Qərbi Azərbaycan İcması
Mövlud Süleyman oğlu Süleymanov – (18 mart 1943, Vorontsovka (Kalinino) rayonu, Cücəkənd (Qızıl Şəfəq) kəndi – 21 fevral 2024, Bakı) - O, ilk təhsilini 7 illik Qızıl Şəfəq kənd məktəbində almışdır. Sоnrа orta təhsilini qоnşu İlməzli kənd оrtа məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filоlоgiyа fаkültəsinə daxil olmuş, 1967-ci ildə oranı bitirmişdir.
Mövlud Süleymanov 1968-1974-cü illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “Ədəbi dram” redaksiyasında redaktor, 1968-1992-ci illərdə Azərbaycan Dövlət Radiosunda əvvəl “Gənclik”, sonra “Ədəbiyyat və İncəsənət” Baş redaksiyasında redaktor, 1974-1976-cı illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında ssenarist, 1976-1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan “Ulduz”, 1980-1992-ci illərdə “Azərbaycan” jurnallarında nəsr şöbəsinin müdiri, 1980-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyası “Xalq yaradıcılığı” redaksiyasında Baş redaktor, 1992-1993-cü illərdə “Oğuz eli” müstəqil qəzetində Baş redaktor, 1992-2009-cu illərdə isə Azərbaycan Dövlət Teleradio Şirkətində Radio üzrə sədr müavini vəzifələrində çalışmışdır.
1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edildi. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü gördü. Bu hekayələr M.Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıtdı. "Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır.
Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etdi. "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir. "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açır.
"Səs" romanının ikinci hissəsi kimi qələmə alınan "Günah duası" psixoloji roman kimi düşünülmüşdür. Romanda yazıçı sovet cəmiyyətinin çürüdüyünü, insanların mənəviyyatını pozduğunu göstərir.
"Dəyirman" povesti üzrə səhnələşdirilmiş "Dəyirman" pyesi Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında (1988), "Satqın" əsəri "Yuğ" teatrında (2000) tamaşaya qoyulmuşdur. "Şeytan" (1978), "Dəyirman" (1979) əsərlərinə görə uzun müddət tənqidə məruz qalan və təhlükəsizlik orqanları tərəfindən çək-çevir edilən M.Süleymanlı bir neçə dəfə dövlət tərəfindən mükafatlandırılmışdır. "Ömürdən qıraqda" povesti yazıçının son illərdə (2005) qələmə aldığı əsərlərdəndir.
O, 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına, kənd həyatına həsr edilmiş ən yaxşı əsərə görə 1991-ci ildə Azərbaycan Yazıçılar İttifaqının “Qızıl sünbül” ədəbi mükafatına, bədii-sənədli publisistika sahəsində nailiyyətlərinə görə 1995-ci ildə “Araz” ali ədəbi mükafatına, 2003-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2006-cı ildə Azərbaycan “Xalq yazıçısı” fəxri adına, 2018-ci ildə “Şöhrət” ordeninə, 2023-cü ildə isə “Şərəf” ordeninə layiq görülmüşdür.