Qərbi Azərbaycan İcması
Xalça “Ləmbəli”
Gəncə-Qazax xalçaçılıq tipinin Qazax qrupuna aid “Ləmbəli” xalçası, 1947-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) tarixi Pəmbək mahalının Hamamlı (31.12.1937-ci il tarixindən Spitak) rayonunun Saral kəndində toxunub. Xalçanın toxucusu Fatmanisə Qurban qızı Ramazanovadır.
Xalçanın ölçüsü 250 × 138 sm, texniki göstəriciləri isə əriş, arğac, xov-yundur. “Ləmbəli” xalçası “Borçalı” xalçalarının IV variantına daxildir. Bu qrupa xalçaçılar arasında “Ləmbəli” adı ilə tanınan nümunələr aid edilir.
Xalçanın ara sahəsinin mərkəzində yerləşən göllər Qazax qrupuna daxil olan digər xalçalardakı göllərlə müqayisədə daha iri ölçülüdür. Göllərin mərkəzində qədim xalçaçılıq ənənəsində “çanaxlı bağa” adlandırılan tısbağa təsviri yer alır. Medalyonların ətrafı boyunca müxtəlif doldurucu elementlərdən istifadə edilib. Ara sahənin kompozisiyasında eyni tipli üç göl təsvirinə yer verilib.
Xalçanın sol tərəfdəki haşiyəsində kiril əlifbası ilə “Исмеил” (İsmayıl) və “Полат” (Polad), sağ tərəfdə isə “1947” rəqəmləri toxunub. Bu yazılar xalçanın toxunduğu dövr və onun həsr olunduğu şəxslər barədə məlumat verir. Fatmanisə Ramazanova xalçanı oğulları İsmayıl və Poladın şərəfinə ərsəyə gətirib.
Mənbə: Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız, Bakı-2023