Qərbi Azərbaycan İcması
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) — (3 mart 1937, Böyük Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, kinoredaktor, ssenarist, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində doğulub. İbtidai təhsilini 1944–1951-ci illərdə doğma kəndində alıb. 1954-cü ildə Beyləqan rayonunun Şahsevən kənd orta məktəbini bitirib. 1955–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəblərdə müəllim kimi başlayıb. 1962–1965-ci illərdə “Yüksəliş” rayon qəzetinin redaksiyasında ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışıb. 1965–1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil alıb və ikinci kursu başa vurub.
1966–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi və baş redaktor, “Abşeron” və “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyalarında şöbə müdiri və ədəbi işçi kimi fəaliyyət göstərib. 1970–1977-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollegiya üzvü olub. 1977–1980-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir kimi çalışıb. 1980–1981-ci illərdə Şüvəlan Yaradıcılıq Evinə rəhbərlik edib.
Fərman Kərimzadənin yaradıcılığında tarixi mövzular mühüm yer tutur. “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qarlı aşırım”, “Qoca qartalın ölümü” və digər əsərləri Azərbaycan nəsrinin seçilən nümunələri sırasında yer alır. Yazıçının “Qarlı aşırım” romanı əsasında “Axırıncı aşırım” bədii filmi çəkilib.
Fərman Kərimzadə 1989-cu il martın 17-də Bakıda vəfat edib.