Dərəçiçək xalçası - 1339-cu il (hicri təqvimlə) 

Xalça. Yun. Xovlu. 244x166. h. 1339 (1918) İrəvan qrupu. Qərbi Azərbaycan, Dərəçiçək, Axta.

Xalçanın mərkəzindəki yaşıl yerlikli medalyonun içərisində sağ və solda h. 1339 tarixi iki hissədə işlənib. Sumağı yerlikli bu xalçanın ara sahəsində üç böyük ölçülü səkkizbucaqlı göl yerləşir. Xalçanın mərkəzindəki göl tünd yaşıl yerlikli, yuxarı və aşağı hissələrdəki göllər isə göy yerliklidir. Yaşıl yerlikli gölün mərkəzində eyni formalı, nisbətən kiçik ölçülü altıbucaqlı göl, yuxarı və aşağı hissələrində isə dördbucaqlı, narıncı yerlikli həndəsi element yerləşir.

Altıbucaqlı, kiçik ölçülü gölün mərkəzində kənarları dilikli narıncı və açıq-qəhvəyi rənglərlə işlənmiş, mərkəzində isə rombvari element tərtib edilmiş medalyon yerləşir. Dördbucaqlı elementlərin içərisində “qoşabuynuz” ornamenti vardır.

Göy yerlikli böyük ölçülü gölün boşluqlarında səkkizguşəli ulduz, səkkizləçəkli çiçək və stilizə edilmiş “keçi” təsvirləri yerləşir. Gölün kənarları sağ və soldan göy, çəhrayı və açıq-yaşıl rənglərlə işlənmiş kiçik ölçülü kvadratşəkilli motivlərlə, aşağı və yuxarı hissələrdə isə çəhrayı, yaşıl, göy və mavi rəngli qırıq-qırıq xətlərlə tamamlanır.

Xalçanın yuxarı hissəsindəki göy rəngli gölün içərisində də eyni elementlər təkrarlanır. Lakin bu elementlər yaşıl, narıncı və qəhvəyi rənglərlə işlənib. Səkkizbucaqlı, nisbətən kiçik ölçülü göl isə tünd qəhvəyi yerliklidir. Gölün kənarları ağ və qəhvəyi kvadrat, həmçinin “Z” şəkilli motivlərlə əhatə olunub.

Dördbucaqlı həndəsi elementlər sumağı yerlikli “qoşabuynuz” motivləri, açıq-yaşıl rəngli, yuxarıdakı elementin kənarları yaşıl və narıncı, aşağıdakı elementin kənarları isə qəhvəyi və sarı rəngli maili düzülüşlü xətlərlə tərtib edilib.

Ara sahənin aşağı hissəsindəki göy yerlikli gölün içərisində səkkizbucaqlı, nisbətən kiçik ölçülü göl sumağı rənglə işlənib. İçərisindəki ornamentlər narıncı, tünd yaşıl, açıq qəhvəyi, şəkəri və göy rənglərlə, kənarları isə sarı və sumağı kvadrat və “Z” şəkilli elementlərlə əhatə olunub.

Gölün yuxarı hissəsindəki həndəsi element sumağı yerlikli, içərisindəki “qoşabuynuz” motivi açıq-yaşıl rənglidir. Həndəsi elementin kənarları isə açıq-yaşıl və narıncı kvadratşəkilli elementlərlə tamamlanır.

Gölün aşağı hissəsində kiçik ölçülü səkkizbucaqlı göl yerləşir. Kiçik ölçülü bu gölün daxilindəki həndəsi element narıncı yerliklidir. “Qoşabuynuz” motivi tünd yaşıl rəngdə, həndəsi elementin kənarlarındakı kvadratşəkilli və hissələrdəki “Z” şəkilli motivlər isə yaşıl və narıncı rənglərlə tərtib edilib.

Xalçanın tünd və açıq-yaşıl yerlikli ana haşiyəsinin kənarları pilləli klassik elementlər, “cütbuynuz” motivləri və digər elementlərlə bəzədilib. Pilləli klassik elementlərin mərkəzində “dördünsür” motivi vardır.

Ana haşiyəni hər iki tərəfdən sumağı və göy rəngli “mollabaşı”larla işlənmiş bala haşiyələr əhatə edir. Haşiyələr hər iki tərəfdən ağ və qəhvəyi rənglərlə tərtib edilmiş kvadratşəkilli mədaxillərlə tamamlanıb.

Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli. — Bakı: Elm, 2011. —  s 264-265.