Qərbi Azərbaycan İcması
Cabbar Əsgər oğlu Əsgərzadə - (1885, İrəvan şəhəri – 25 noyabr 1966, Tehran) - O, ilk təhsilini mollaxanada almış, on beş yaşından isə evlərdə kiçik yaşlı uşaqlara dərs deməklə məşğul olmuşdur. “Qafqaz” qəzetinin müxbirlərindən biri kimi jurnalistlik fəaliyyətinə başlamışdır. “Molla Nəsrəddin” məcmuəsində də şeir və məqalələrlə çıxış etmişdir.
İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixində Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadəyə verdiyi icazəyə əsasən onlar həmin il fevralın 22-də satirik “Lək-lək” jurnalının ilk nömrəsini buraxmışdılar. “Lək-lək”in cəmisi 8 nömrəsi işıq üzü görmüşdür. Dövri mətbuatda çıxan satirik şeirləri və publisistik yazıları onu təqiblərə məruz qoymuşdur. Digər tərəfdən, xəstəliyi ilə əlaqədar o, Cənubi Azərbaycanın Mərənd şəhərinə köçməyə məcbur olmuş və burada Əhmədiyyə məktəbində müəllim işləmişdir. Sonra o, Təbriz şəhərinə dəvət olunmuşdur. Burada uşaq bağçasının açılmasına kömək etmiş, kar və lal uşaqlar üçün məktəb təşkil etmiş (1922–1927), Şirazda uşaq evində pedaqoji fəaliyyətini davam etdirmişdir (1927–1933). Sonra Tehranda korlar və lallar üçün məktəb açmışdır. Burada “Zəban” adlı pedaqoji jurnal nəşr etmiş (1942), eyni zamanda ictimai, ədəbi və pedaqoji fəaliyyətini davam etdirmişdir.
Onun çoxcəhətli yaradıcılığı – pedaqogika, poeziya, incəsənət, musiqi, mədəniyyət və səhiyyə ilə sıx bağlı idi. Ərəb, fars və rus dillərini mükəmməl bilmiş, xarici ölkə xalqlarının seçmə poeziyasından tərcümələr etmişdir. Əsərlərini Azərbaycan və rus dillərində yazmışdır. Lirik şeirlərini “C.Əsgərzadə”, “Aciz”, “Bağçaban”, satirik şeirlərini isə “Məhkəmə pişiyi”, “Noxtalı”, “Leyləyin yuvadibisi”, “Molla haray” və s. imzaları ilə çap etdirmişdir. Onun kiçik yaşlı uşaqlar və məktəblilər üçün yazdığı mənzum hekayələri də nəşr olunmuşdur. Maarif sahəsindəki xidmətlərinə görə ona Tehran Universitetinin professoru adı verilmişdir.