Qərbi Azərbaycan İcması
Həbib bəy Hacı Yusif oğlu Səlimov - (8 fevral 1881, İrəvan – 30 dekabr 1920) - Atası Hacı Yusif bəy İrəvan quberniyasında məhkəmə iclasçısı vəzifəsində çalışmışdır. Həbib bəy İrəvan Müəllimlər Seminariyasını və İrəvan gimnaziyasını bitirmişdir. O, 1900-cü ilin avqustunda orduya könüllü yazılaraq Yelizavetpol (Gəncə) süvari alayında xidmət etmiş, unter-zabit rütbəsi almışdır. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlamışdır. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunmuşdur. Həmin ilin sentyabrında «Müqəddəs Vladimir» ordeni ilə təltif edilmişdir. Həbib bəy 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət etmişdir. 1912-ci ildə kapitan rütbəsi almışdır. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir.
O, 1918-ci il martın 14-dən Müsəlman korpusunda xidmətə başlamışdır. Sonradan korpusun üç süvari alayından ibarət briqadasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Səlimov Qafqaz İslam Ordusunun tərkibində daşnak-bolşevik qoşunlarına qarşı döyüşlərdə fəal iştirak etmişdir. Onun komandanlığı altında formalaşdırılan Müsüslü dəstəsi Müsüslü, Kürdəmir və Karrar ətrafındakı döyüşlərdə daşnak-bolşevik hərbi birləşmələri üzərində parlaq qələbə qazanmışdır. 1918 il iyulun ortalarında Müsüslü dəstəsinin bazasında yaradılan Cənub qrupu Həbib bəyin komandanlığı altında Bakı ətrafına qədər şərəfli döyüş yolu keçmişdir. 1918 il noyabrın 15-də Hərbi Nazirliyinin 2 nömrəli əmrilə Səlimov Azərbaycan ordusunun Ümumi qərargahının və nazirliyin dəftərxanasınm rəisi təyin edilmişdir. 1919 il fevralın 28-də Nazirlər Şurasının qərarı ilə Həbib bəy general-mayor rütbəsinə layiq görülmüşdür.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir.
1920 il fevralın 17-də Həbib bəy Səlimov hərbi nazirin əmri ilə Azərbaycan ordusu qərargahının yenidən qurulması üçün yaradılmış komissiyanın sədri təyin edilmişdir. Azərbaycan ordusunun vahid qərargahının yaradılmasından sonra Həbib bəy onun rəisi təyin edilmişdir.
Həbib bəy Səlimovun başlıca xidmətlərindən biri 1920-ci ilin mart-aprel aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Bu əməliyyat zamanı dövlətə xəyanət edərək, silahlı qiyam qaldırmış erməni-daşnak silahlı birləşmələrinə ağır zərbə vurulmuş, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilmişdir.
Azərbaycan korpusunun Baş Qərargahı rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışıb. Qısa müddətə Lənkəranın valisi olub. Bakının azad edilməsindəki xidmətlərinə görə general – mayor rütbəsi ilə təltif edilmişdir.
Həbib bəy Səlimov 1920-ci il aprel işğalından sonra ordu sıralarından istefa vermişdir. Həbib bəy 1920-ci ilin mayında Naxçıvana hərbi komissar təyin olunmuşdur. Həmin il sentyabrın 1-də Həbib bəy həbs olunmuş, dekabrın 30-da güllələnmişdir.