Qərbi Azərbaycan İcması
Erməni saxtakarlığı
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, indiki Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.
Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. İşğaldan sonra İrəvan şəhəri Erivan adlandırılmışdır. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək, çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə Aleksandropol adlandırılmışdır. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göyçə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmişdir. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.
Ermənistanda türkmənşəli toponimlərin ermənicələşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanmışdır. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı.
1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin ermənicələşdirilməsi prosesi davam etdirilmişdir. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilmişdir. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları dəyişdirilmişdir. “Ermənistan Respublikası ərazisində indiyədək adları dəyişdirilmiş azərbaycanlılara məxsus inzibati-ərazi vahidlərinin siyahısı” adlandırılan siyahı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin “Ermənistan SSR-in inzibati-ərazi bölgüsü” nəşrlərinin (1976-cı il və 1988-ci il), habelə Ermənistan parlamentinin 3 aprel 1991-ci il, 8 avqust 1991-ci il və 4 iyul 2006-cı il tarixli fərmanları, 2008 ci ildə İrəvanda erməni dilində çap edilən “Ermənistan Respublikasının yaşayış məntəqələrinin lüğəti” adlı kitabı və son dövrdə İrəvanda çap edilən Ermənistan Respublikasının inzibati xəritəsi əsasında hazırlanmışdır.
“1918-1987-ci illərdə Ermənistanda yaşayış məntəqələri siyahısından silinmiş azərbaycan kəndlərinin siyahısı” adlanan siyahı isə erməni müəllifi Zaven Korkodyanın indiki Ermənistan ərazisində 1831-1931-ci illərdə keçirilmiş bütün siyahıyaalmalar əsasında 1932-ci ildə İrəvanda erməni dilində çap edilmiş “Sovet Ermənistanının əhalisi” kitabında verilən statistik məlumatlar, habelə müxtəlif dövrlərdə Ermənistanda dərc edilən yaşayış məntəqələrinin siyahılarının müqayisəsi, yaşayış məntəqələrinin siyahıdan çıxarılması haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları və ayrı-ayrı tədqiqat əsərləri əsasında tərtib edilmişdir.
Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır.
Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918- 1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.
“1936-cı ilədək Ermənistanda adlan dəyişdirilmiş yaşayış məskənlərinin siyahısı” adlanan siyahı Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvanda çap olunan “Ermənistan SSR-in əhalisi və yaşayış məntəqələri” məcmuəsində əksini tapan və “İnqilabdan əvvəl və sovetləşmədən sonra Ermənistan SSR-də dəyişdirilmiş yaşayış məskənlərinin siyahısı” adlanan siyahının tərcüməsidir. 195 yaşayış məntəqəsini əhatə edən həmin siyahının fotosurəti oxuculara təqdim edilir.
Digər bir siyahı “1976 cı ilə qədər Ermənistan SSR-də dəyişdirilmiş adların əlifba ilə siyahısı” adlanır. Bu siyahı Ermənistan SSR-in inzibati-ərazi bölgüsünün 1976-cı il nəşrinə daxil edilən “Əvvəlki adlarının əlifba sırası ilə siyahısı” adlanan siyahının rus dilində olan versiyasının fotosurətidir. Həmin siyahı dəyişdirilmiş toponimlərin əvvəlki adlarının və yeni adlarının əlifba sırası ilə düzülüşünü, inzibati-ərazi vahidinin hansı rayonun ərazisinə daxil olmasını, həmçinin inzibati-ərazi vahidlərinin Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin hansı fərmanı ilə dəyişdirilməsi tarixini göstərir.
Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları, əsasən, aşağıdakı qaydada həyata keçirilmişdir:
1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu - Mrqaşad, Sərdarabad - Hoktember (Hoktemberyan (Sərdarabad)), Bayandur - Vağadur (Gorus), Şirvancıq - Lemakert (Artik) və s.
2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu - Tandzut (Hoktemberyan (Sərdarabad)), Daşqala - Karaberd (Ani (Ağin)), Darəkənd - Dzoraqyuğ (Quqark), Dərəçiçək - Tsaxkadzor (Hrazdan (Axta)), Göl - Liçk (Martuni (Aşağı Qaranlıq)), Güllübulaq - Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.
3. Bəzi yaşayış məskənlərinin adları «beynəlmiləlçilik» pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq - Dostluq (Masis (Zəngibasar)), Sultanabad - Şurabad (Amasiya (Ağbaba)), Cücəkənd - Qızılşəfəq (Kalinino), Aşağı Necili - Sayat-Nova (Masis (Zəngibasar)), Çanaxçı - Sovetakert (Ararat (Vedi)) və s.
Bu proses bəzi erməni yaşayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas - Darbas (Sisyan), Dəlilər - Dalar (Artaşat (Qəmərli)), Ələyəz - Araqats (Talın), Ərəvus - Arevis (Sisyan), Gabud - Kapuyt (Əzizbəyov), Çırpılı - Crapi (Ani (Ağin)) və s.
5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə - yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə - Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi - Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə - Pokr Sepasar (Qukasyan (Qızılqoç)) və s.
Tarixçi alim, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Vandalizm: Tarixi adlara qarşı soyqırımı” (Bakı-2014) kitabında siyahılar ermənilərin təqdim etdikləri kimi deyil, əslində olduğu kimi verilmişdir. Yəni Yuxarı Zağalı, Aşağı Zeyvə, Böyük Kəpənəkçi, Kiçik Şiştəpə və s. 1935-ci ilədək Ermənistanda azərbaycanlı yaşayış məskənlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfindən dəyişdirildiyi üçün kitabda təqdim olunan siyahılarda həmin dövrə qədər dəyişdirilmiş inzibati-ərazi vahidlərinin adlarının qarşısındakı qrafa boş buraxılmışdır. Məsələn, Bəbirli - Barsraşen (Ani (Ağin)), Dəymədağlı - Şrvenans (Qafan), Tovuzqala - Berd (Şəmşəddin), Şirabad - Parakar (Eçmiədzin) və s. 1935-ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək mənəvi soyqırımına məruz qoyulmuşdur.
SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqlarından Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların deportasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.
Təkcə 1978-ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilmişdir. 1987-1991-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991-ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir.
Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir ki, onların adları kitabda “Ermənistan Respublikası ərazisində indiyədək adları dəyişdirilmiş azərbaycanlılara məxsus inzibati-ərazi vahidlərinin siyahısı”nda öz əksini tapmışdır. Elə azərbaycanlı yaşayış məntəqəsi olmuşdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Bizim tərtib etdiyimiz siyahıda hər hansı adıçəkilən inzibati-ərazi vahidinin adının dəyişdirilməsi tarixi ardıcıllıqla verilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağvorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ci ilədək Qaranamaz olmuşdur. Biz əlifba sırası ilə öncə Qaranamaz adının Yeniyola, sonra isə Yeniyol adının Ağvorikə çevrilməsini tarixi ardıcıllıqla ayrı-ayrı sətirlərdə göstərmişik.
Addəyişmə əməliyyatına məruz qoyulan inzibati-ərazi vahidlərinin mənsubluğu 1988-ci ildə azərbaycanlıların deportasiyası zamanı Ermənistanda mövcud olan 37 rayon bölgüsünə əsasən müəyyənləşdirilir. Çünki indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası məhz rayonlar üzrə bölgünün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılmışdır. Əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıqları kəndin və rayonun adları qeyd olunmuşdur.
Bütün dəyişdirilmiş toponimlər bir daha onu göstərir ki, müasir Ermənistan Respublikasının ərazisində bir neçəsi istisna olmaqla, yaşayış məntəqələrinin hamısı yaxın keçmişdə azərbaycanlılara məxsus olmuşdur.
7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahverdi), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansara) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aştarak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan - Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ararat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Vayotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrıca vilayət statusu verilmişdir.
Mənəvi soyqırımına məruz qalan toponimlərimizin izini müasir Ermənistan xəritələrində tapmaq, indi onların hansı vilayətin tərkibində olduqlarını müəyyən etmək üçün Ermənistan SSR-in rayon bölgüsü üzrə xəritəsi ilə yanaşı, indiki Ermənistan Respublikasının vilayət bölgüsü üzrə xəritəsi ilə də tanış olmaq mümkündür. Tarixi Azərbaycan torpaqlarında - indiki Ermənistan ərazisində türkmənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cəmisi bir neçə yaşayış məntəqəsi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Haydarlı və Hallavar (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s. Hazırda digər bir proses - hidronimlərin (çay, göl, bulaq və s.) və oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesi gedir.
Diqqəti çəkən bir məqam da ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər indinin özündə də yer-yurd adlarını elə əvvəlki adları ilə - yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş adlar, əsasən, saxlanılır.
Məsələn, www.astrolab.ru, www.travelpost.com, www.fallingrain.com saytlarında müasir Ermənistan Respublikasında mövcud olan, uzunluq və en dairəsini göstərən minlərlə toponim öz əksini tapmışdır ki, onların da mütləq əksəriyyəti türkmənşəli əski adlarını özündə saxlayır.