Qərbi Azərbaycan İcması
Mirzə Məmmədvəli Qəmərlinski - (1871, İrəvan - 1916, Gəncə) - İrəvanda təhsilin inkişafında xüsusi xidmətləri olan pedaqoqlardan olmuşdur. Onun atası Əli Qəmərlinski çar ordusunun, 1915-ci ildə Türkiyəyə mühacirət edən böyük oğlu Hüseynəli Qəmərli isə türk ordusunun generalı olmuşdur. İkinci oğlu Əli Qori müəllimlər seminariyasını, digər övladları Paşa, Adil və Mahmud isə gimnaziyanı bitirərək müəllim işləmişlər. O, əvvəlcə mollaxanada dini dərs almış, sonra gimnaziyaya daxil olmuş, təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və ikisinifli məktəblərdə ana dilindən dərs demişdir. Məmmədvəli Qəmərlinski mollaxanada dini təhsil alıb, 1898-ci ildə İrəvanda rus-tatar məktəbini bitirmiş, İrəvan kişi məktəbini bitirib 1900-cü ilin martın 13-də İrəvan quberniya məclisində imtahan verərək müəllim adı qazanmışdır. O, 1901-1911-ci illərdə İrəvanda rus-tatar məktəbinin müəllimi olmuşdur. O, bir neçə vətənpərvər ziyalı ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbini açmışdır. Bu haqda “Kaspi” qəzeti, bir qədər sonra “Şərqi-rus” qəzeti özünün 1903-cü il 14-cü nömrəsində həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etdirmişdir. O, İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi kimi ömür boyu müəllim işləmişdir. Lakin o, müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra dəyərli kitabların müəllifi olmuşdur. Onun yazdığı “Atalar sözü” kitabı 1889-cu ildə İrəvanda “Edilson” mətbəəsində çap olunmuşdur. 1907, 1908 və 1911-ci illərdə çap edilən birinci, ikinci və üçüncü siniflər üçün nəzərdə tutulan “Ana dili” dərsliyinin müəlliflərindən biri Mirzə Məmmədvəli Qəmərlinski olmuşdur. Bu dərslik İrəvan Müəllimlər Seminariyasında dərs vəsaiti kimi istifadə olunurdu. Mirzə Məmmədvəli 1906-cı ildə Bakıda keçirilən müəllimlərin qurultayında iştirak edərkən Nəriman Nərimanov onu İrəvan Çuxurunun görkəmli maarifpərvərlərindən biri kimi Mirzə Ələkbər Sabirlə tanış etmiş. İrəvanda mövcud olan məktəblər haqqında şairə məlumat vermişdi. Mahmud Qəmərlinin atası haqqında yazdığı “Atamın xatirələrindən” adlı yazıda həmin hadisəni atasının dilindən təsvir edərək yazır: “Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyl, rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik. Mən Sabiri İrəvana qonaq dəvət etdim. Lakin ikimiz də bir dərddə, bir vəziyyətdə idik. Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultay qurtarandan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Həşim bəy Nərimanbəyov, Həmid bəy Şahtaxtinski, Sultanov, Qaziyevlər və başqaları ilə tanış olarkən dedi: “Mirzə, sizin bu müəllimlər, məktəblər, dərs üsulunuz, xüsusən də müsəlman qız məktəbi məni valeh etdi. Yaxın gələcəkdə bizim millətin də ön sırada olacağına əmin olmaq olar”.
1916-cı ildə Məmmədvəli Qəmərlinski erməni daşnakları vəhşiliklər, qırğınlar törədəndə böyük çətinliklər bahasına ailəsi ilə Gəncə şəhərinə köçmüş, burada məktəb direktoru işləmişdir. Direktoru olduğu məktəbdə Qərbi Azərbaycandan məcburi köçürülən qadınları və uşaqları erməni daşnaklarından gizlədən Mirzə Məmmədvəli ermənilər tərəfindən elə məktəbdəcə vəhşicəsinə qətlə yetirilmişdir.