Qərbi Azərbaycan İcması
Sərdar sarayı - Azərbaycan memarlığının şah əsərlərindən olan Sərdar sarayı, yaxud Xan sarayı 1578-ci ildə İrəvan bəylərbəyi Toxmaq xan tərəfindən tikdirilmiş və qala ilə üzbəüz, Zəngi çayının sağ sahilində iri bağ salınmışdır.
Sərdar sarayının Güzgülü salonu və Xan bağındakı Yay imarəti 1791-ci ildə Məhəmməd xan Qacar tərəfindən inşa etdirilmiş, bununla da saray kompleksi tamamlanmışdır. Abidə 1810-cu ildə Hüseynqulu xanın hakimiyyəti dövründə əsaslı şəkildə təmir edilmiş və ona bir sıra yeni tikililər əlavə olunmuşdur. Sərdar sarayının divarlarındakı rəsm əsərləri isə 1815-ci ildə Təbriz rəssamlıq məktəbinin nümayəndəsi olan Mir Əbdürrza Xan tərəfindən tamamlanmışdı. 1827-ci ildə rusların İrəvanı işğal etməsindən sonra saray ciddi dağıntılara məruz qalmışdır.
1837-ci ildə tərtib edilmiş planda sarayın təqribən 1 hektar ərazini əhatə etdiyi aydın olmuşdur. Sarayda XIX əsrin ortalarında təmir-bərpa işləri aparılmışdır. 1867-1874-cü illərdə Sərdar sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim İrəvani həyata keçirmişdir.
XX əsrin əvvəllərindən etibarən Sərdar sarayı sürətli şəkildə dağıdılmağa başlanılmışdır. 1914-cü ildə sarayın tamamilə dağıdılmasından sonra onun içərisindəki portretlər sökülərək Gürcüstana aparılmışdır. Həmin əsərlər hazırda Gürcüstan Dövlət Muzeyindədir. Sarayın yerlə-yeksan edilməsindən sonra onun ərazisində konyak zavodu inşa edilmişdir.