Həsən Əlirza oğlu Əliyev — (15 dekabr 1907, Qarakilsə, Comərdli – 2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim.

Həsən Əliyev 1907-ci il dekabrın 15-də Qarakilsə rayonunun Comərdli kəndində anadan olub.

Həsən Əliyev əmək fəaliyyətinə fəhləlikdən başlayıb.  1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. O, müəllim, Şirvan Zona-Təcrübə stansiyasının direktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında Coğrafiya Bölməsinin rəhbəri vəzifələrində  çalışıb. Həsən Əliyev həmçinin AEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AEA Botanika İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi və respublika Kənd Təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləyib. Həsən Əliyev AEA-nın akademik-katibi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Meşə torpaqlarının coğrafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olub.

Həsən Əliyev 1944-cü ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1965-ci ildə aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcələrini alıb, 1952-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının (AEA) həqiqi üzvü seçilib.

Həsən Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olub. Alim meşəçilik elminin inkişafına geniş yer verib, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. O, ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb, ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirib.

Həsən Əliyev 6 monoqrafiya, 13 kitab, 300-dən çox elmi, 189 elmi-kütləvi məqalənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktoru olub.

Həsən Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstraliya qitələrində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıstan, Yaponiya, keçmiş Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda iştirak edib.

Həsən Əliyev «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redaktoru, coğrafiya üzrə bir sıra problemlər üzrə elmi şuraların üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olub.

Həsən Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni, “Oktyabr inqilabı” ordeni, Vavilov adına qızıl medal və b. yüksək dövlət mükafatlarına layiq görülüb. 1974-cü ildə elmdə xidmətlərinə görə ona Respublikanın Əməkdar elm xadimi adı verilib, 1978-ci ildə təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Dövlət Mükafatına layiq görülüb.

Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilmişdir.