Kəvər xalçası - 1332-ci il (hicri təqvimlə) 

Xalça. Yun. Xovlu. 222x152. h. 1332 (1911). İrəvan qrupu. Qərbi Azərbaycan, Göyçə, Kəvər

Xalçanın yuxarı hissəsində yaşıl gölün sağ və solunda h. 1332 tarixi verilib. Zoğalı yerlikli bu xalçanın ara sahəsində böyük ölçülü, yaşıl rəngli göl yerləşdirilib. Gölün kənarlarında üçbucaq formalı çıxıntılar vardır. Çıxıntılar və digər hissələr göy, zoğalı və qırmızı rəngli “su”larla əhatə olunub.

Yaşıl gölün içərisində bir-birinin ardınca düzülmüş üç rombvari medalyon təsvir edilib, medalyonlar bir-birinə bitişik formada işlənib. Medalyonların mərkəzində dördbucaqlı formalı, kənarları çıxıntılı kətəbələr vardır və bu kətəbələrin yuxarı və aşağı hissələrində “buynuz” motivləri, sağ və sol tərəflərində isə çıxıntılarla tərtib edilmiş elementlər yerləşdirilib.

Xalçanın yuxarı və aşağı hissəsindəki medalyonlar “T” hərfinə bənzər formada olub, kənarları qarmaqlı elementlərlə tamamlanır. Rombvari medalyonların kənarları mavi və yaşıl rəngli “su”larla, eləcə də qara rəngli dişlik elementlərlə işlənib.

Xalçanın mavi yerlikli ara haşiyəsi zoğalı rəngli dalğavari elementlərlə bəzədilib. Dalğavari elementlərin arasındakı boşluqlar gül, budaq və rombvari motivlərlə doldurulub. Ara haşiyəni göy və zoğalı yerlikli haşiyələr əhatə edir. Göy yerlikli haşiyədəki gül və budaq motivləri zoğalı rənglə, zoğalı yerlikli haşiyədəki eyni motivlər isə mavi rənglə tərtib edilib. Haşiyələr hər iki tərəfdən ağ və zoğalı rəngli qırıq-qırıq xətlərlə tamamlanır.

Ara sahənin kənarları mavi və sürməyi rəngli dişliklərlə əhatə olunub. Dişliklərin kənarları qara rəngli “su”larla tamamlanır.

Xalça Qazax məktəbi üçün səciyyəvi olan xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, Kəvər bölgəsinə xas olan ənənəviliyi də özündə yaşadır.

Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli.- Bakı: Elm, 2011. s. 260-261.