Qərbi Azərbaycan İcması
Budaq Əbdüləli oğlu Budaqov – (23 fevral 1928, İrəvan, Uluxanlı, Çobankərə - 1 noyabr 2012, Bakı) - 1940-cı ildə həmin rayonun Mehmandar kəndində yeddiillik məktəbi bitirmiş, müharibə illərində Çobankərə kəndində kolxozun briqadir köməkçisi işləmişdir. О, 1947-ci ildə İrəvan şəhər Pedaqoji Məktəbini, 1951-ci ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirmişdir.
B.Budaqov hələ ali təhsil alarkən kiçik Qafqazın intruziv süxurlarını öyrənən geoloji ekspediyasının tərkibində (1948–1949-cu illərdə) kollektor vəzifəsində işləmişdir. Ekspedisiya Kiçik Qafqazın Ağdərə, Kəlbəcər, Laçın (Azərbaycan Respublikası), Qarakilsə (Sisian) rayonlarında çöl-tədqiqat işləri apararkən B.Budaqovda elmi-tədqiqat işinə ilkin maraq oyanmışdır. О zaman verilən Stalin təqaüdü ilə institutu bitirən bu gənc keçmiş SSRİ Coğrafiya İnstitutunun aspiranturasında təhsil almış və 1955-ci ilin may ayında Moskvada “Cənubi-şərqi Qafqazın Şimal yamacının geomorfologiyası” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin ildə o, Bakıya qayıdaraq Azərbaycan SSR ЕА Coğrafiya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, Coğrafiya Cəmiyyətinin elmi katibi, Coğrafiya İnstitutunun Fiziki coğrafiya şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır.
Budaq Budaqov 1956–1959-cu illərdə Azərbaycan geomorfoloji xəritəsini tərtib etmişdir. O, 1957-ci ildə Azərbaycanın böyük bir regionunun – cənub-şərqi Qafqazın şimal yamacının geomorfologiyasına həsr edilmiş respublikada geomorfologiya elminə dair ilk monoqrafik elmi əsər ərsəyə gətirmişdir.
Onun Tbilisi şəhərində “Sellərin əmələ gəlməsinə yeni tektonik hərəkətlərin təsiri” (1961), Bakıda “Sellərin əmələ gəlməsinin geomorfoloji üsullarla proqnozlaşdırılması” (1962), yenidən Tbilisidə “Şərqi Qafqazın müasir və qədim buzlaşması” (1963) mövzularında Zaqafqaziya və Ümumittifaq konfranslarında olan məruzələri alimlərin ciddi marağına səbəb olmuşdur.
B. Budaqov 1960–1965-ci illərdə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda, B. A. Antonov Kiçik Qafqazda, Musa Abbasov Naxçıvan MR-də, Naib Şirinov Kür-Araz ovalığında Azərbaycanın Böyük Qafqaz ərazisində geomorfoloji xəritələşdirmə işi aparmış, Respublikamızın ərazisinin 1:200000 miqyaslı geomorfoloji xəritəsinin tərtibi çap etmişdir.
O, 1973–1978-ci illərdə "Cənub-şərqi Qafqazın geomorfologiyası və yeni tektonik hərəkətlər" adlı monoqrafiyası keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin elan etdiyi Ümumittifaq müsabiqəsində öz yüksək elmi dəyərinə görə N.İ.Prjevalski adına Qızıl medalına layiq görülmüş və Azərbaycan geomorfologiya elminin keçmiş Sovetlər İttifaqı miqyasında uğur qazanmışdır.
1993-cü illərdə AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutu geomorfoloqlarının elmi araşdırmalarının son nəticəsi Azərbaycan relyefi monoqrafiyası son 30–40 il ərzində respublika geomorfoloqlarının elmi-nəzəri və praktiki fəaliyyətinin məğzi idi.
1967-ci ildə daim axtarışda olan Budaqovun həyatında mühüm hadisə baş vermişdir. Belə ki, o, həmin ildə “Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsini almışdır. 1969-cu ildə isə professor adına layiq görülmüşdür.
Budaq Budaqovun “Dağların həyatı” (1965), “Əfsanəli dağlar” (1973), “Təbiəti qoruyaq” (1983), “Coğrafiya və kənd təsərrüfatı abidələri” (1980), “Dözümlü-dözümsüz təbiət” (1991), “Təbiət və poeziya” (1992), “Elim, obam mənim” (1984), “Türk uluslarının yer yaddaşı” (1994), ali məktəblər üçün həmmüəllifi olduğu “Ümumi geomorfologiya” dərsliyi (1967, 1986) və orta məktəblər üçün yenə də həmmüəllifi olduğu “Azərbaycanın coğrafiyası” (1983, 1991, 1993) kitabları onun elmi fəaliyyətinin ayrılmaz hissəsidir.
Budaq Budaqov elmi yaradıcılığı ilə yanaşı, demək olar ki, həmişə vəzifələrdə olmuşdur. О, uzun illər Azərbaycan SSR ЕА Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri (1967–1986), Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezident müavini (1970–1990), Azərbaycan SSR Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini (1974–1983), 1986-cı ildə Azərbaycan EA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan ЕА Coğrafiya İnstitutunun Fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri, 1988-ci ildən Azərbaycan ЕА Coğrafiya İnstitutunun direktoru, 1990-cı ildən Azərbaycan ЕА Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri olmuşdur. О həm də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının plenumunun üzvü idi.
Budaq Budaqov 1976-cı ildə Azərbaycan ЕА-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Bundan əlavə o, ayrı-ayrı vaxtlarda Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika və coğrafiya kafedrasında (1965–1968), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Coğrafiya fakültəsində (1969) müəllim kimi fəaliyyət göstərmişdir.
B.Budaqov Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmiş, akademik Y.Məmmədəliyev, akademik H.Əliyev, şair Məmməd Araz, mesenat Hacı Zeynalabdin Tağıyev adına mükafatlara, Ümumdünya Sülh Federasiyasının “Planetdə Sülh Naminə”, Dinlərarası və Millətlərarası Federasiya tərəfindən «Dünya Səfiri» adına, Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.