Qərbi Azərbaycan İcması
Göy məscid - İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetari fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix Muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.