Qərbi Azərbaycan İcması
Qədim dövrlərdə Qərbi Azərbaycan
E.ə. VI əsrin əvvəllərində Urartu dövləti süqut etdikdən sonra İrəvanətrafı Azərbaycan torpaqlarında yaşayan əhalinin tarixində yeni mərhələ başlanmışdır. E.ə. VI-IV əsrləri əhatə edən bu mərhələ Urartu dövlətinin süqutundan Makedoniyalı İsgəndərin Şərqə yürüşünə qədərki dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın İrəvanətrafı ərazilərində yaşayan qədim tayfalarının bir sıra yeni yaşayış məskənləri meydana gəlmişdir. Azərbaycanın qərbində, əsasən də İrəvanətrafı ərazilərində yaylaq və qışlaq maldarlığı ilə məşğul olan İskit tayfalarına aid xeyli sayda maddi-mədəniyyət abidələri aşkar edilmişdir. Arxeoloji tədqiqatlar nəticəsində onların izlərinə İrəvan ətrafında, Göyçə gölü hövzəsində, Ağbaba, Pəmbək, Şörəyel yaylaqlarında rast gəlinmişdir.
İrəvanətrafı ərazilərdə şirin su qaynaqlarının, flora və faunanın, təbii resursların zəngin olması insanların bu ərazidə qədim zamanlardan məskunlaşmasına şərait yaradan başlıca amillər olmuşdur. Qərbi Azərbaycanın Göyçə, Şörəyel, İrəvan, Dərələyəz, Gərnibasar və digər ərazilərindən müasir Azərbaycan türklərinin əcdadlarına aid dolixokran kəllə sümükləri aşkar edilmişdir. Göyçə gölü ətrafındakı qədim yaşayış məntəqələrinin bir çoxunun dörd min ildən artıq yaşı var. Şörəyeldə Son Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələrindən tapılmış kəllə sümüklərinin braxikran armenoid yox, məhz yerli türk boylarına aid dolixokran və uzunsifət olması öz təsdiqini tapmışdır. İskitlərin müasir Ermənistan ərazisində məskunlaşması ilə bağlı qədim mənbələrdə verilən məlumatlar arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və antropoloji dəlillərlə öz təsdiqini tapmışdır.
Şörəyeldə Sirak düzündən, Qara qala ərazisində və Lori qalası yaxınlığından, Göyçə gölünün qərbində Əyricə çayının sağ sahilində Dəliqardaş kəndinin ərazisindən, həmçinin Nərədüz kəndi yaxınlığından Erkən Tunc dövrünə aid xeyli sayda kurqanlar aşkar edilmişdir. Bu ərazilər Kür-Araz mədəniyyətinin yaradıcısı olan maldar tayfaların yaylaq yerləri idi. Buradakı qəbir abidələrindən Azərbaycan türklərinin qədim əcdadlarına aid xeyli sayda dolixokran kəllə sümükləri tapılmışdır. İndiki Ermənistan Respublikası ərazisinin müxtəlif yerlərindən aşkar edilmiş kəllə sümüklərinin tədqiqi qədim türk boylarının bölgənin avtoxton əhalisi olduğunu göstərir. Məlumdur ki, özlərini “hay” adlandıran ermənilər antropoloji cəhətdən “armenoid tipi”nə aid olub braxikefal (yastıbaş) kəllə quruluşuna malikdir. Ermənistan ərazisində isə arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş ən qədim insanların dolixokran kəllə quruluşuna malik olması öz təsdiqini tapmışdır.
Ermənilər Qafqaza Anadoludan gəlmə olsalar da, onlar Anadolunun da yerli əhalisi olmamışdırlar. Tanınmış türk antropoloqu M.S.Şənyürək uzun illər apardığı tədqiqatlar nəticəsində ermənilərin Anadolunun qədim əhalisi olmadığını qeyd etmişdir. Keçən əsrin 30-cu illərində alman tədqiqatçılarının Hind çayı hövzəsində apardıqları araşdırmalar nəticəsində buradan armenoid tipinə aid kəllə sümükləri aşkar edilmişdir. Buradan aydın olur ki, vətənləri Şimali Hindistan olan haylar sonradan Ön Asiyada məskunlaşmışlar. Haylar istər eradan əvvəlki minilliklərdə, istərsə də eranın ilk əsrlərində olsun, Cənubi Qafqazda, eləcə də İrəvanətrafı tarixi torpaqlarda yaşamamışlar. Xəzər dənizindən qərbdə, Azərbaycanın müxtəlif bölgələrində, eləcə də e.ə. VI-II minilliklərə aid Naxçıvandakı Kültəpədə, e.ə. II minilliyin ortalarına aid Daşkəsəndəki Xaçbulaq yaylağında, Qarabağ kurqanlarında, e.ə. I minilliyin əvvəllərinə aid Mingəçevirdə aşkar edilmiş kəllə sümükləri İrəvanətrafı bölgələrin yerli əhalisi olan qədim Azərbaycan türklərinin antropoloji xüsusiyyətləri ilə genetik cəhətdən eyni irqi tipə aiddir. Azərbaycanın qərbində Səngər, Bərk qala, Daşlı qala, Kolagirən, Yeridar, Atamxan kimi qalalar yerli türk boylarının yadelli hücumlardan müdafiə olunduğu ən etibarlı məkanlar idi.
İrəvanətrafı ərazilərdə yaşayan qədim türk boyları içərisində iskitlər mühüm yer tutur. Burada aparılmış arxeoloji qazıntılar iskitlərin regionda e.ə. VII-VI əsrlərdə hərbi-siyasi cəhətdən ən güclü amil olduğunu sübut edir. Şəmşəddin ərazisində Tovuzqala siklopik qalasının 300 m qərbində yerləşən e.ə. V-IV əsrlərə aid qəbir abidələrinin və Azərbaycan Respublikasının şimal-qərbindəki abidələrin tapıntıları regionda vahid mədəni arealın sərhədlərini müəyyənləşdirməyə imkan verir. Şörəyel ərazisində Çıraqlı kəndindən Post-Urartu dönəminə aid məzarlardan aşkar edilmiş maddi mədəniyyət nümunələri İrəvan yaxınlığında Qırmızıtəpə (Teyşebaini qalası), İrəvandan şimalda Ellər ərazisində Baş Gərni kəndindən, Borçalıda Beşdaş (Barmaqsız) kəndindən, həmçinin Gəncə və Mingəçevir ərazilərindən aşkar edilmiş materiallarla eynilik təşkil edir. Bu ərazilərdən aşkar olunmuş e.ə. VI-IV əsrlərə aid maddi mədəniyyət nümunələri qədim türk boylarının, əsasən də İskit-Sak boylarının tarixini araşdırmağa imkan verir.