Qərbi Azərbaycan İcması
Məhəmməd Hacı oğlu Məhərrəmov - (1895, İrəvan quberniyası, Qəmərli - 1982, Paris) - Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biridir.
1904-1914-cü illərdə İrəvan gimnaziyasında oxumuşdur. Sankt Peterburq Universitetinin və Moskva Universitetinin Tibb fakültələrində, Sorbon Universitetinin maliyyə-iqtisad fakültəsində (1924-1927) oxumuşdur.
Fevral inqilabından (1917) sonra təhsilini yarımçıq qoyub Tiflisə qayıtmış, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olmuşdur. 1917-ci ilin noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilmişdi. Məhərrəmov Müsəlman sosialist blokundan Zaqafqaziya seyminə seçilmiş, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. İstiqlal bəyannaməsinin qəbul olunmasında iştirak etmişdir. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Azərbaycan parlamentində sosialist fraksiyasını təmsil edirdi.Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar şurası ilə birgə iclasında (1918, 28 dekabr) Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə) təyin olunmuşdu.
Aprel işğalından (1920) sonra Məhərrəmov Vətənə qayıda bilməyərək, Fransada qalmış, Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil almışdı. 1927-ci ildən bankda çalışmış, sonralar XVIII-XIX əsrlər fransız ədəbiyyatı bukinist mağazası açmışdı. İkinci dünya müharibəsindən sonra vətənə qayıtmaq ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa təbəəliyini qəbul etmişdi. Sonralar o, daha çox bibliofil və antikvariat mütəxəssisi kimi tanınmağa başlamışdı. Hətta Gertsenin Londonda çap etdiyi "Kolokol" jurnalının nadir komplektini və eyni müəllifin İsveçrədə işıq üzü görən nadir külliyyatını 60-cı illərdə Moskvadakı keçmiş Lenin kitabxanasına bağışlamış və buna görə də o zaman xarici ölkələrlə əlaqəni öz inhisarı altına almış "Drujba" cəmiyyətinin xüsusi mükafatına layiq görülmüşdü. O, 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır. M.Məhərrəmov 1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan sonuncu üzvü idi.