Qərbi Azərbaycan İcması
Hüseyn Mirəli oğlu Seyidzadə - (13 oktyabr 1912, İrəvan – 2 iyun 1979, Bakı) - 1918-ci ildə ermənilərin törətdikləri cinayətlərdən yаха qurtarmaq üçün evlərini tərk edərək Ərzuruma getməyə məcbur olmuş, 2 ildən sonra onlar Türkiyədən Tiflisə qayıtmışlar.
Hüseyn Seyidzadə 1925-ci ildə Bakıya gəlib 1-ci dərəcəli məktəbə daxil olmuş və 1927-ci ildə tikiş fabrikinə işə düzəlmişdir. Fabrikdən işdən çıxıb Bakı fəhlə teatrına daxil olmuş və aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra isə Hüseyn artıq “Gənc işçi” teatrında aktyor olmuşdur. 1929-cu ildə teatr H.Seyidzadəni Leninqrada oxumağa göndərmiş və о, birillik rejissorluq kursunu bitirmişdir. Oradan qayıtdıqdan sonra, Hüseyn əvvəlcə aktyor, sonra isə Bakı kinostudiyasında aktyor və rejissor köməkçisi kimi fəaliyyətini davam etdirmişdir.
1931-ci ildə H.Seyidzadənin həyatında yeni bir səhifə açılmışdır. Bakı kinostudiyası onu Moskvaya Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərmiş və o, burada görkəmli sənətkar Lev Kuleşov və Sergey Eyzenşteyndən rejissorluq sənətinin sirlərini öyrənmişdir. 1936-cı ildə H.Seyidzadə Bakıya rejissor assistenti kimi qayıtmışdır. 1930-cu ildə “Əlacsız adamlar” filmində çəkilməklə kino aləminə “daxil” olan Hüseyn indi özü sərbəst filmlər çəkməyə başlamışdır. 1938-ci ildə “Bakılılar” və “Böyük Şəfəq”, 1939-cu ildə isə “Ayna” filminin çəkilişində rejissorluq etmişdir.
Sonuncu filmdə uğursuz işindən sonra H.Seyidzadə təhsilini artırmaq üçün V.Petrov və S.Yutkeviç kimi məşhur rejissorların işlədiyi “Lenfilm” studiyasına göndərilmişdir. Leninqraddan qayıtdıqdan sonra o, 1941-ci ildə “Sovqat” oçerkini çəkmiş, 1942-ci ildə Q.Aleksandrovun yanında “Bir ailə” filmində rejissor assistenti olmuşdur. 1944-cü ildə “İki döyüşçü” filmini dublyaj etmiş, M.Rommun “Rus məsələsi” (1948) və V.Pudovkinin “Jukovski” (1950) filmlərində ikinci rejissor kimi iştirak etmişdir. 1954-cü ildə isə “Doğma xalqımıza” sənədli filmini çəkmişdir.
1956-cı ildə Hüseyn Seyidzadə Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasını ekranlaşdırmışdır. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. S.Rəhmanın ssenarisi əsasında lentə alınan musiqili kinokomediya Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilmiş, 60-dan artıq ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılmışdır.
1959-cu ildə çəkilən “Koroğlu” qəhrəmanlıq kinodastanı onun ikinci filmi olmuşdur. 1965-ci ildə Qılman İlkinin ssenarisi üzrə istehsal edilmiş “Yenilməz batalyon” tarixi-inqilabi filmi, 1969-cu ildə İ. Şıxlının eyniadlı romanı əsasında çəkilmiş “Dəli Kür” filmi isə Azərbaycan kinosunun ən yaddaqalan nümunələrinə çevrilmişdir.
1978-ci ildə H.Seyidzadə sonuncu filmini – “Qayınana” kinokomediyasını çəkmişdir. Film Aşqabad şəhərində keçirilən XII Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş və mükafatlara layiq görülmüşdür.
H.Seyidzadə 1971-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Görkəmli rejissor 1979-cu ildə vəfat etmişdir.