Qərbi Azərbaycan İcması
Həsən Əli oğlu Seyidov – (25 sentyabr 1910, İrəvan - 8 iyun 1999) - Doğum şəhadətnaməsində onun doğum tarixi səhvən 1906-cı il olaraq yazılmışdır. 1918-ci ildə İrəvanda Körpübulaq məhəlləsində birinci sinifə getmiş, ermənilərin qırğın törətdiyi dövrlərdə yaranmış vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə İğdıra, Kağızmana, sonra isə Qarsa gəlmişdir. Atası Qarsda sətəlcəm xəstəliyinə tutularaq orada vəfat etmişdir. Əmisinin himayəsində əvvəlcə Tiflisə sonra isə Gəncəyə gəlmişdir. 1921-ci ildə yenidən Tiflisə qayıdaraq buradakı beşillik Əncümən məktəbində oxumuşdur.
1925-ci ildə 97 saylı Sovet məktəbində 7-ci sinfi bitirib Bakıya gələn Həsən Seyidov burada işçi məktəbinin 2-ci kursunda oxumuşdur. Oranı qurtardıqdan sonra 18 nömrəli məktəbdə oxumağa başlamış və 1928-ci ildə 18 nömrəli məktəbi bitirmişdir. Həmin ilin payızında Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuş və 1931-ci ildə oranı bitirmişdir. İlk olaraq o, Vartaşen (Oğuz) rayonuna aqronom vəzifəsinə göndərilmiş, bir müddət orada işlədikdən sonra bir qrup azərbaycanlı kənd təsərrüfatı mütəxəssisi ilə birlikdə Moskvaya aspiranturaya göndərilmişdir. Orada Ümumittifaq Gübrəçilik və Torpaqçılıq İnstitutunda aspirant vəzifəsində çalışmış və 1934-cü ilin aprel ayında “Torpaqlarda kalium maddəsinin yuyulması” mövzusunda dissertasiyanı müdafiə edərək kənd təsərrüfatı üzrə ilk azərbaycanlı elmlər namizədi kimi Bakıya qayıtmışdır. Aspirantura dövründə bir il Tatarıstanda Nijni-Novqorod vilayətində Torpaqşünaslıq Ensiklopediyasına rəhbərlik etmişdir.
1937-ci ildə, repressiyanın ən qızğın vaxtında Həsən Seyidov Azərbaycan Pambıqçılıq İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. 1941-ci il iyun ayının 22-də Böyük Vətən müharibəsinin başlanmasından bir həftə sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rəhbərliyi ona həvalə edilmişdir. 1942-ci ildə Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1943-cü ilin mayında Azərbaycan MK-nın kənd təsərrüfatı şöbəsinə müdir vəzifəsinə göndərilmişdir.
1944-cü ildə aprelin 1-də Həsən Seyidov Azərbaycan KP Mərkəzi Komitəsinin üçüncü katibi təsdiq edilmiş, 1946-cı ilin yanvar ayında isə Mərkəzi Komitənin ikinci katibi seçilmişdir. 1950-ci ilin iyun ayına qədər həmin vəzifədə çalışmış, sonra isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bir il işlədikdən sonra Moskvaya MK-nın xüsusi əhəmiyyətli birillik kursuna ezam edilmişdir. 1952-ci ilin aprel ayında Bakı Vilayət İcraiyyə Komitəsinin sədri təyin olunmuş, 1953-cü ildə Bakı və Gəncə vilayətlərinin ləğv edilməsindən sonra Dövlət Plan Komissiyasının sədri vəzifəsində çalışmışdır. Bir ildən sonra Azərbaycan SSR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilərək 1959-cu ilə qədər həmin vəzifədə işləmişdir.
1959-cu ildə Həsən Seyidov SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi müvəkkili vəzifəsinə keçirilmiş, 1960–1961-ci illərdə Еlmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 2 il yarım respublika Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1970-ci ilə qədər isə Dövlət Tərəvəzçilik və Meyvəçilik İstehsalat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Həsən Seyidov 1970-ci ildə təqaüdə çıxmış və 1972-ci ildə “Respublikada faraş tərəvəzçiliyin inkişafına dair” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və professor adına layiq görülmüşdür. 1972-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihəsi İnstitutunda texniki şöbə rəisi, eyni zamanda texniki şuranın sədri kimi çalışmışdır. 70-ә qədər elmi əsərlərin müəllifi olmuşdur. Dörd dəfə SSRİ Ali Sovetinin deputatı (II, III, IV, V çağırış) seçilmiş, SSRİ Ali Sovetinin millətlər palatasının iqtisadi komissiyasının sədri vəzifəsində işləmişdir. Üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Uzun müddət Azərbaycan MK-nın tərkibinə və 10 il MK-nın büro üzvlüyünə seçilmişdir.
Həsən Seyidov II Fəxri Xiyabanda dəfn olmuşdur.