Qərbi Azərbaycan İcması
Çətirli/Dəmirbulaq məscidi - vaxtilə İrəvanda sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində qeydə alınmış üç məsciddən biridir. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Ərazidə mövcud olmuş məscidlərdən ikisi – Hacı Novruzəli bəy və Hacı Cəfər bəy məscidləri 1930-cu ildə İrəvan şəhərinin baş planının icrası bəhanəsilə ermənilər tərəfindən dağıdılmışdır. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. 1990-cı ildə Dəmirbulaq məscidi yerlə-yeksan edilmiş və yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir. Memarlıq baxımından belə məscidlər adətən “Güldəstə” məscidləri tipinə aid edilir. ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs edərək yazır ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R.Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R.Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostu ona söyləmişdir.