Qərbi Azərbaycan İcması
Miryusif Mirabbas oğlu Mirbabayev – (1889, İrəvan – 1951, Bakı) - İrəvan ziyalılarının tanınmış nümayəndələrindən olan atası Mirabbas Mirbabayev İrəvan Şəhər Dumasının üzvü olmuşdur.
Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M.Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir.
Miryusif Mirbabayev 1918–1920-ci illərdə İrəvan Müsəlman Milli Şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışmış, İrəvan Pedaqoji Texnikumunda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrində işləmişdir. Miryusif Mirbabayev Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar Şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir.
1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olmuşdur. 1938–1941-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə “Azərbaycan dilinin erməni dilinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir.
Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940–1946) dördcildlik “Rusca-azərbaycanca lüğət”ə görə 1948-də “Stalin” mükafatına layiq görülən alimlərdən biri də Miryusif Mirbabayev olmuşdur. O, bir çox başqa sanballı lüğətlərin də əsas tərtibçilərindən olmuşdur.