Qərbi Azərbaycan İcması
Şeyxülislam Fazil Məmmədbağır oğlu İrəvani – (1782, İrəvan - 1885, İrəvan) - İlk təhsilini şəhərdəki molla məktəbində alıb. 20 yaşında ikən dünyanın ən qədim universitetlərindən biri olan Qahirədəki Əl-Əzhər Universitetində oxumağa getmişdir. 20-25 il Qahirədə qalaraq mükəmməl təhsil almışdır. Sonra İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Şərq tarixinə, dini elmlərə dair əsərlər yazmışdır. Vətənə qayıdandan sonra İrəvandakı Göy məscidin baş axundu olmuşdur.
Onun “Qızılgül və bülbül” povesti Sankt-Peterburqda yaşayan Xocens Markar Geğamyan tərəfindən tərcümə olunaraq 1812-ci ildə erməni və rus dillərində çap edilmişdir. Sonra isə bu əsər Xocens Markarın öz orijinal əsəri kimi, Avropada fransız və alman dillərində dönə-dönə çap edilmişdir. Əsəri fransız dilinə Vayyan de Floribal (1826) , alman dilinə Yozef fon Hammer (1832-1833) tərcümə etmişlər.
Müctəhid Fazil İrəvani 1843-cü ildə Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsi sədrinin müavini, 1847-1872-ci illərdə Qafqazın şeyxülislamı olmuşdur. 1872-ci ildə Şeyxülislam vəzifəsindən istefa verən Fazil İrəvani yenidən İrəvana qayıtmış, onun adı ilə adlandırılan “Şeyxülislam” məhəlləsində yaşamışdır.
Fazil İrəvaninin "Kitabüt-təharət" (“Paklıq kitabı”) əsəri 1883-cü ildə Təbrizdə daşbasması (litoqrafiya) üsulu ilə çap olunub.
Əldə etdiyi uğurlara görə I, II, III dərəcəli “Müqəddəs Georgi” ordenləri ilə təltif edilən Şeyxülislam Fazil İrəvani, həmçinin İran hökuməti tərəfindən də yüksək mükafatlara layiq görülmüşdür.
Fransız tədqiqatçısı Şarl Jorjien 1892-ci ildə yazmışdır ki, “Qızılgül və bülbül” əsəri Fazil və ya Fazili adlı türk müəllifinin əsəridir, Xocens Markar sadəcə olaraq, “Qızılgül və bülbül”ü erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. Kitabın əsl müəllifinin Fazil İrəvani olduğu bəlli olduqdan sonra belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə də erməni müəllifinin əsəri kimi, Freznoda (ABŞ) çap etdirmişlər. “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır.