Qərbi Azərbaycan İcması
Həbib Rəhim oğlu Həsənov – (5 avqust 1922, Qərbi Azərbaycan, Kəvər, Ağzıbir – 2004, Bakı) - Həbib Həsənov Moskvada Ali Partiya Məktəbini bitirdikdən sonra Ermənistanın Əzizbəyov rayon Partiya Komitəsinin şöbə müdiri, Eçmiədzin rayon Partiya Komitəsinin ikinci, Amasiya Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. O, eyni zamanda Ermənistan SSR əməkdar jurnalisti olmuşdur.
1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.
1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir.
1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur.
1961-1974-cü illərdə “Sovet Ermənistanı” qəzeti Həbib Həsənovun redaktorluğu ilə nəşr olunmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.
1974-cü ildən Azərbaycanın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.
Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
"Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.
Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən (kor bağırsaq əməliyyatından) sonra İrəvanı tərk edərək Bakıda məskunlaşmış, daha sonra Tovuz rayon Partiya Komitəsinin birinci katibi, meşə təsərrüfati naziri kimi müxtəlif vəzifələrdə işləmişdir. Həbib Həsənovun 1997-ci ildə Bakıda nəşr olunmuş “Silinməz adlar, sağalmaz yaralar” adlı kitabında hazırda Ermənistan Respublikası adlandırılan qədim Oğuz yurdunda – Qərbi Azərbaycanda son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımlardan bəhs edilir. İlk dəfə olaraq bu kitabda Ermənistan ərəzisində olan və yer üzündən adları silinmiş 650 Azərbaycan kəndlərinin və rayonlarının təsnifatı verilmiş, bu ərazilərin qədimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir ki, bu da Azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında sübuta yetirir.