Qərbi Azərbaycan İcması
Qəşəm Cəlil oğlu Şahbazov – ( 1902, İrəvan quberniyası, Qarahəmzəli – 1989, Bakı ) - Atası Cəlil kişinin böyük ailəsi vardı, övladlarından ən kiçiyi Qəşəm idi.
İlk təhsilini öz doğma kənd məktəbində alan Qəşəm orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir.
1928-ci ildə Bakıya gələrək Səməd Ağamalı oğlu adına Texnikuma daxil olmuşdur. О, sonra Gəncə Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Qəşəm Şahbazov üç il Basarkeçər rayonunda su idarəsinin rəisi işləmişdir.
1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov İrəvan şəhərinə köçərək orada 1941-ci ilə kimi “Sovet Ermənistanı” qəzetinin redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmış, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir.
1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.
İkinci dünya müharibəsi illərində Qəşəm Şahbazov Qərbi Azərbaycanın müxtəlif rayonlarında – Vedi, Qarabağlar, Zəngibasar rayonlarında birinci və ikinci katib vəzifələrində işləmişdir.
Zəngibasar rayonunun son azərbaycanlı birinci katibi (1947–1950-ci illərdə) Qəşəm Şahbazov olmuşdur.
1948–1953-cü illərdə, azərbaycanlıların Ermənistandan SSR-dən köçürülməsi illərində Q.Şahbazov azərbaycanlıların öz doğma torpaqlarından məcburi surətdə köçürülməsinə özünün etirazını bildirmiş və məhz buna görə Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılmışdır. О, Zəngibasar rayonunun birinci katibliyindən köçürmə yolu ilə 1950-ci ildə Bakıya Ali Partiya məktəbinə oxumağa göndərilmişdir. Beləliklə Zəngibasarın sonuncu azərbaycanlı birinci katibi uzaqlaşdırılan kimi onun yerinə erməni millətindən olan birinci katib təyin edilmiş və bu ənənəyə çevrilmişdir.
Qəşəm Şahbazov əvvəllər Ermənistan KP Mərkəzi Komitəsinin şöbə rəisinin müavini vəzifəsində çalışmışdır. О, Bakı Ali Partiya məktəbini bitirdikdən sonra ömrünün sonunadək Bakıda yaşamış, müxtəlif sahələrdə ictimai fəaliyyətini davam etdirmişdir.