Qərbi Azərbaycan İcması
Müasir dövrdə milli yaddaşın qorunması və kollektiv kimliyin formalaşdırılması prosesində televiziya və digər audiovizual media vasitələri mühüm ideoloji platformaya çevrilmişdir. Azərbaycan mediasında son illərdə xüsusi aktuallıq qazanan istiqamətlərdən biri də Qərbi Azərbaycana qayıdış ideyasının ictimai və mədəni diskursda təqdim olunmasıdır. Bu mövzu yalnız siyasi və tarixi kontekst daşımır, eyni zamanda milli-mədəni irsin qorunması, deportasiya yaddaşının yaşadılması və kollektiv identikliyin bərpası baxımından əhəmiyyətlidir.
Qərbi Azərbaycan anlayışı Azərbaycan xalqının tarixi yaddaşı, maddi-mədəni irsi və etno-mədəni kimliyi ilə sıx bağlıdır. Müasir mediada bu mövzunun işıqlandırılması təkcə informasiya vermək funksiyası daşımır, həm də mədəni yaddaşın rekonstruksiyası missiyasını yerinə yetirir. Xüsusilə televiziya məkanı bu ideyanın emosional, vizual və estetik təsir gücü ilə auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Qərbi Azərbaycan ideyasının mədəni yaddaş kontekstində mahiyyətinə diqqət yetirdikdə görürürk ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası ilk növbədə tarixi yaddaşın bərpası ilə bağlıdır. Bu ideya deportasiya olunmuş azərbaycanlıların doğma torpaqlarla bağlı kollektiv xatirələrinin yaşadılmasına xidmət edir. Araşdırmalar göstərir ki, milli kimliyin qorunmasında yaddaş mədəniyyəti mühüm rol oynayır və media bu yaddaşın ictimai şüurda saxlanılmasının əsas vasitələrindən biridir.
Qərbi Azərbaycana dair televiziya materiallarında əsasən aşağıdakı istiqamətlər diqqət çəkir:
- tarixi toponimlərin təqdimatı;
- qədim yaşayış məkanlarının vizual rekonstruksiyası;
- folklor və etnoqrafik yaddaşın nümayişi;
- deportasiya və köç hekayələrinin emosional təqdimatı;
- dağıdılmış maddi-mədəni irsin ekranlaşdırılması.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ə.Ələkbərli “Qərbi Azərbaycan-Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları” kitabında yazır: “Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları (Zəngibasar, Qəmərli və Ellər rayonları) Qərbi Azərbaycan (indiki “Ermənistan”) ərazisinin (qədim Ərməniyyənin) terixən paytaxt şəhərləri olan Artaşad, Vağarşabad, Dvin və İrəvan ətrafındakı torpaqlarınıəhatə etdiyndən daim mühüm strateji əhəmiyyətə malik olmuşdur. Elə ona görə də həmin ərazilər bir tərəfdən yerli hakimiyyətlrin qayğı və diqqəti ilə əhatə olunmuşsa, burada möhtəşəm tikililər ucaldılıb, iqtisadiyyat inkişaf etdirilmişsə, digər tərəfdən də həmin strateji mövqeyinə görə bu ərazilər tez-tez qonşu dövlətlrin hücumlarına məruz qalmış, dağıdılmış, yandırılmş, talan edilmişdir” .
Bu kimi sənədli faktların mətbuatda, ümumiyyətlə KİV-də və elmi müzakirələrdə təhlili Qərbi Azərbaycanın maddi-mədəni irsinin sənədləşdirilməsi milli yaddaşın bütövləşməsi baxımından strateji əhəmiyyət daşıyır.
Televiziyanın milli-mədəni identiklik formalaşdırmasında rolu bu baxımdan daha təsirli vasitə kimi qiymətləndirilir.
Televiziya yalnız informasiya vasitəsi deyil, həm də mədəni kodların ötürücüsüdür. Xüsusilə sənədli filmlər, publisistik proqramlar və tarixi verilişlər milli identikliyin formalaşmasına təsir göstərir.Azərbaycan televiziya məkanında Qərbi Azərbaycan mövzusu son illərdə daha sistemli şəkildə təqdim olunmağa başlamışdır.
Bu istiqamətdə yayımlanan proqramlarda əsas məqsəd:
- tarixi həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması;
- gənc nəslin milli yaddaşının gücləndirilməsi;
- itirilmiş mədəni irs nümunələrinin vizual şəkildə bərpası;
- ictimai emosional həmrəyliyin yaradılmasıdır.
Türkiyənin CNN Türk kanalında yayımlanan reportajda Qərbi Azərbaycanın xəritələri, İrəvan qalasının tarixi təsvirləri və dağıdılmış irs nümunələrinin təqdim olunması bu ideyanın beynəlxalq teleməkanda da aktuallaşdığını göstərir.
Eyni zamanda Mədəniyyət TV tərəfindən hazırlanan proqramlarda Qərbi Azərbaycana qayıdış mövzusu qədim tarix, yurd sevgisi və milli-mədəni irs kontekstində təqdim olunur. Həmçinin Qərbi Azərbaycan İcmasının “Qərbi Azərbaycan TV” youtub kanalında təqdim olunan ictimai, siyasi, elmi, mədəni hadisələrin operativ verilməsi, tarixi şəxsiyyətlərin müstəsna xidmətlərinin, keşməkeşli yurd həsrətli insan hekayələrinin obrazlı, ifadəli təqdimatı bu yöndə görülən işlərin əsaslı təzahürüdür. Audiovizual mediada emosional təsir mexanizmləri teleməkanın əsas üstünlüyü vizual və emosional təsir imkanlarıdır. Qərbi Azərbaycan mövzusunda hazırlanmış televiziya materiallarında:
- qədim kənd və şəhərlərin arxiv görüntüləri;
- yaşlı nəslin xatirələri;
- musiqi və folklor nümunələri;
- tarixi xəritələr və sənədlər;
- dini-mədəni abidələrin təsvirləri
emosional identifikasiya yaradır. Bu yanaşma tamaşaçıda həm nostalji, həm də milli bağlılıq hissini gücləndirir.
“Eşidəndə hayıf dedi, dilləndi,
“Misri” nalə çəkdi, zilə zilləndi,
Gəraylılar kipriklərindən ələndi,
“Yanıq Kərəmi”də tellər ağladı” .
Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” kitabından qaynaqlanan bu misraların ekran təcəssümü də tamaşaçıların göz və ruh halının təsirli vasitəsidir.
O cümlədən ana dilinin, yurdun coğrafi adlarının qorunması da prioritet məsələ kimi televiziya proqramlarının əsas kontentidir. Buna misal olaraq Qərbi Azərbaycan TV-də yayımlanan “Kitab yaddaşı” verilişində professor M.Hüseynovanın “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimioloji təhlili” kitabının təhlilində deyilir: “Qərbi Azərbaycanda paleotoponimləri tədqiq edərkən tarixi-müqayisəli və qarşılaşdırma metodlarından yararlanmaqla əsrlər, minilliklər ərzində fonetik və morfoloji dəyişikliyə uğrayan coğrafi adlar tarixi-linqvistik təhlil yolu ilə onların bərpasına çalışılmışdır” .
Media nəzəriyyələrinə əsasən, kollektiv travmaların vizual təqdimatı ictimai həmrəyliyin formalaşmasına təsir edir. Deportasiya yaddaşının televiziya vasitəsilə təqdim olunması milli emosional yaddaşın qorunmasına xidmət edir. Bu baxımdan Qərbi Azərbaycan mövzusunda sənədli filmlərin və televiziya layihələrinin hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Teleməkanda mədəni diplomatiya və beynəlxalq kommunikasiya da əhəmiyyətli strteji siyasətdir.
Qərbi Azərbaycana qayıdış ideyası artıq yalnız daxili informasiya siyasətinin elementi deyil, həm də mədəni diplomatiyanın tərkib hissəsinə çevrilmişdir. Xarici televiziya platformalarında bu mövzunun işıqlandırılması Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynayır.
Bu baxımdan 4 dildə tərcümə olunub dünya ictimaiyyətinə təqdim olunan filologiya elləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan-tarixi həqiqətlər və şəxsiyyətlər” kitabını misal çəkmək olar: “İrəvan şəhəri ərazi baxımından iki hissədən ibarət olub: içəri şəhər (qala) və bayır şəhər. İçəri şəhərdə (qalada) Xan sarayı, iki məscid-Rəcəb Paşa və Abbas Mirzə məscidləri, evlər , dükanlar yerləşirdi. Bayır şəhərin ərazisi daha geniş idi. Burada 3 məhəllə-Şəhri (Əski çəhər), Təpəbaşı və Dəmir bulaq məhəllələri adları olub” . Kitabda göstərilən bu kimi tarixi şəxsiyyətlərin, mədəni sferanın, coğrafi faktların müxtəlif dillərdə təqdimatı Qərbi Azərbaycan həqiqətlərinin carçısıdır deyə bilərik.
Daha bir misal kimi qeyd etmək olar ki, bu kontendə hazırlanan TV verilişlərinin bir çoxunda ekpert kimi çıxış edən tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Qərbi Azərbaycan: faktlar, sənədər, reallıqlar” kitabında yazır: “İrəvan şəhəri Ağrı vadisinin şimal-şərq hissəsində, dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə yerləşir. Yalnız Azərbaycan türklərinn yaşadığı bu şəhərin adı orta əsr yazılı mənbələrində İrəvan, Rəvan, Erivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmışdır. Bu şəhər 1936-cı ildə Yerevan adlandırılmışdır”.
Məhz bu faktların səhih şəkildə ekran həlli nəinki oxucular, eyni zamanda çoxsaylı tamaşaçılar tərəfindən bu vacib tarixi məsələnin mənimsənilməsinə zəmin yaradır.
Beləliklə bu istiqamətdə televiziya:
- milli mədəniyyətin təqdimat platformasına çevrilir;
- informasiya müharibəsində yumşaq güc vasitəsi kimi çıxış edir;
- tarixi yaddaşın beynəlxalq legitimliyini gücləndirir.
Elmi konfranslar, QHT layihələri və televiziya proqramları arasında inteqrasiyanın genişlənməsi də bu prosesə əlavə dinamika verir. 2025-ci ildə keçirilən hesabat brifinqində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqamətində çoxsaylı layihələrin dəstəklənməsi bu sahədə media fəaliyyətinin genişləndiyini göstərir.
Beləliklə, Qərbi Azərbaycana qayıdış ideyasının teleməkanda mədəni təcəssümü milli yaddaş siyasətinin mühüm istiqamətlərindən biridir. Televiziya və audiovizual media vasitələri bu ideyanın yalnız siyasi deyil, həm də mədəni-humanitar aspektlərini ön plana çıxarır.
Teleməkan:
- tarixi yaddaşı qoruyur;
- milli kimliyi gücləndirir;
- mədəni irsin vizual arxivini yaradır;
- kollektiv emosional yaddaşı formalaşdırır;
- beynəlxalq ictimai rəydə mədəni diplomatiya funksiyası daşıyır.
Müasir dövrdə Qərbi Azərbaycan mövzusunda sənədli filmlərin, televiziya layihələrinin, publisistik proqramların və elmi-media platformalarının artırılması milli mədəni yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə televiziya yalnız informasiya məkanı deyil, həm də milli-mənəvi identikliyin qorunduğu strateji mədəni platforma kimi çıxış edir.
Fəxriyyə Lilpar İsayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist
