstündə əjdaha təsviri olan maral rəsmidir. Maral təsviri bolluq və bərəkətin, əjdaha isə şər qüvvələrin rəmzi hesab olunur. Maral və əjdaha təsviri Azərbaycan incəsənətində geniş yer almış motivlərdən biridir. Hələ 1898-ci ildə rus alimi A. Bobrinski Qarabağda qazıntı işləri aparan alman dili müəllimi E.Reslerə məktubla müraciət edərək Qarabağ xalçalarında rast gəlinən “S” hərfinə bənzər naxışın mənşəyini öyrənməyi xahiş etmiş və yazmışdır: “…Mən əminəm ki, hazırda rəmzi mahiyyətli bu bəzək uzaq keçmişdə real varlığı təmsil etmişdir. Ona görə də biz bunun əcdadını canlı təbiətdə axtarmalıyıq…”.
Həqiqətən də, incəsənətimizə əjdaha motivinə geniş yer verilməsi əbəs yerə olmamışdır. Bu motiv uzaq keçmişlərdə elə indi də türk dilli xalqların həyatı, məişəti, folkloru, mifologiyasında önəmli yer tutmuşdur. Hətta bu günədək ilan və əjdaha totemi ilə əlaqədar yer adlarına rast gəlinir. Naxçıvanda “İlan dağ”, Qazaxda “Əjdaha qayası”, Göyçə gölü ətrafındakı bir çox yerlərdə, Karvansara (indiki İcevan) rayonunun Çallı kəndində “Əjdaha yurdu”, Basarkeçər rayonunun Zod kəndində “Əjdaha qayası” və s. adlanan yerlər buna misaldır. Əjdaha obrazı “Məlikməmməd”, “Tapdıq”, “Qara at” və s. kimi Azərbaycan xalq nağıllarında geniş yer almışdır. Bu nağıllarda əjdaha əsasən şər qüvvələri təmsil edir. Azərbaycan alimi, folklorşünası M.Ə.Seyidov göstərir ki, türkdilli xalqlar arasında yayılmış “əjdaha” sözü fars sözüdür. Türklər bu sözü əjdahadan əvvəl “buka” kimi işlədirdilər. Tədqiqatçıların fikrincə, erkən orta əsrlərdə “Buka” həm qəbilə onqonunun adı, həm də qəbilənin dini və dünyəvi rəhbərlərinə verilən ad olmuşdur. Qarabağın xovlu xalçaları, o cümlədən “Vərni” adlı xalılarda sayı 16, 20, 24-ə çatan əjdaha rəsmlərinə rast gəlinir. Stilizə edilmiş əjdaha rəsmlərindən təşkil olunan paxlava kompozisiyası sxemində toxunan, xalq arasında “Xətai” adlandırılan xalılar İstanbulda Topqapı, Xalı, Nyu-Yorkda Metropoliten, Budapeştdə Dekorativ Sənətlər Muzeyində saxlanılır. Əjdaha təsvirinin Qafqaz, İran və Anadoluda yayılmasının səbəbi türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan qərbə doğru axını ilə əlaqədardır.
Görkəmli türk alimləri Ə.Esin, O.Aslanapa, N.Diyarbəkirli və fransız sənətşünası Ameranq Saqızyan bu fikri təsdiq edirlər. Erməni mənbələrinin özləri də bəzən dolayısı ilə bu fikri təsdiq edirlər. Bəzi erməni tədqiqatçıları Azərbaycana məxsus xalçalar üzərindəki ornament və təsvirləri əsas gətirərək həmin xalçaların guya ermənilərə məxsus olmasını iddia edirlər: “Xalçaçılıq sənətində analaoqu olmayan vişapaqroq (əjdaha xalçası) adlanan erməni xalçaları cürbəcürdür. Ara sahənin əsas mərkəzi erməni folklorunda xeyirxah və şər qüvvələri təmsil edən “vişap” (əjdaha) təsviridir”. Erməni sənətşünası Nonna Stepanyan özünün “Erməni incəsənəti” (1989) adlı kitabında erməni xalçaçılığından bəhs edir. Qarabağ qrupuna aid Azərbaycan xalçasının təsvirini verərək bu xalçanın 1700-cü ilə aid olduğunu qeyd edir və erməni “Qoar” xalçası kimi təqdim etməyə çalışır, lakin həmin xalçanın Qarabağ xalça məktəbinə aid olan “Çələbi” xalçası olduğunu xüsusi olaraq sübut etməyə ehtiyac duymuruq. Çünki erməni müəllif özü də xalçanın adını ingilis dilində “Gohar” olaraq göstərmişdir. Əslində isə, bu ad xalçanı toxuyan qadının adından götürülmüşdür. Qeyd etdiyimiz kimi üzərində əjdaha təsvirinə rast gəlinən həmin xalı Qarabağ xalçaçılıq məktəbinə aiddir. Azərbaycan dilində bu söz “Gövhər” yazılır, danışıqda isə “Göhər” şəklində işlədilir.
Bir sıra erməni mənbələrində üzərində səkkizguşəli təsvirlər olan xalçalardan da söhbət gedir ki, səkkizguşəli ulduzun da ermənilərdə hansı anlamı ifadə etdiyini anlamaq çətindir. Səkkizguşəli ulduz formasına ermənilərin Eçmiədzin adlandırdıqları Üçkilsə alban-türk xristian məbədinin mərkəzi günbəzinin daxilində də yer verilmişdir. Buradakı ornamental naxış və bəzəklər Azərbaycan xalçalarının kompozisiyalarını, miniatürlərin rənglərini xatırladır. İrəvan şəhərindən arxeloji qazıntılar zamanı aşkar olunmuş e.ə II-I minilliklərə aid saxsı qabların üzərində müqəddəs üçlüyün simvolu olan həndəsi naxışlara rast gəlirik.
Qərbi Azərbaycanın incəsənətindən danışarkən bu ərazilərdə təsadüf olunan daş qoç fiqurlarını xüsusi olaraq qeyd etmək lazımdır. Çünki onlar həm sayının çoxluğuna həm də qeyd olunan ərazidə, demək olar ki, hər kənddə rast gəlinməsinə, üslub xüsusiyyətlərinin müxtəlifliyinə və Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Lerik, Gədəbəy və Azərbaycanının başqa rayonları, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən tapılan qoç və at fiqurları ilə oxşar xüsusiyyətlərə malik olmasına görə diqqət çəkir və birmənalı olaraq bu ərazilərin qədim türk torpaqları olduğuna heç bir şübhə yeri qoymur. Qoç çox qədimlərdən ulu babalarımızın bolluq və qələbə simvoluna çevrilmişdir. Qoç fiqurlarına bir çox yerlərdə rast gəlinir. Xalçalardan tutmuş nağıllara, evlərin giriş qapısında asılmış qoşa qoç buynuzu, milli mətbəxinə qədər Azərbaycan xalqının həyatında, demək olar ki, qoç təsvirlərinə hər yerdə rast gəlinir. Azərbaycanın bir çox rayon və kəndlərində çəpər dirəklərinə, eyvanların sütunlarına, bərəkət və qüvvət rəmzi olaraq qoç buynuzlarının bərkidilməsi adəti indi də saxlanılmaqdadır.
Şifahi xalq ədəbiyyatımızda, xalq nağıllarımızda, rəvayətlərdə, sayaçı sözləri və sanamalarda, bayatılarda, dastanlarda, bir sözlə, hər yerdə qoç motivi ilə qarşılaşırıq. Təsadüfi deyil ki, türk xalqlarının ortaq kültürünün bariz nümunəsi Koroğlu dastanının baş qəhrəmanına da Qoç Koroğlu deyə müraciət olunur. Qoçu bir totem kimi təmsil edən təsvirlər içərisində daşdan yonulmuş qoç fiqurları bizim üçün olduqca böyük maraq kəsb edir. Hələ 1834-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Dübua de Monpare Qarabağda çoxlu daş heyvan fiqurları gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. Daş qoç fiqurlarımız haqqında rus alimi 1926-1927-ci illərdə Azərbaycanda olmuş V.M.Sısoyevin yazılarında rast gəlirik. “… burada qıvrım buynuzlu bir qoç fiquru gördüm, uşağı olmayan qadınlar arasında belə bir şayiə yayılmışdır ki, kim bu qoçun ayaqları arasından sürünərək o biri tərəfə keçərsə, onun mütləq uşağı olacaqdır.”
Rast gəldiyimiz daş qoç abidələri Qərbi Azərbaycanın plastik sənəti, onları düzəldən ustanın fərdi yaradıcılığı, kompozisiya, rəsm, daş işləmə və oyma bacarığı haqqında təsəvvür oyadır. Qərbi Azərbaycanın Zəngəzur, Göyçə mahalları və digər kəndlərində tapılan daş qoç fiqurlarının təsvirləri sovetlər dönəmində Azərbaycan alimləri (Akademik Rasim Əfəndi, tarix elmləri doktoru Məşədi xanım Nemətova və b.) tərəfindən öyrənilmişdir. Zəngəzur mahalının Urud kəndində, Göyçə mahalının Zod kəndində Boz burnu təpəsi, Beş daş, Daş axur, Böyük Qonur adlandırılan yerlərdə çoxlu qəbirüstü sənduqələr və qoç heykəlləri aşkarlanmışdır. Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati, həndəsi ornament motivləri, yazılar, bəzi hallarda isə, əsl mənada, süjet xarakterli kompozisiyalar təşkil edir. Fiqurların dekorativ bəzəkləri yığcam və lakonik səpkidə icra edilmişdir.
Urud kəndindəki 1578-ci ilə aid daş qoç fiqurunun dekorativ bəzəkləri diqqət cəlb edir. Qoç fiqurunun dekorativ bəzəkləri qoçun belində stilizə edilmiş nəbati naxışlardan, sağ yan hissəsində isə həkk olunmuş süjetli kompozisiyadan ibarətdir. Üfüqi istiqamətdə quyruq hissəsindən tutmuş qoçun boynunadək uzanan kompozisiyada ov səhnəsi təsvir olunmuşdur. Kompozisiyanın ən maraqlı hissəsi döş hissədə oyulmuş təsvirlərdir. Başında dik papağı olan kişi iki əlini mehrab qarşısında yuxarı qaldıraraq dua edir. Şamanizmlə bağlı dini ayinləri təsvir edən bu analoji süjetlərə Azərbaycanın digər ərazilərində də kifayət qədər rast gəlmək mümkündür.
Göyçə mahalının Zod kəndindəki “Beş daş” adlandırılan yerdə beş ədəd daş qoç fiquru var idi. Həmin fiqurların üzərində oyma üsulu ilə işlənmiş həndəsi naxışlara rast gəlinirdi. Fiqurlar yerli daşdan yonulmuş və öz plastikliyi, realizmi və ümumi görünüşünün monumentallığı ilə diqqəti cəlb edirdi. Bu isə daş qoç fiqurlarına yerli əhali arasında sanki canlı və müqəddəs varlıqlar kimi yanaşılmasına şərait yaradırdı. Bu daşların üstündə yerləşdiyi təpə güman ki, kütləvi qəbir yeri və ya kurqan olmuşdur. Qeyd olunan kəndin əhalisi tərəfindən “Böyük qonur” adlandırılan yerdə isə çoxlu sayda daş qoçlara və əlində çomağı olan çoban fiquru var idi. Rəvayətə görə çobanın sürüsü və özü susuzluqdan əziyyət çəkirmiş. Çoban su taparsa, qurban kəsməyi niyyət tutur və dua edir. Onun duası qəbul olunur və çomağını vurduğu yerdən bulaq qaynayır. Özü və sürüsü susuzluqdan xilas olan çoban qurban kəsmir. Bundan qəzəblənən Allah çobanın özünü və sürüsünü əbədi daşa döndərir.
Daş qoç fiqurlarının ən qədimi Mərkəzi Asiyada (Xakasiya və Qazaxıstanda) aşkar olunmuşdur. Onların ən qədiminin e.ə. II minilliyə aid olduğu bildirilir. Bundan əlavə, indiki İranın şimal qərbində (Göytəpə və s.), Türkiyənin şərq əyalətlərində (Diyarbəkr və s.) tapılan, Monqolustanda Ulan-Bator şəhərinin 400 km qərbində yerləşən VIII əsr türk xaqanı Gültəkinin məzarı üzərində qazıntı işləri aparan rus alimi V.Radlov, ingilis alimi H.Heykel, fransız alimi De Laykonun aşkar etdiyi iki ədəd mərmər qoç fiqurunun təhlili bir daha sübut edir ki, onlar Qərbi Azərbaycandan aşkar olunan daş qoç fiqurlarla üslub etibarı ilə bir-birinə çox bənzəyir.
Qərbi Azərbaycanda daş qoç fiqurları ilə yanaşı qəbirüstü daş sənduqələrin üzərində verilən yazılar və təsvirlər diqqət çəkir. Urud kəndi ərazisindən aşkar olunmuş daş qoç fiqurlarının birinin üzərində “Əmirəmin oğlu İftixar. 986-cı il (Miladi 1578/79), Allah, Məhəmməd, Əli, avaldi-avğvan” sözləri yazılmışdır.
Qərbi Azərbaycan incəsənətinin ən maraqlı nümunələri divar rəngkarlığı sahəsində öz əksini tapmışdır. Klassik poeziya və müxtəlif dövrlərdə ölkəmizdə olmuş səyyah, rəssam və alimlərin rəsm və yazıları, XIV-XVII əsr miniatürlərində rast gəlinən divar bəzəkləri və digər faktlar bu sənətin Azərbaycanda qədim tarixə malik olduğunu, ornamental naxışlarla bərabər, həm də süjetli təsvirlərin mövcudluğunu, bədii üslub xüsusiyyətlərinə görə miniatür sənətinin təsiri altında inkişaf etdiyini sübut edir.
Ermənilər tərəfindən məqsədli şəkildə məhv edilmiş İrəvan sərdarı Hüseynqulu xanın sarayındakı divar rəsmləri bizim üçün böyük önəmə malikdir. Sarayın, xüsusən güzgülü zalın memarlıq quruluşu və dekorativ tərtibatı öz orijinallığı, zənginliyi ilə hamını valeh edirdi. 1827-ci ildə rus şairi A. Qriboyedov bu sarayda olmuş və öz “Ağıldan bəla” əsərinin tamaşasına baxmışdır. A.Qriboyedov, baron Avqust fon Haksthauzen, rəssam V.Moşkov və Q.Qaqarin öz yazıları və şəkillərində sarayın divar rəsmlərinə aid son dərəcə maraqlı məlumat vermiş, buradakı çoxfiqurlu batal (döyüş) səhnələri və portretləri yüksək qiymətləndirmişlər. Həmin faktoloji materiallar bir-birini tamamlayaraq sarayın 1850-ci ilə illərdə görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvani tərəfindən bərpa olunmasına qədərki vəziyyəti, təsvirlərin forma və məzmunu, ifaçılıq tərzi və üslub xüsusiyyətləri haqqında müəyyən məlumat verir.
Sarayın divarlarında, xüsusən güzgülü zal və şəbəkəli yay pavilyonunda müxtəlif ornament motivləri, gül-çiçək dəstələri, heyvan və quş təsvirlərindən ibarət dekorativ kompozisiyalarla bərabər məişət səhnələri və Ə.Firdovsinin “Şahnamə” əsərindən götürülmüş qəhrəmanlıq epizodları da təsvir olunmuşdur. Belə epizodlardan biri Rüstəmin İsfəndiyarla dueli, daha sonra onun divlə vuruşması kimi batal səhnələr, digər kompozisiyalarda isə lirik səpkidə işlənmiş məhəbbət və müxtəlif məişət mövzuları təsvir olunmuşdu. Sarayın yay zalında isə Nadir şah Əfşarın Hindistan səfərindən alınmış müxtəlif epizodları təsvir edən çoxfiqurlu kompozisiyalar mövcud olmuşdur. Burada həmçinin Fətəli şahın, Abbas Mirzənin, Hüseynqulu xanın portretləri və s. əsərlər də yerləşirdi. Sarayın interyerini təsvir edən naməlum müəllif Sərdar sarayının təsvirlərindən bəhs edir və onların Şərq miniatür sənətinin təsiri altında işləndiyini, lakin işıq-kölgə effektlərindən istifadə olunduğuna görə Avropa incəsənətinin bədii təsirini əks etdirdiyini göstərir.
Qərbi Azərbaycan incəsənətindən bəhs edərkən XIX əsrdə yaşamış görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin (1825–1875) adını çəkməmək mümkün deyil. Mirzə Qədim portret və ornament ustası olmuş və Azərbaycanda realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynamışdır. O, ilk bədii tərbiyəsini taxta üzərində oyma sənətinin mahir ustası olan atası Məhəmməd Hüseynidən almışdır. İbtidai təhsilini Üsuli-cədid məktəbində başa vuran Mirzə Qədim Tiflisə getmiş və orada progimnaziyanı bitirmişdir. 1840-cı illərdə İrəvan şəhərinə qayıdaraq ömrünün son günlərinə qədər poçt teleqrafçısı vəzifəsində çalışmışdır.
Rəssamın yaradıcılığını erkən (1850-ci illərədək olan dövr), təkmilləşmə (1850-ci illər) və son püxtələşmə (1860–1870-ci illər) dövrləri olmaqla üç dövrə ayırmaq olar. Yaradıcılığının ilk dövründə o, əsasən, dekorativ sənət sahəsində fəaliyyət göstərmiş, divar rəsmləri və bədii tikmələr üçün rəsm və trafaretlər çəkmişdir. Onun bu qəbildən olan əsərlərində stilizə edilmiş nəbati ornamentlər, mürəkkəb kompozisiyalar əks olunur. Qızılgül, zanbaq və s. kimi, gül və çiçəklərin, müxtəlif quşların canlı, real təsviri verilir. Mirzə Qədimin bu əsərləri bədii formanın həllinə görə klassik miniatürlərdən fərqlənir. Bu da milli təsviri sənətimizdə Avropa təsviri sənətinin realistik təsvir metodlarına müraciət olunduğunu göstərir. Mirzə Qədim dekorativ səpkili ornamental-bəzək kompozisiyaları ilə yanaşı, kağız, şüşə və güzgü üzərində tempera və yağlı boya ilə bir neçə portret çəkmişdir. Bu əsərlər, o cümlədən “Süvari”, “Rəqqasə” və “Dərviş” adlı portret əsərləri koloritinə görə şərti dekorativ, obraz həllinə görə sxematik planda işlənmişdir.
Bədii yaradıcılığının təkmilləşmə dövründə təsadüf edən əsərlərində Mirzə Qədim artıq bir rəssam olaraq şöhrət tapmış istedadlı sənətkar kimi, İrəvan sərdarı Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini bərpa etmək üçün dəvət almışdır. Burada rəssam sarayın otaqlarını, o cümlədən güzgülü zalın divarlarını bəzəyən köhnə dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər bir neçə orijinal əsərlər və tarixi şəxslərin portretlərini yaratmışdır. 100 x 200 sm ölçülərində olan iri kətan parçalar üzərində yağlı boya texnikasında işlənərək divarlara yapışdırılmış bu əsərlər monumentallığı, ifaçılıq tərzi və icra texnikasına görə milli təsviri sənətimizdə tamamilə yeni keyfiyyətli əsərlərin meydana gəlməsi demək idi. Rəssamın erkən dövr yaradıcılığına məxsus əsərlərindən fərqli olaraq bu pannolarda mücərrədlikdən uzaq konkret tarixi şəxslərin – Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Hüseynqulu xanın və qardaşının portretləri təsvir olunur.
Mirzə Qədim İrəvaninin yaradıcılığının son püxtələşmə dövrünü hazırda məlum olan ən qiymətli əsərlərinin yaradılması dövrü kimi xarakterizə etmək olar. “Oturmuş qadın”, “Vücuulla Mirzə”, “Şah Tələt” (Gürcüstan İncəsənət Muzeyi), “Molla”, “Şərq qadını”, “Naməlum qadın”, “Oturmuş qadın” (bu əsər XIX əsr rəssamın “Qacar üslubu”nda yaradılmış ən qüvvətli əsəri hesab olunur), “Şahzadə arvadı ilə”, “Şah və vəziri” və s. kimi əsərləri bu dövrdə yaradılmışdır. Həcmlik, zəif də olsa, işıq-kölgə təzadı, xəfif rəng keçidi və perspektiv qanunlarından istifadə Mirzə Qədim İrəvaninin müasir formalı realist boyakarlığın bəzi xüsusiyyətlərinə yiyələndiyini sübuta yetirir.
Klassik Azərbaycan miniatürü, xalq sənətinin zəngin ənənələri və dəzgah rəngkarlığının realist formasına əsaslanan Mirzə Qədimin yaradıcılığı milli təsviri sənətimizin inkişafında yeni bir mərhələ təşkil edir. Bununla da Azərbaycan təsviri sənətində şərti dekorativ üslubdan keyfiyyətcə yeni realist sənətə keçid başlanır.
Ərazisində mədəniyyətimizin bu qədər zəngin nümunələri olan Qərbi Azərbaycanda XX əsrin əvvəllərində Rusiyanın köməyi ilə Ermənistan dövlətinin qurulmasından sonra ötən 100 ilə yaxın bir müddətdə minlərlə maddi mədəniyyət nümunələrimiz məhv edilmiş, məqsədli, planlı surətdə milli mədəniyyətimizin nişanələri yer üzündən silinmiş və bu ərazidə yaşayan Azərbaycan türkləri zaman-zaman öz doğma yurdlarından didərgin salınmışdır. XVI əsrin əvvəllərinə aid tarixi sənədlər (məsələn, Çuxursəəd bəylərbəyi Rəvanqulu xanın Şah İsmayıla yazdığı məktub, 1519-cu il) göstərir ki, Van gölünün sahillərinə, oradan da indiki Ermənistan ərazisinə köçürülən ermənilərin sayı cəmi 15 min nəfər təşkil edirdi. 1829–1832-ci illərdə isə bölgədə əhalinin siyahıya alınmasını aparan rus məmuru İ.Şopen buradakı erməni əhalisinin sayını 25 min civarında göstərir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına köçürülən ermənilərin sayı artaraq 1 milyon 300 min nəfərə çatmışdı.
N.Şavrov özünün “Cənubi Qafqazda rus işinə yeni təhlükə” (1911) əsərində ermənilərin yerli deyil, köçürülmə əhali olduqlarını göstərir. 1978-ci ildə isə Ağdərə rayonunun Mehmanə kəndində ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyinə həsr olunmuş abidə qoyulmuşdu. Həmin abidənin üzərində erməni dilində “MARAĞA 150” yazılmışdı. Bu isə ermənilərin Qafqaza indiki İran ərazisindən köçürüldüyünü şəksiz-şübhəsiz sübut edirdi. Hətta bu gün “Dənizdən dənizə Böyük Ermənistan” ideyasından danışan bəzi erməni ideoloqlarının özü həmin abidənin qarşısında foto çəkdirmişdilər. Lakin 1991-ci ildə ermənilər artıq öz saxta torpaq iddiaları ilə üst-üstə düşməyən bu tarixi faktı yer üzündən silmək məqsədi ilə həmin abidənin sökülməsinə qərar verdilər.
İ.Şopen 1832-ci ildə təkcə İrəvan şəhərində 12 məscid, 9 hamam qeydə almışdır. Həmin məscidlərin adları və yeri nəinki tarixi sənədlərdə öz əksini tapır, hətta 1960-cı illərə qədər İrəvanda yaşayan azərbaycanlılar bunu əzbər olaraq hafizəsində saxlamışlar. Rus ordusunun müsəlman türk şəhəri olan İrəvan qalasının işğal etməsini təsvir edən rəssam Rubonun 1827-ci ilə aid rəsm əsəri şəhərin görüntüsünü əks etdirir. Həmin rəsmdəki müsəlman məscidlərinin gümbəzləri və minarələrinin çoxluğunu görməmək üçün sadəcə kor olmaq lazımdır. Bütün bunlar vaxtilə ayrı-ayrı dövlətlərin imperialist maraqlarına uyğun olaraq Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin milli mədəniyyətimizə qarşı əsl təcavüz siyasəti yeritdiklərini inkarolunmaz faktlarla sübut edir.
Erməni mənbələrinin özləri də təsdiq edir ki, bu ərazidə yaşadıqları müddət ərzində erməni mədəniyyəti adı altında yaratdıqları incəsənət “əsərləri” elə türk mədəniyyətinin təsiri altında yaradılanlardan ibarətdir. Məsələn, tanınmış erməni rəssamı Martiros Saryan yazırdı: “… demək olar ki, Konstantinopolda iki ay yaşadım və bu müddət ərzində mən çox yaxşı işləyə bildim. Buranın küçələri, həyat ritmi, parlaq toplum və xüsusən möhkəm ailə dayaqları mənim üçün böyük maraq kəsb edirdi.” Yaxud “Mənim Şərqi anlamaq, onun xarakterik əlamətlərini tapmaq məqsədim vardı ki, öz əsərlərimi daha da əlvan edim. Şərq realizmini tamaşaçıya çatdırmaq, bu dünyanı daha da inandırıcı surətdə vermək istəyirdim”. Minlərlə belə etirafdan təkcə bir bu kifayətdir ki, fikrimiz təsdiq olunsun. Sonda yenidən əvvəlki fikrə qayıdaraq qeyd etmək istərdim ki, mədəniyyət keçmişinin daşıyıcısı kimi xalqımızın Qərbi Azərbaycandakı minillərlə yaşı olan tarixini yaşadır və heç bir işğal faktı onun izlərini yaşadığı coğrafiyalardan silib ata bilməz.
Tarixi mənbələr və alimlərin araşdırmaları göstərir ki, indiki Ermənistan adlandırılan ərazilərdə Azərbaycan türklərinə məxsus çoхsaylı maddi mədəniyyət nümunələri mövcud olmuşdur. Lakin, demək olar ki, onların hamısı ermənilər tərəfindən məqsədli şəkildə məhv edilmişdir. Bunun səbəbini başa düşmək bir o qədər də çətin deyil. Birincisi ona görə ki, erməni tarixçiləri və siyasətbazları imperialist dövlətlərin marağına xidmət edən siyasətin nəticəsində tarixi türk torpaqlarında məskunlaşdıqlarını inkar etmək, guya buranın əzəli sakinləri olduqlarını sübut etmək məqsədi ilə tarixi saxtalaşdırmağa cəhd göstərirlər. Digər tərəfdən də ermənilər tərbiyə məsələlərində daim etnik millətçilik fəlsəfəsinə əsaslanan saxta, mürtəce metodlara üstünlük verirlər. Onlar yalnız türklərə qarşı deyil, hətta başqa xalqlara qarşı da millətçilik mövqeyində dayanmışlar. Lakin faktlar erməni siyasətinin iç üzünü açıb göstərir, onların saxtakarlığını ifşa edir.
Ölkəmizə səyahət etmiş bir çox səyyahların, o cümlədən XVIII əsrdə Azərbaycanda olmuş məşhur türk səyyah və diplomatı Evliya Çələbinin qeydlərində qədim şəhər və kəndlərimizdəki məscidlər, karvansaralar, qalalar və digər memarlıq abidələri haqqında məlumat verilir. Onun qeydlərinə əsasən demək olar ki, Qərbi Azərbaycanın ərazisində hər bir yaşayış məskənində dini ibadətgahlar, Azərbaycan türklərinə məxsus memarlıq abidələri, məscidlər və müqəddəs ziyarətgahlar mövcud olmuşdur.
Məlumdur ki, indiki Ermənistan ərazisi, xüsusən İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar və digər mahalları çoхsaylı alban və müsəlman abidələri ilə zəngindir. “Burada 150-ə yaxın (dəqiq 147) iri və xırda məscidlər, qəbirlər, onlarla karvansara, qalalar, hamamlar, daş körpülər və bazarlar olmuşdur.” Onlara Qərbi Azərbaycan incəsənətini öyrənməyə imkan verən olduqca maraqlı abidələr, məzar daşları, at, qoç fiqurları və onların üzərindəki təsvirləri misal göstərə bilərik.
Məzar daşlarını bir neçə qrupa ayırmaq olar: müxtəlif formalarda yonulmuş şaquli başdaşları (stellalar), üfüqi sənduqə tipli qəbir daşları (sarkofaq), at və qoç fiqurlu heykəllər. Məzarüstü daşlar dəfn olunan şəxsin sağlığında cəmiyyətdəki mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilirdi. Aydın məsələdir ki, dövlətli şəxslərin məzar daşları daha bəzəkli və zərif üslubda işlənirdi (Bu Azərbaycanın digər ərazilərində də eynilə belə idi). Bunlar yalnız bəzək kimi deyil, həm də mərhumun cinsini, həyatını və peşəsini əks etdirmək üçün istifadə olunurdu. Bir çox məzar daşlarının üzərində böyük məharət və ustalıqla oyulmuş həndəsi, nəbati ornamentlərlə yanaşı, insan, heyvan, quş fiqurlarına və hətta əsl mənada süjet xarakteri daşıyan kompozisiyalara qılınc, qalxan, at, qoç, qartal, təsbeh, rəhil, iynə-sap, qayçı, güzgü və s. rəsmlərə rast gəlinir. Alimlər bunları gənclərin, ruhani ağsaqqalların və qadın məzar daşlarının üzərində müvafiq olaraq paylandığını və bu təsvirlərin dəfn olunanın ictimai mövqeyi, peşəsi və həyatı ilə bağlı olduğu qənaətindədir: “Məzar daşları üzərində bir çox simvolik mahiyyət daşıyan rəsmlərə də rast gəlinir. Bunlardan: İslamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və ya zolaqlı dairə və s. naxışları göstərmək olar”.
Məzar daşlarının üzərindəki bəzəklərin əksəriyyətini nəbati ornamentlər təşkil edir. Görkəmli rus alimi Е.Q.Yakovlevin “İncəsənət və dünya dinləri” (1985) adlı kitabını xatırlamaq yerinə düşərdi. O, İslam ölkələri incəsənətinin təhlili nəticəsində ornamental bəzəklərin simmetriya əsasında qurulduğunu qeyd edir. Bu fikir akademik Rasim Əfəndi tərəfindən də təsdiqlənir: “Adətən simmetriya əsasında qurulmuş nəbati ornamentlərdə budaqlar əsas ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edir”. Azərbaycanın bir çox ərazilərində aşkarlanan qəbirüstü daşlarda olduğu kimi qərb torpaqlarında da məzar daşlarının üzərində epitafiya (məzar kitabəsi) şəklində geniş yayılmış yazılara rast gəlinir. Burada vəfat edənin fəlsəfi kəlamları, görkəmli şair və aşıqların şeirlərindən beytlər, dua və ya şifahi xalq ədəbiyyatından götürülmüş ağılar və s. yazılar əks olunur.
Qəbirlər üzərindəki təsvirlər stilistik baxımdan digər ərazilərimizdəki məzar daşları ilə genetik oxşarlığa malikdir. Bu ornamentlərin zərifliyi, yüksək zövqlə işlənməsi, ifadəliliyi diqqəti cəlb edir. Süjetli kompozisiyaların əksəriyyəti mərhumun əxlaqi keyfiyyətlərini, şücaətini, mərdliyini və peşəsini bildirən mövzuları əhatə edir. Kişi məzarüstü daşlarının üzərində ov səhnələri, qadınlarda isə xalçaçılıq sənəti ilə əlaqədar səhnəciklər əsas yer tutur. Qərbi Azərbaycan ərazisində məzar daşlarının və qoç heykəllərinin bariz nümunələrinə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndindəki orta əsr qəbiristanlığında rast gəlinirdi. Sovetlər dönəmində akademik Rasim Əfəndi Qərbi Azərbaycanın ərazisini, demək olar ki, qarış-qarış gəzmiş və bu torpaqların tarixən türklərə məxsus olduğunu sübut edən yüzlərlə faktlar qeydə almışdır.
Elə Urud kənd qəbiristanlığındakı 1575-ci ilə aid sənduqə tipli məzar daşı da ilk dəfə onun tərəfindən təsvir və təhlil edilmişdir. Sənduqənin yan hissəsində süjetli təsvirlər yerləşdirilmiş, üstündə ərəb dilində, süls-nəsx xətti ilə yazılmışdır: “Allah ya Məhəmməd Xan İbn Mənahid. Hicri, 983-cü il”. Sağ tərəfində ornametal tağlarla biri-digərindən ayrılmış dörd süjet həkk olunmuşdur. Birinci tağın arasında uzun hörüklü, qucağıuşaqlı qadın, ikincidə bir əlində balta, digərində kəmənd tutmuş hündürboy kişi və onun yanında gənc oğlan, üçüncüdə isə gənc oğlanla qızın təsviri verilmişdir. Dördüncü “T” şəkilli tağın arasındakı təsvirdə isə naməlum heyvanın üzərində oturaraq qanadlarını gərmiş iri bir quş fiquru həkk olunmuşdur. Akademik R.Əfəndi bu quşun qədim türkdilli xalqlarda totem hesab olunan müqəddəs “unu-quşu” olduğunu qeyd edir. Mənbələr göstərir ki, oğuz türkləri bu quşu müqəddəs hesab edirdilər. Kitabi-Dədə Qorqudda bu haqda məlumat öz əksini tapmışdır: Uzaq keçmişlərdə bu quş-onğon türk tayfalarının həyatında oynadığı böyük rola görə onun ya taxtadan yonulmuş, ya da keçədən hazırlanmış fiquru hər evin yaraşığına çevrilmişdir. Hətta nahar vaxtı hər bir şəxs xoş bir əlamət kimi ilk loxmanı onun ağzına qoyarmış.
Daş düzbucaqlı sarkofaqın üz hissəsində dekorativ relyefli çərçivə ilə haşiyələnmiş və şaquli istiqamətdə üç hissəyə ayrılır. Alt güşədə səkkizguşəli xonça yerləşdirilmişdir. Sarkofaqın digər yan hissəsində isə ay və günəşin stilizə olunmuş dekorativ təsvirləri arasında üç süjetli kompozisiya verilmişdir. Burada kənarlarında badamı formada oyulmuş oyuqda buğdanı (bərəkət rəmzi olaraq) simvolizə edən oyuqlar vardır. Məzar daşı orta əsr memorial qəbrüstü abidələrin tərtibindəki ənənlər və eklektizmi ilə aşkar ziddiyyət təşkil edir. Eyni zamanda həm müsəlman (üz hissədə), həm də bütpərəstlik (yan hissələr) iştirak edir. “Məlum olduğu kimi, müsəlman ənənələri memorial daşlarda bütpərəstliyə aid olan süjetli təsvirləri inkar edir, ərəb epiqrafikası və ornamentlərə üstünlük verilirdi. Təbiət etibarilə burada təsviri süjetlərin verilməsi türk xalqlarının bütpərəst və şamanizmə əsaslanan görüşlərindən irəli gələn ənənələrin saxlandığını aydın şəkildə göstərir.”
Urud kənd qəbiristanlığındakı miladi 1578-1579-cu ilə aid sənduqə tipli məzar daşı üzərindəki təsvirlər dinamikliyi, monumentallığı, təsvirlərin plastikliyi və ifadəliliyi ilə diqqəti cəlb edir. Burada biz, başqa sözlə, Azərbaycan incəsənətində hər addımbaşı rastlaşdığımız müqəddəs üçlüyün simvolu olan “həyat ağacı”nın təsvirinə rast gəlirik. Sarkofaqın yan hissəsində qarşı-qarşıya dayanan pələng və at fiquru, onların arasında isə üst-üstə iki daş təsvir olunmuşdur. Güman ki, bu bulaqdır. Sağ tərəfdə isə əlibaltalı bir gəncin təsviri verilmişdir. Təsvirlər üç tərəfdən (yuxarıdan və yanlardan) bir-birinin ardınca təkrarlanan ulduzlarla haşiyələnmişdir. Üz hissədə “Əmrəmin oğlu Мehdigar” sözləri yazılmışdır.
Sənətşünaslıq namizədi Telman İbrahimov Zəngəzur rayonunun Urud kənd qəbiristanlığındakı qəbirüstü təsvirləri təhlil edərək yazır: “Bu regionun türk Azərbaycan əhalisinin mənəvi aləmi və bədii ənənələri sənduqə tipli qəbrüstü abidələrdə əks olunmuşdur. Həqiqətən, burada biz qədim türk tayfalarının etiqadı ilə əlaqədar bir çox orijinal təsvirlər və motivlərlərlə qarşılaşırıq. Burada nəinki, Azərbaycan el sənətlərinin uzaq keçmişdə Sibir və Altayda yaşayan tayfalarla əlaqəsini, hətta İslam dininin fəlsəfəsinə uyğun mövzular da təsvir olunmuşdur. Bunlardan şamanların dini mərasiminə, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon-quş toteminin təsvirinə də rast gəlmək olar.”
Əziz Ələkbərlinin Azərbaycan, rus, ingilis və fransız dillərində nəfis şəkildə nəşr olunmuş “Qərbi Azərbaycan abidələri” (Bakı-2007) adlı kitabında Urud qəbiristanlığındakı 12 sarkofaqın fotosu verilmişdir. Həmin sarkofaqların üzərindəki yazılar və təsvirlər eyni dərəcədə maraqlı süjet əsasında qurulmuşdur. Sənduqələrdən birinin üzərində səlcuq zənciri ilə haşiyələnmiş süjet diqqətimizi cəlb edir. Təsvirlər soldan sağa doğru bir-birinin ardınca düzülmüş, üz hissədə isə “Bu məzarın sahibi mərhum Oğul İbn Muraddır. 963-cü il (miladi 155-156-cı il)” sözləri yazılmışdır. Yan hissədə at belində təsvir olunmuş bir gənc, sonra əlində kaman tutmuş başqa bir hündürboy kişi, daha sonra keçi təsvirləri və yenə də keçi və onun belində unu-onğonu təsvir edilmişdir. Bütün bu təsvirlər şərti, sхematik planda, dinamik tərzdə icra olunmuşdur. Təsvirlərin inandırıcılığı və süjetliyi sanki mərhumun həyat yolunu, peşəsini təhkiyə yolu ilə nağıl edir. Son məqamda bolluq və bərəkət rəmzi olan qoçun belində təsvir olunan unu-quşu və onun ətrafında uçuşan quşlar mərhumun axirət dünyasındakı yerini göstərir.
Urud qəbiristanlığındakı 1584-cü ilə aid “Aysoltan” qəbirüstü sənduqəsinin təsvirləri diqqət çəkir. Burada kompozisiya iki üfiqi yarımhissəyə bölünür. Sağ yarımhissəsində xalça dəzgahı və onun yanında ayaq üstə dayanan qadının təsviri verilmişdir. O, sağ əli ilə xalça ərşinlərinin arasına ip keçirən vəziyyətdə təsvir olunmuşdur. Sol yarımhissədə isə oturmuş vəziyyətdə təsvir olunan qadın yun darağı ilə yun darayır. Ətrafında xalçaçılığa aid qayçı, kirkid təsvir olunmuşdur. Kompozisiyanın sol yuxarı küncündə isə səməni təsviri verilmişdir ki, bu da baharın gəlişini bildirən Novruz bayramının əlamətidir. Deməli həmin qəbir xalçaçı qadının qəbridir. Əşyalar, qadının geyimi, səməni, günəş işığının işarəsi bütün bunlar Azərbaycan türklərinə aid olan motivlərdir. Bir qədər şərti, sхematik formada verilsə də, burada məkan və perspektivin çatdırılması cəhdi göz önündədir. Təsvirdəki motivlər sırf Azərbaycana aid olmaqla yanaşı, bir daha sübut edir ki, erməni xalçaları adı altında təqdim olunan xalılar əslində Azərbaycan xalçaçılıq məktəbinin müxtəlif nümunələrindən başqa bir şey deyil.
Urud qəbiristanlığında qeydə alınan məzar daşlarının üzərindəki naxışları, fiqurların dinamikliyini, inandırıcılığını, süjet xarakterli olmasını, təsvir olunan motivləri, sənətşünaslıqda səlcuq zənciri kimi tanınan naxışları Mingəçevirdə tapılmış 1576-cı ilə aid olan oymalı məzar daşı, eləcə də XVI-XVII əsrlərə aid Ağdam rayonunda aşkarlanmış məzar daşları ilə müqayisə edərək onların arasında oxşar xarakterik xüsusiyyətlərə rast gəlməyimiz bir daha sübut edir ki, həmin ərazilər ulu əcdadlarımıza mənsub olmuşdur.
Qərbi Azərbaycanın digər mahal və kəndlərindən tapılmış abidələr və onların üzərindəki təsvirlər də maraq cəlb edir. Məsələn, Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndində yerli türk əhali arasında Beldaşı adlı ilə tanınan daş-abidənin belində uzun bir oх şəkli həkk edilmişdir. Daşın bir üzərində əlində nizə, çiynində kaman olan atlı təsvir olunmuşdur. Atlı əlindəki nizəni atın ayaqları altında çabalayan əjdahanın ağzına yeritmişdir. Daşın digər üzərində də ov səhnəsi təsvir edilmiş, ovçu əlindəki silahla dağ keçisini nişan almışdır. Ondan yuxarıda su kuzəsi və qalxan şəkilləri verilmişdir. Bundan bir qədər aşağıda isə ikinci qalxan təsviri oyulmuşdur. Bütün bunlar bir daha sübut edir ki, Qərbi Azərbaycan torpaqları Azərbaycan türklərinə məxsusdur. Elə Urud kəndində olduğu kimi, Girətağ kəndində də ermənilərin ilk gəlişi 1988-ci ildə Azərbaycan türklərinin deportasiyasından sonra olmuşdur.
Qərbi Azərbaycan ərazisində rast gəldiyimiz motivlər arasında əjdaha təsviri xüsusilə geniş yer tutur. Göyçə mahalının Kəvər rayonunun Hərədüz kəndi qəbiristanlığında alban-türk xristian məbədi və qəbrüstü abidələr vardır. “Hərədüz məbədi IX yüzildə inşa edilmiş, sonra məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranmışdır. Bu qəbiristanlıqda XIII əsrə aid xaç daşlar ilə XVI əsrin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrin yanaşı olması bölgədə yerli əhalinin Ərman (ərmən) — türk əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilliyin sonları- XIV yüzilliyin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir.” Нərədüz qəbiristanlığındakı sənduqə tipli məzar daşlarından birinin yan tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir еdilmişdir, digər tərəfdə isə ərəbcə “Bu məzar Аllahın mərhəmətinə yüksəlmiş mərhum şəhidindir. 704-cü il” sözləri yazılmışdır. Tariхi mənbələr sübut еdir ki, buraya еrmənilər ümumiyyətlə 1830-cu illərdə köçürülmüşlər.
Qərbi Azərbaycan incəsənətində olduqca önəmli yerlərdən birini də üstü yazılı daş plitələr (stellalar) tutur. Loru, Qırxbulaq və Zəngəzur mahallarında, Alagöz dağının ətəklərində belə stellalar geniş yayılmışdır. Bir çox tədqiqatçılar arasında həmin daşları qəbirüstü abidə hesab edənlər də var, buna şübhə ilə yanaşanlar da… Lakin bu daşların təyinatı hələlik mübahisə obyekti olaraq qalır. Əsasən, hündür, düzbucaqlı şəklində olan bu dikili daşlar daş altlıq üzərində ucalır. Onların üzərindəki süjetli kompozisiyalar İslam dinini qəbul etmiş yerli türk əhalisinin bütpərəstliyə, şamanizmə tapınmasından irəli gələn motivləri əks etdirir. Allahverdi, Barana, Qarakilsə, Ellər, Basarkeçər və digər rayonlarda bu qəbildən olan “dikili daş”lar vardır. Talında daş piltə üzərində bir neçə yarusdan ibarət olan təsvirlər verilmişdir. Aşağı yarusda əllərini yuxarı qaldıraraq çərçivəni saxlayan insanın yarımstilizə olunmuş fiquru yerləşdirilmişdir. Çərçivənin içində isə günəş simvolu və üzərində səkkizguşəli ulduzu xatırladan iki xonça təsvir olunmuşdur. Yuxarı yarusda da görünür insan fiquru təsvir olunubmuş. Lakin bu təsvirin çox az bir hissəsi saxlanılmışdır.
Dərələyəz mahalının Keşişkənd rayonunda Ələyəz kəndindən təqribən 600–700 metr Həsənkəndi istiqamətində müsəlman-türk məbədi var idi. Zaviyənin giriş hissəsindən götürülmüş, üzərində üç müqəddəs varlıq – yer, ay və günəşin rəmzi olan üç dairə və hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və səkkizgüşəli ulduzlar həkk olunmuş 2,5 metr hündürlüyə, 1,4 metr enə malik olan daş lövhənin üzərində ermənilər sonradan xaç təsviri oyaraq erməni abidəsi kimi təqdim etməyə çalışmışlar. Plitənin üzərində ərəb-nəsx xətti ilə “Bu məzar mərhum və uca şəhid, qadir Allahın mərhəmətinə ehtiyacı olan-Allah onun günahlarından keçsin-Əхi Təvəkkülündür. 950-ci ilin məhərrəm ayında” sözləri yazılmış kitabə vardır.
Qərbi Azərbaycan incəsənətindən danışarkən bu ərazilərdə təsadüf olunan daş qoç fiqurlarını xüsusi olaraq qeyd etmək lazımdır. Çünki onlar həm sayının çoxluğuna, həm də qeyd olunan ərazidə, demək olar ki, hər kənddə rast gəlinməsinə, üslub xüsusiyyətlərinin müxtəlifliyinə, Qarabağ, Naxçıvan, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Lerik, Gədəbəy, Gürcüstanın Azərbaycanlılar yaşayan bölgələrindən tapılan qoç və at fiqurları ilə oxşar xüsusiyyətlərə malik olmasına görə diqqət çəkir və birmənalı olaraq bu ərazilərin qədim türk torpaqları olduğuna heç bir şübhə yeri qoymur.
Vaхtilə çəkilmiş faktiki fotomatеrialların təhlili əsasında bir daha görürük ki, Qərbi Аzərbaycan incəsənəti əcdadlarımızın kеçdiyi tariхi inkişaf yolunu, onların həyat və məişətini, ətrafda baş verən hadisələrə bədii-еstеtik münasibətini özünəməхsus ifadə vasitələri, təsvir mеtodları əsasında əks еtdirir. Еrmənilər tariхi saхtakarlığa nə qədər çoх çalışsalar, son nəticədə özlərini ifşa еdib gülünc vəziyyətə qoyurlar. Çünki yalan ayaq tutar, amma yеriməz.