Qərbi Azərbaycan İcması
Məhərrəm Bağır oğlu Bayramov – (13 may 1928, Uluxanlı mahalı, Aşağı Necili – 6 yanvar 1981, İrəvan) - Yeddiillik kənd məktəbini bitirdikdən sonra İrəvan pedaqoji məktəbində təhsil almış və bir il doğma kəndində müəllim işləmişdir.
Məhərrəm müəllim təhsilini davam etdirmək istəmiş və bu məqsədlə 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyətə başlamışdır. İki il Bakıda çalışmış və 1954-cü ildə İrəvana qayıdaraq eyni vəzifədə – Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. 1955-ci ildə M.Bayramov Ermənistan KP MK-nın təlimatçısı vəzifəsinə irəli çəkilmişdir.
O, həm də yazıçı və dramaturq idi. İlk kitabı "Fırtınadan sonra" 1964-cü ildə İrəvanın "Haypethrat" nəşriyyatı tərəfindən nəşr edilmiş, "əziz və mehriban anası Fatmaya" ithaf etmişdir. Kitaba "Peşmançılıq", "Pir kömək eləmədi", "Molla Qədirin toru", "Məni bağışla", "Carulla" və sair hekayələri, "Qeybulla" kiçik pyesi daxil edilmişdi.
Getdikcə özünü layiqli bir ictimai-siyasi xadim və bacarıqlı təşkilatçı kimi təsdiq edən M.Bayramova daha məsul vəzifələr etibar edilmişdir. О, 1964–1966-cı illərdə Vedi Rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə isə “Sovet Ermənistanı” qəzeti redaksiyasında redaktor müavini vəzifələrində fəaliyyət göstərmişdir.
M.Bayramov dövlət aparatında ən yüksək məsul vəzifələrdə çalışmasına baxmayaraq, demək olar ki, о, öz filoloji ixtisasından bir an da ayrılmamışdır. О, “Ədəbi Ermənistan” silsilə məcmuələrində bədii, elmi-publisistik yazılarla müntəzəm olaraq çıxış etmiş, 1964-cü ildə “Fırtınadan sonra” hekayələr toplusunu, 1966-cı ildə “C.Məmmədquluzadə və А.Şirvanzadə” kitabını İrəvanda nəşr etdirmişdir.
1968-ci ildə M.Bayramov keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. 1969-cu ildən isə əhalinin 95 faizindən çoxunu azərbaycanlıların təşkil etdiyi Amasiya rayonunda Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışır.
M.Bayramov 1960-cı illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır. 1969-cu ildə görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arifin rəhbərliyi altında “А.Şirvanzadə və Azərbaycan” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Bir il sonra о, dissertasiyanı kitab şəklində İrəvanda çap etdirmişdir.
M.Bayramov 1971-ci ilin mart-aprel aylarında Moskvada partiyanın XXIV qurultayı keçirilən zaman Ermənistan nümayəndə heyəti tərkibindəki yeganə azərbaycanlı olmuşdur.
Beş il Amasiya rayonuna rəhbərlik edən M.Bayramov 1974-cü ildən ömrünün sonuna kimi “Sovet Ermənistanı” qəzetinin baş redaktoru olmuşdur. О bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı, Rəyasət Heyətinin müavini seçilmişdir. Uzun müddət İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləmiş, xarici ədəbiyyatdan dərs demişdir. “Ermənistan SSR Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
M.Bayramov Zəngibasar rayonundakı Ağadədə qəbiristanlığında dəfn olunmuşdur.