Qərbi Azərbaycan İcması
İrəvan qalası - 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, hazırkı İrəvan şəhərinin yerində inşa edilmişdir. Qala onu inşa etdirən vəzirin adı ilə Rəvan və ya İrəvan adlandırılmışdır.
Tarixi mənbələrdə İrəvan qalasında 800 ev və 8 məscid olduğu göstərilir. İrəvan qalasının 1827-ci ildə ruslar tərəfindən işğalından sonra tərtib edilmiş çertyojunda göstərilən miqyasa əsasən onun ümumi uzunluğunun 850 m, eninin isə 790 m olması təsdiqini tapmışdır. Təqribən kvadrat formaya sahib olan qala 7 hektar ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5–12 m olmuşdur. Qalanın bir qatdan ibarət olan divarı isə Zəngi çayının yanından keçirdi.
İrəvan qalasının üç qapısı var idi: cənub hissədə Təbriz qapısı, şimalda Şirvan qapısı (Meydan qapısı) və Körpü qapısı.
Rusiya işğalından sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdi. 1850-ci illərdə qalanın içərisində təmir-tikinti işləri aparılmışdı. Eyni zamanda, qalada rus hərbi hissələri və xeyli sayda top saxlanılırdı.
İrəvan qalası 1864-cü il martın 12-dək hərbi-istehkam qalası kimi istifadə edilirdi. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarını və qüllələrinin daşlarını ətrafda yaşayan yerli sakinlər sökərək aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır. 1930-cu illərdə isə qala tamamilə məhv edilmişdir.