Qərbi Azərbaycan İcması
Təpəbaşı məhəlləsində məscid - Bəzi mənbələrdə Təpəbaşı məscidinin inşa tarixinin 1687-ci il olduğu qeyd edilsə də, onun dəqiq tikilmə tarixi məlum deyildir. Bizə çatan məlumatlara əsasən onun ən azı XIX əsrin 40-cı illərində mövcud olduğu bildirilir. Çox güman ki, məscid daha qədimdir və XVII–XVIII əsrlərə aiddir. Bəzi məlumatlara görə məscid İrəvan şəhər idarəsinin üzvü Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikilmişdir.
Təpəbaşı məscidi İrəvan şəhərinin eyniadlı yaşayış massivində yerləşir. Məscid tamamilə kərpicdən tikilmişdir. Fotoşəkillərdən göründüyü kimi, İrəvandakı bir sıra digər məscidlərdən nümunə götürərək təkrarlanan rombvari naxışlı şirli mozaika plitələrlə üzlənmiş əsas günbəz qorunub saxlanmamışdır. Divarlarının qalınlığı 1,5 metrdir.
Məscidin minarəsi 1960-cı illərdə uçmuşdur. Sonralar məscidin həyətində və ətrafında gecəqondular inşa edilmişdir. Hazırda dağıdılmış vəziyyətdə olan bu məsciddə, eləcə də imam otağında erməni ailələri məskunlaşmışlar. Erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini isə ermənilər hələ də “Xanın evi” adlandırırlar.