Xalça "Zəngəzur" - 1331-cu il (hicri təqvimlə)

Xalça. Yun. Xovlu. 246x157. h. 1331 (1910) İrəvan qrupu. Qərbi Azərbaycan, Zəngəzur, Qarakilsə rayonu, (02.03.1940-cı ildən Sisian)

Xalçanın ara sahəsindəki yaşıl rəngli gölün alt hissəsindəki boşluqda h. 1331 tarixi verilib. Xalçanın kompozisiyası ara sahə və haşiyə hissələrindən ibarətdir. Sumаğı yerlikli ara sahədə üç böyük ölçülü altıguşəli göl yerləşdirilib. Mərkəzdəki yaşıl yerlikli gölün içərisində qırmızı rəngli dördbucaqlı medalyon təsvir edilib. Medalyonun mərkəzində sürməyi rəngli, kənarları qarmaqlı element təsvir olunub. Qarmaqlar ağ rənglə işlənib.

Azərbaycan dekorativ-tətbiqi sənəti nümunələrində, o cümlədən xalçalarda çoxbucaqlı qarmaqlı ornamentlər geniş şəkildə təmsil olunub. Xalçalarda qarmaqlı ornamentlərin çoxsaylı nümunələrinə rast gəlmək mümkündür. Qarmaqlı ornamentlər yalnız xalçalarda deyil, digər məişət əşyalarında – məfrəşlərdə, xalça materialından hazırlanmış duz torbalarında, xurcunlarda və dəvə çullarında da müxtəlif formalarda təsvir edilib. Bu ornamentlərin istifadəsi ənənəsi müasir dövrdə də davam etdirilir.

Yaşıl yerlikli gölün daxilindəki sumağı rəngli medalyonun yuxarı və aşağı hissələrində sürməyi və sumağı rəngli qollar çarpazlanır. Medalyonun sağ və sol tərəflərində “sünbül”ə bənzər elementlər işlənib. Bu elementlər sürməyi, sumağı və sarı rənglərlə tərtib edilib. Medalyonun üst və alt hissəsinin mərkəzində ucu rombşəkilli motivlər işlənib. Eyni motivlər “sünbül”ə bənzər elementlərdə də təkrarlanır. Medalyonun kənarları ağ və sumağı rəngli qırıq-qırıq xətlərlə işlənib və xətlərin kənarları qəhvəyi rəngli “su”larla tamamlanıb.

Ara sahənin yuxarı və aşağı hissəsindəki göy yerlikli göllərin daxilində böyük ölçülü rombvari medalyonlar vardır. Medalyonların kənarları sumağı rəngli qarmaqlarla tərtib edilib. Ağ yerlikli bu medalyonların daxilində nisbətən kiçikölçülü rombvari medalyon yerləşdirilib. Böyük ölçülü medalyonların kənarlarında işlənmiş qarmaqlı motivlər kiçik ölçülü medalyonlarda da eyni rəngdə təkrarlanır. Göy rəngli göllərin kənarları ağ və qırmızı rəngli qırıq-qırıq xətlərlə tamamlanıb.

Xalçanın ara haşiyəsi sumağı, yaşıl, bənövşəyi və sürməyi rəngli, kənarları pilləli elementlərlə bəzədilib. Pilləli elementlərin kənarları ağ rəngli “su”larla tamamlanıb. Ara haşiyə xaricdən daxilində sumağı, yaşıl və bənövşəyi rəngli klassik elementlər və səkkizguşəli ulduz motivləri işlənmiş sürməyi yerlikli haşiyə ilə əhatə olunub.

Yaşıl yerlikli haşiyə daxildən ağ və qırmızı, xaricdən isə narıncı və ağ rəngli xətlərlə; sürməyi yerlikli haşiyə isə daxildən narıncı və ağ, xaricdən isə ağ və qırmızı rəngli qırıq-qırıq xətlərlə əhatələnib. Ara haşiyənin kənarları ağ rəngli “su”larla işlənib.

Mənbə: AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu; tərt. V. A. Muradov; elmi red.: Y. M. Mahmudov, A. Şirəliyeva; rəy.: B. Ə. Budaqov, E. V. Əlibəyli.s.256-257- Bakı: Elm, 2011.