Qərbi Azərbaycan İcması
Urud qalası - qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VI-VII əsrlərdə inşa edilmişdir. Qala 1075-1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qalanı 1104-cü ildə Səlcuq türkləri ələ keçirmişlər. XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir. Qaraqoyunlu hökmdarı Qara Yusif 1407-ci ildə Urud qalasını almış və yerli feodal məlik Bağırı qalanın hakimi təyin etmişdir. Qaraqoyunlu feodallarından olan Məlik Bağırın tayfası üç yüz ilə yaxın bir müddətdə Urud qalasının hakim olmuşlar. Məlikbağırlılar XX əsrin əvvəllərinə kimi Urudda yaşamış, yüksək dini təhsil görmüş, dini rütbə daşımış, savadlı, sayılıb seçilən bir nəsil kimi tanınmışlar. Urud qalası indi uçulub-dağılmış haldadır, qalanın yuxarıdan görünüşü şimal-qərb və cənub-şərqə doğru uzanan yəhər formasındadır. Qala hər üç tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Yalnız cənub-qərb tərəfdən qoşa hasar divarlarının qalıqları görünür. Hasar iri, yonulmamış bazalt daşlarla və gəc məhlulla hörülmüşdür. Urud qalasının Bazarçaya baxan divarında çaya doğru gedən yeraltı yolun qalıqları indiyədək saxlanılmaqdadır.