Qərbi Azərbaycan İcması
Şah Abbas/Səlim karvansarası - Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, Ağkənd (03.07.1968-ci ildən - Ağcanadzor) kəndindən təqribən 700 m yuxarıda yerləşən karvansaradır. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı. Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət idi. Uzunluğu 15, eni 7 arşın olan əsas bina şimaldan şərqə doğru uzanırdı. Uzunluğu 45 arşın, eni 21 arşın olan ikinci bina isə birinciyə perpendikulyar tikilmişdi. Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 m, orta hündürlüyü 1 m olan kitabədə ərəb əlifbası ilə binanın "pasport"u yazılmış, burada onun Əbu Səid Xan Bahadur (söhbət Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1328-1329-cu miladi ilində tikildiyindən bəhs olunmuşdur. Karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Kəndə ilk ermənilər (cəmi 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər.