Qərbi Azərbaycan İcması
Cəfərabad (Pir Hüseyn) Türbəsi - Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində qırmızı tuf daşdan inşa edilmiş səkkiz tilli türbədir. Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü günbəzsiz 12 m olmuşdur. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 m uzunluğunda ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Saatlu (Sakadlı) tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir.) adları çəkilmişdir. Başqa sözlə, kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pir Budaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-cü il oktyabrın 11-də - Ə.Ə.) tikilmişdir. Türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı. 1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri, 1830-cu illərdən etibarən isə İrandan köçürülüb gətirilmiş ermənilər yaşamışlar.