Qərbi Azərbaycan İcması
Dəmirbulaq məscidi - Dəmirbulağın Hacı İmamverdi məscidi çox vaxt yerləşdiyi yerin adına görə Dəmirbulaq məscidi kimi də tanınırdı. Məscid Gedər çayı üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün bəzi mənbələrdə ona Körpüqulağı adı ilə də rast gəlinir. İrəvanın 1856-cı il xəritəsində məscidin adı belə də verilmişdir. Lakin Mehrabovun planı ilə həmin yerdə “Dəmirbulaq məscidi” olduğu qeyd olunmuşdur. Gevond Alişanın “Ayrarat” əsərində “Qırxbulaq məscidi” kimi qeyd edilmişdir.
Məscidin fotoşəkillərinə baxdıqda belə nəticəyə gəlmək olar ki, məscid tufla tikilmiş və ya üzlənmişdir. Onun ən azı üç asimmetrik günbəzi olmuşdur. Əsas və cənub günbəzləri kərpicdən hörülmüş, günbəzin yuxarısına aparan spiral pilləkənlərin kərpic çıxıntıları olmuşdur. Digər daha kiçik günbəz, ehtimal ki, qalayla örtülmüşdü.
1909-cu ildə Dəmirbulaqda Hacı Müzəffər ağa tərəfindən tikdirilmiş bu məscid 1940-cı illərdə dağıdılmışdır.
Bəzən məscid binasının sonradan hamam kimi fəaliyyət göstərdiyi də deyilir.