Göy mələkləri məbədi – Üçkilsə (12.02.1945-ci ildən – Eçmiədzin) rayonu ərazisində, İrəvan-Üçkilsə yolunun 18 km-də, Üçkilsə şəhəri yaxınlığında qədim arman-türk məbədidir.

Məbəd VII yüzilliyin II yarısında katolikos Nerses (641-661) tərəfindən tikilib. X yüzillikdə baş verən güclü zəlzələ nəticəsində dağılıb. Məbədin xarabalıqları 1901-1907-ci illərdə arxeoloqlar tərəfindən aşkar edilib. Məbədin xarabalıqları yanında onunla eyni vaxtda tikilmiş saray da aşkar olunub.

Buradan tapılan 2,7 m hündürlüyündə daş sütun üzərindəki Urartu çarı Rusaya (e.ə. 740-714) məxsus 47 sətir mixi yazı nümunəsi bu məbədin hansısa daha qədim bir məbədin yerində ucaldıldığı fikrini söyləməyə əsas verir.

Hazırda ermənilərin Zvartnos adı ilə dünyaya təqdim etdikləri məbəd əslində qədim türk mədəniyyəti nümunəsidir. Məbədin ətrafında yerləşən yaşayış məntəqələrinə ermənilərin ilk gəlişi XVI-XVII yüzilliklərə, kütləvi gəlişi isə XIX yüzilliyin əvvəllərinə təsadüf edir.

Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. s.82-83. Bakı – 2007