Cəfər Mehdi oğlu Vəlibəyov – (1907, İrəvan quberniyası, Eçmiədzin qəzası, Əkərək kəndi – 1981, Bakı) - Vəlibəyovlar tayfası ağır illərdə beş ilə yaxın erməni daşnakları ilə vuruşmuş, itkilər vermiş, dağlara çəkilərək çətin gün-güzəran keçirsə də, doğma yurddan uzaqlaşmamışlar.

Sovet hökuməti yarandıqdan sonra ermənilər qəsdlə Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan, Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən itirən C.Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından İrəvan pambıq təmizləmə zavodunda fəhləlikdən başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz təhsilini davam etdirmişdir.

1932-ci ildə C.Vəlibəyov Basarkeçər Rayon Komsomol Komitəsinin katibi, rayon qəzetinin məsul katibi, 1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin redaktoru, sonralar isə rayon partiya komitəsinin katibi seçilmişdir. О, 1938-ci ildən “Sovet Ermənistanı” qəzeti redaksiyasına işə göndərilmiş, qəzetin baş redaktoru təyin edilmişdir.

İşgüzar insan olan C.Vəlibəyov 1947-ci ildə Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra 1949-cu ildə yenidən “Sovet Ermənistanı” qəzetinin baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin vəzifədə çalışmışdır.

“Kiçik sovet ensiklopediyası”nda C.Vəlibəyovun sovet dövründə 21 ilə yaxın partiya orqanı olan respublika qəzetinə başçılıq etmiş yeganə şəxs olması yazılmışdır. Onun rəhbərlik etdiyi qəzetdə Ermənistanda yaşayan azərbaycanlılar, ümumiyyətlə respublikada baş verən hadisələr obyektiv şəkildə öz əksini tapırdı.

Baş redaktor işlədiyi dövrdə C.Vəlibəyov İrəvanda Azərbaycan orta məktəblərində olur, istedadlı və bacarıqlı gəncləri redaksiyaya müəyyən vəzifələrə dəvət edir, onların təhsillərinin artırılmasını məsləhət görür və təkid edirdi. Bunlardan Əməkdar elm xadimi, professor M.Seyidovu, fizika-riyaziyyat elmləri doktoru, professor C.Mirzəyevin adını çəkmək olar.

C.Vəlibəyov bir neçə il ardıcıl olaraq İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda Dövlət İmtahan (buraxılış) komissiyasının sədri olmuşdur. Onun məsləhəti ilə texnikumun bir sıra məzunları elmin zirvələrinə yüksəlmişlər.

C.Vəlibəyov İrəvanda yaşayan azərbaycanlılar arasında ən nüfuzlu ziyalılardan biri idi. О, tez-tez azərbaycanlılar yaşayan rayonlarda olur, camaatın güzəranı ilə maraqlanır, ortaya çıxan problemlərin bir qismini yerindəcə, yerli orqanlarda həll edir, bəzilərini isə mərkəzə qayıtdıqdan sonra müxtəlif nazirlik və idarələrdə həll edirdi.

C.Vəlibəyov tanınmış dövlət xadimi idi. О, III–VI çağırış Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. “Ermənistanın Əməkdar jurnalisti” adına layiq görülmüş, bir sıra medallarla, eləcə də Ermənistan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.