Qərbi Azərbaycan İcması
Urud abidələri - Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində (dəyişdirilmiş adları ilə: Sisian rayonunun Vorotan kəndi) yerləşən Urud qəbiristanlığında XV–XVII əsrlərə aid olan çoxlu qoç şəkilli və sənduqə formasında məzar daşları olmuşdur.
Qəbiristanlıq 1961-ci ildə Ermənistan Arxeologiya İnstitutunun və Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə ekspedisiyası zamanı aşkar edilmişdir. Bu abidələr üzərində ərəb, fars, Azərbaycan dillərində həkk olunmuş kitabələr və türk tayfaları ilə bağlı təsvirlər mövcud idi.
AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin burada aşkar etdiyi XV–XVII əsrlərə aid qoç heykəlli və sənduqə formalı məzar daşları Zəngəzurda yaşamış Alban türk tayfalarının bu dövrdə artıq İslamı qəbul etdiyini təsdiq edir.
Qəbiristanlıqda ümumilikdə 13 sənduqə, 4 qoç heykəlli məzar daşı qeydə alınmışdı.
1988-ci ildə azərbaycanlıların tarixi-etnik torpaqlarından zorla deportasiyasından sonra Urud abidələri ermənilər tərəfindən tamamilə dağıdılmışdır.