Qərbi Azərbaycan İcması
Yunis Hacı Süleyman oğlu Süleymanov - (23 yanvar 1878, İrəvan – 05 yanvar 1950) – İrəvanda Azərbaycan teatrının formalaşması Yunis Nurinin adı ilə bağlıdır. Yunis Nuri fitri istedadlı aktyor, teatr təşkilatçısı və rejissor kimi ömrünü İrəvan teatrına həsr etmişdir.
Dindar atasının tövsiyəsi ilə altı il mollaxanada oxuyub, özü də həvəs və maraqla. Ancaq bir il gimnaziyada oxumaqla və şagirdlərlə müəllimlərin birgə hazırladıqları tamaşada oynamaqla həyat yolunu dəyişib. Hətta sonralar özü truppa yığıb, teatr tamaşaları hazırlayanda əsas həvəskar qüvvələr onun gimnaziya dostları olub.
Yunis Nuri səhnəyə ilk dəfə 8 dekabr 1890-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şərəbanu xanım rolu ilə çıxmışdır. Bununla da səhnə sənətinin sehrinə düşüb bütün taleyini onun çiçəklənməsinə yönəldən Yunis Nuri aktyor və rejissor kimi fəaliyyət göstərmişdir.
1905-1907-ci illərdə "şeytan" əməli ilə məşğul olub, "kafirlik", "mütrüblük" etdiyinə görə iki dəfə ciddi bədən xəsarəti alması da Yunis Nurini amalından döndərə bilməyib.
O, dram kollektivi ilə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", Nəriman Nərimanovun "Nadanlıq", "Nadir şah", "Dilin bəlası" ("Şamdan bəy"), Nikolay Qoqolun "Müfəttiş", Sultanməcid Qənizadənin "Xor-xor", "Dursunəli və ballıbadı", "Axşam səbri xeyir olar", Rəşid bəy Əfəndiyevin "Qan ocağı", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Üzeyir bəy Hacibəyovun "Arşın mal alan", "Məşədi İbad", Zülfuqar bəy Hacibəyovun "Əlli yaşında cavan", Namiq Kamalın "Vətən", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", "Ev tərbiyəsinin bir şəkli", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ac həriflər", Aleksandr Ostrovskinin "Kimdir müqəssir?" əsərlərini tamaşaya hazırlayıb.
İrəvan İslam Dram Şirkətinin aktyorları Yunis Nurinin rejissorluğu ilə 1916-cı il mayın 26-da Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” əsərini, iyunun 9-da isə “İran faciələri”ni və “Qız istəmək” məzhəkəsini, sentyabr ayında isə “Arşın mal alan” operettasını tamaşaya qoymuşdular. 1917-ci ildə isə teatr həvəskarları yazıçı Rza Zakinin (Lətifbəyov) “Sultan Əbdülhəmidin xəli” əsərini “Zülm və istibdadın axırı” adı altında səhnələşdirmişdilər. 1918-1920-ci illərdə ermənilər İrəvan şəhərində kütləvi qırğınlar törətmişdilər. Bu kütləvi qırğınlardan qaçıb canını qurtara bilən İrəvanın həvəskar aktyorlarının böyük bir qismi, başda Yunis Nuri olmaqla, İranın Xoy şəhərinə mühacirət etmişdilər. Həmin truppa üç ilə qədər orada qalmış, truppanın üzvləri çörəkpulu qazanmaq üçün müxtəlif işlərdə çalışsalar da, hərdən teatr tamaşaları da göstərmişdilər.
1921-ci ilin ikinci yarısından etibarən İrana, Türkiyəyə və Azərbaycana sığınmış irəvanlı qaçqınlar tədricən geri qayıtmağa başlamışdılar. İrəvan şəhərində azərbaycanlıların mədəni-maarif problemləri əsasən 1921-ci ilin dekabrında yaradılan Türk klubu ətrafında birləşən azərbaycanlı ziyalıların vasitəsi ilə həll edilirdi. 1922-ci ilin fevralından Mərkəzi türk klubu adlanan klubun nəzdində Yunis Nurinin başçılığı ilə həvəskar artistlərin cəmləşdiyi Türk teatr truppası fəaliyyət göstərirdi. 1923-cü ilin əvvəlində teatr dərnəyinin nizamnaməsi geniş müzakirə edilir və qəbul olunur 1924-cü ilin may ayında Mərkəzi Türk klubu nəzdindəki dram dərnəyinə müstəqil teatr truppası statusu verilir. Türk truppasının tamaşaları Mərkəzi türk klubunda hazırlanır və orada da nümayiş etdirilirdi.
Özünün daha çox dəyərləndirdiyi və şövqlə ifa etdiyi rollar bunlardır: Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Fərhad, Həsən kişi ("Bəxtsiz cavan" və "Ac həriflər", Əbdürrəhim bəy Haqverdıyev), Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy Vəzirov), Təbib, Qazı ("Zorən təbib" və "Cancur Səməd", Jan Batist Molyer), Atakişi, İmamverdi, Həsən, Aftil, Yanardağ ("Sevil", "1905-ci ildə", "Yaşar", "Almaz" və "Od gəlini", Cəfər Cabbarlı), Rayçaran ("Hind qızı", Əbdülhəq Hamid), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Hacı Salah ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Qratsiano ("Otello", Vilyam Şekspir), Soltan bəy ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov). Qədim İrəvan şəhərinin özündə, Göyçə, Basarkeçər, Qarakilsə, Qaranamaz, Dilican, Vedibasar, Uluxanlı... və bu kimi Azərbaycan mahallarında teatr sənətinin geniş miqyaslı fəaliyyəti sənət fədaisi Yunis Nurinin adı ilə sıx bağlıdır. Səhnəni həyat amalına çevirmiş Yunis Nuri İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə müvəqqəti bağlanana qədər səhnədən ayrılmayıb. Aktyor İrəvanda istehsal olunmuş "Zəngəzur" (Əhməd), "Anahid" (Kişi), "Göyçə gölü balıqçıları" (Kəndli), "Dağ marşı" (Həsən), "Xaspuş" (Ata) və sair filmlərə çəkilib.
1928-ci il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə səyyar tipli İrəvan Dövlət Türk (Azərbaycan) Dram Teatrı yaradılmışdı. Teatr truppasının formalaşmasına rəhbərliyi peşəkar aktyor Yunis Nuri etmişdir. Azərbaycan teatr sənətinin İrəvan şəhərində inkişafındakı xidmətlərinə görə Yunis Nuri 1936-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1950-ci ildə vəfat edən Yunis Nurinin həyat və fəaliyyətinə həsr edilmiş kitablar və məqalələr yazılmışdır.