Xəbərlər

ÖLKƏ BAŞÇISI YENİ HƏDƏFLƏRİ GÖSTƏRDİ— İNTELLEKTUAL QÜDRƏT VƏ MİLLİ KİMLİK SİYASƏTİ
04 noyabr 2025, 09:54

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı tarixi çıxışı ölkənin gələcək inkişafının strateji yol xəritəsini cızdı. Cənab Prezidentin çıxışı Zəfər ruhu, iqtisadi qüdrət və milli kimliyin qorunması ideyası üzərində qurulmuşdu. Dövlət başçısı intellektual potensialı "tükənməz sərvət" elan edərək, Azərbaycan elmini yeni hədəflərə səslədi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışına son on ilin, xüsusilə də Vətən müharibəsinin və antiterror əməliyyatlarının nəticəsi olan şanlı Zəfərlə başladı. Cənab Prezident dünyada gedən prosesləri müqayisə edərək: "Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır!" – deyə qürurla bəyan etdi. O, bu misilsiz qələbənin nəticəsində Azərbaycanın bütün suveren torpaqlara sahib olduğunu, ərazimizdə nə işğalçı qüvvələrin, nə də xarici hərbi birləşmələrin qalmadığını vurğuladı. Cənab Prezident qeyd etdi ki, beynəlxalq hüququn pozulduğu, BMT Təhlükəsizlik Şurasının 30 il icra edilməyən qətnamələrinin güc yolu ilə həyata keçirildiyi bir dövrdə güclü iqtisadiyyat və güclü ordu əsas amilə çevrilib. Dövlət başçısı bir neçə gün sonra qeyd ediləcək tarixi Zəfər Günü münasibətilə keçiriləcək hərbi paradın Azərbaycan xalqının əbədi qüruru olacağını bildirdi.

Daha sonra AMEA-nın 80 illik yoluna nəzər salan cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin elmə və alimlərə olan xüsusi diqqətini və kadr hazırlığı siyasətini qeyd etdi. Bu siyasət müstəqillik illərində də davam etdirilmiş, elmə ayrılan vəsait son on ildə iki dəfədən çox artırılmışdır. Lakin cənab Prezident gələcəyin prioritetlərini bəyan edərək qeyd etdi ki: "Təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna dövlət sərmayə qoyarsa." Ölkənin təhlükəsizliyini və inkişafını şərtləndirən texnoloji inkişaf əsas prioritet elan edildi. Dövlət başçısı xüsusilə süni intellektin inkişaf etdirilməsi, rəqəmsallaşmanın geniş tətbiqi və kibertəhlükəsizlik sahəsində (virtual deyil, fiziki təhlükəsizlik amili kimi) beynəlxalq tərəfdaşlarla birgə çox geniş proqramlar üzərində işlənməsi zərurətini alimlərin diqqətinə çatdırdı.
Cənab Prezident iqtisadi müstəqilliyin siyasi müstəqilliyi gücləndirdiyini vurğulayaraq, iqtisadiyyatın aparıcı təkanverici qüvvəsi olan qeyri-neft sektorunun uğurlarını diqqətə gətirdi. Ölkənin maliyyə dayanıqlılığı inanılmaz dərəcədə güclüdür: valyuta ehtiyatları 80 milyard dolları ötüb və xarici borcdan 16 dəfə çoxdur. Bu maliyyə qüdrəti Qarabağ və Şərqi Zəngəzurda dünyada misli görülməmiş böyük bərpa layihələrini sürətləndirməyə imkan verir. Yeni iqtisadi istiqamətlər kimi, bərpaolunan enerji layihələri (6000 MVt hədəfi), hərbi sənayenin inkişafı, xüsusilə də yerli Pilotsuz Uçuş Aparatları (PUA) istehsalı və Qarabağ-Şərqi Zəngəzurda aparılan genişmiqyaslı geoloji kəşfiyyat işləri qeyd olundu.
Cənab Prezident İlham Əliyev çıxışının ən prinsipial hissəsini Azərbaycanın zəngin tarixi və dilinin saflığının qorunması məsələlərinə həsr etdi. Dövlət başçısı Ermənistan və erməni diasporu tərəfindən təhrif edilmiş tariximizin qarşısına həqiqətlərimizin qoyulmasının, daha çox elmi əsərlər və tarixi xəritələrin dərc edilməsi ilə cavab verilməsinin vacibliyini xüsusi vurğuladı. Bu kontekstdə, Qərbi Azərbaycana qayıdış mövzusu qətiyyətlə səsləndi. Cənab Prezident azərbaycanlıların yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verdiyini və heç vaxt separatizmə yol vermədiyini bildirərək, tarixi ədalətin bərpası üçün çağırış etdi: "Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq!"
Nəhayət, cənab Prezident 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxundu: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır! Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər."
Dövlət başçısı bütün dövlət strukturlarına Azərbaycan alimləri ilə daha sıx işləmək və elmi biliklərin iqtisadiyyatda praktik nəticələrə çevrilməsi üçün ciddi göstəriş verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki bu dərin və emosional çıxışı Azərbaycan elminin yeni Zəfər erasının reallıqlarına uyğunlaşaraq ölkənin daha da qüdrətlənməsi prosesinə güclü bir təkan olaraq yadda qalacaq.

https://aia.az/114375-olke-bascisi-yeni-hedefleri-gosterdi.html