Qərbi Azərbaycan İcması
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə - (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937).
Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlib. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxuyub. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-müsəlman məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs deyib. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.
19 yanvar 1913-cü ilə qədər İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi işləyib. Bəzi mənbələrə görə isə 1910–1918-ci illərdə seminariyada müəllim işləyib.
1906-cı il sentyabr 1-də İbadulla bəy Muğanlinskinin İrəvanda açdığı şəxsi hazırlıq məktəbinə rus dili və riyaziyyat müəllimi kimi dəvət edilib. Birinci Dünya müharibəsi dövründə Rusiya hökuməti İrəvan seminariyasını sərhəd şəhəri olan İrəvandan Armavirə köçürür. Mirzə Cabbar Məmmədzadə də 2 fevral 1915-ci ildən 1916-cı ilin mayına kimi burada dərs deyib. Bu illərə qədər onun tərtib etdiyi üç kitab nəşr olunur: "Türki-Azərbaycan dilinin xod amuz kitabı" (İrəvan, 1913), "Azərbaycan türklərinin rusca oxumaq, yazmaq və danışmaq öyrənməsi üçün müfid bir düstürüləməldir" (İrəvan, 1913), "Samouçitel russkoqo yazıka dlya persiyan" (Tiflis, 1917).
Mirzə Cabbar Məmmədzadə 1918-ci ildə daşnaklar hakimiyyətə gəldikdən sonra İrəvan gimnaziyası və müəllimlər seminariyası bağlandığına görə ailəsi ilə birgə Naxçıvana köçüb. Buradakı ali ibtidai məktəbdə rus, türk və Azərbaycan dillərindən dərs deyib. Bundan başqa Naxçıvanın daşnaklardan müdafiəsində də iştirak edb.
1920-ci ildə Ermənistan bolşeviklər tərəfindən işğal edildikdən sonra Mirzə Cabbar İrəvana qayıdıb. Həmin ilin axırında ailəsi ilə İrəvandan Bakıya köçərək burada Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Kooperativ İnstitutda pedaqoji fəaliyyətini davam etdirib. Şeirlər yazmaqla yanaşı, dilçiliklə bağlı araşdırmalar aparıb, "Azərbaycan dilinin tədrisi metodikası" adlı bir vəsait də yazıb. 1920-ci illərdə tək və müştərək Azərbaycan və rus dillərində ibtidai və orta məktəblər üçün iyirmiyədək dərsliyin tərtibçi-müəllifi olub. Azərbaycan Kooperativ İnstitutunda kafedra müdiri, dosent vəzifəsinə seçilib. 1935-ci ildə dil və ədəbiyyat üzrə elmlər namizədi və professor, 1937-ci ildə isə elmlər doktoru adına layiq görülüb. O, Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər Mustafa Topçubaşov, Heydər Hüseynov, professor Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin müəllimi olub.
1937-ci ilin oktyabr ayında özü və ailə üzvləri həbs olunub.12493 nömrəli istintaq işi üzrə ittiham edilərək güllələnib. Həyat yoldaşı və qızı isə sürgün edilib. 1957-ci ildə günahsızlığı sübut edildikdən sonra bəraət qazanıb.