Qərbi Azərbaycan İcması
Xalça "Hamamlı" - 1279-cu il (hicri təqvimlə)
Yun. Xovlu. 228x167. h. 1279 (1858) İrəvan qrupu. Qərbi Azərbaycan, Pəmbək, Hamamlı.
Xalçanın ara sahəsinin yuxarı hissəsində sağ tərəfdə h. 1279 tarixi vardır. Xalçanın kompozisiyası ara sahə va haşiyə hissəsindən ibarətdir. Qırmızı yerlikli ara sahədə böyük ölçülü göl yerləşdirilmişdir. Yaşıl yerlikli ara sahədə böyük ölçülü gölün içərisində ağ yerlikli dördbucaqlı həndəsi medalyon tərtib edilmişdir. Medalyonun kənarları qırmızı rəngli “qoşabuynuz” motivləri ilə əhatə olunmuşdur. Medalyonun mərkəzində kiçik ölçülü dördbucaqlı elementin içərisində səkkizguşəli ulduz, sağda ağ, yaşıl, solda isə sarı, göy rəngli kənarları pilləli kiçik ölçülü klassik elementlər işlənmişdir. Dördbucaqlı elementin kənarları sarı, qırmızı ağ “siçandişi”lər və göy qırmızı diliklərlə əhatə olunmuşdur. Yaşıl yerlikli gölün boşluqları sağ, sol, baş və ayaq hissələrdə içərisində “qoşabuynuz”, qədim yunan motivlərini xatırladan elementlər və pilləli klassik elementlər işlənmiş düzbucaqlı həndəsi elementlərlə doldurulmuşdur. Gölün kənarları içərisində səkkizguşəli ulduz, rombşəkilli və kənarları pilləli klassik elementlər işlənmiş ağ yerlikli haşiyə ilə əhatə olunmuşdur. Gölün yuxarı və aşağı hissəsindəki çıxıntılarda sağ və sol istiqamətə yönəldilmiş qarmaqlı motivlərin arasında “ərsinə” bənzər element təsvir edilmişdir. Qarmaqlı elementlər “siçandişi”yə bənzər düzülüşlə işlənmişdir. Xalçanın ara sahəsinin künclərindəki boşluqlar içərisində “qoşabuynuz” motivləri işlənmiş, kənarları “mollabaşı” və “siçandişi”lərlə tamamlanmışdır. Eyni motivlər ara sahənin digər hissələrində də təkrarlanır. Ara sahənin boşluqlarında təsvir edilmiş “S”- ə bənzər və kənarları pilləli kiçik ölçülü klassik elementlər də aydın nəzərə çarpır. Xalçanın göy yerlikli ara haşiyəsi qırmızı, şəkəri və sarı rənglərlə işlənmiş qarmaqlı motivlərlə bəzədilmişdir. Bu elementlər sarı və qırmızı rənglərlə tərtib edilmişdir. Ara haşiyə hər iki tərəfdən içərisində səkkizguşəli ulduzlar və “S” - ə bənzər elementlər təsvir edilmiş sarı yerlikli bala haşiyələrlə əhatə olunmuşdur. Səkkizguşəli ulduzlar və “S” -ə bənzər motivlər qırmızı, sarı, mavi, göy və yaşıl rənglərlə işlənmişdir. Bala haşiyələrin kənarları ağ və qırmızı rəngli “siçandişi”lərlə tamamlanır. Xalçada rəng tərtibatı yüksək peşəkarlıqla həll edilmiş və baxımlı, estetik baxımdan zəngin bir görünüş yaradılmışdır.
Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli.- Bakı: Elm, 2011.- 280 s.