Qərbi Azərbaycan İcması
Tatev monastır kompleksi - Zəngəzurun Qarakilsə nahiyəsinin Gorus şəhərinin yaxınlığında, Oxçu çayının sahilində yerləşir. Monastır Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunmuşdur. Bu monastır XI əsrdə alban monastırı kimi tikilmiş, sonradan erməniləşdirilmişdir. Monastırın adı Moisey Kalankatuklunun “Alban tarixi” əsərində çəkilir. Albanlar xristianlığın diofizit məzhəbinə mənsub olduğu üçün erməni kilsəsi tərəfindən sıxışdırılmışdır. 1286-cı ildə monastır Orbelilər nəslinin nəzarəti altına keçmişdir. XVI-XVIII əsrlərdə Səfəvilərin hakimiyyəti dövründə kompleksdə bərpa işləri həyata keçirilmiş və bir neçə yeni bina inşa olunmuşdur. XVIII əsrin əvvəllərinə aid erməni mənbələrində Tatev monastırının Eçmiədzin kilsəsinə qarşı mübarizə apardığı qeyd edilir. 1822-ci ildə Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə qatılmasından sonra, 1836-cı ildə alban həvari kilsəsinin müstəqilliyinə son qoyulmuş və Tatev monastırı yeparxiya kimi Eçmiədzin katolikosluğuna tabe etdirilmişdir.