Qərbi Azərbaycan İcması
Aşağı Talın qalası - Talın mahalı coğrafi baxımdan İrəvan xanlığının şimal-qərbində Ələyəz (Alagöz) dağının cənub ətəklərində yerləşirdi. Arpaçay çayı mahalı Qars paşalığından ayırırdı. Talın mahalı şimaldan Şörəyel sultanlığı, qərbdən Qars paşalığı, cənubdan Sərdarabad və Səədli mahalları, şərqdən Seyidli-Ağsaqqallı mahalları ilə həmsərhəd idi. Qərbi Azərbaycanın məşhur qalalarından olan Aşağı Talın qalası Aşağı Talın kəndinin cənub kənarında yerləşir.
Qala iki cərgə dairəvi bürcləri olan qala divarları, kiçik məbədi və onun mərkəzi hissəsində ucaldılmış təyinatı barədə müxtəlif fikirlər səsləndirilən tikilidən ibarətdir. Həmin tikili daha çox siqnal qülləsinə bənzədilir. Ümumiyyətlə, qala mövcud olduğu tarix ərzində öz dövrünə xas olan memarlıq elementlərini özündə cəmləşdirmişdir. Bu unikal quruluş, Qərbi Azərbaycanın keçmiş tarixinin sirlərini yaşadan bir qaladır. Son illərdə struktur qismən təmir edilmiş, ibadətgah isə tamamilə yenidən qurulmuşdur. Qalanın şərq divarında 1174-cü ilə aid, ərəbcə kufi xətti ilə yazılmış ithaf yazısı var. Tikili Anidə hökmranlıq edən Şəddadi şahzadələrindən biri olan Sultan ibn Mahmuda aid edilir.