Qərbi Azərbaycan İcması
Fevralın 28-də Qərbi Azərbaycan İcmasında (QAİ) Basarkeçər rayonu Sətənəxaç kənd icma sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfiyar Nəsibovun müəllifi olduğu “Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı olub.
Təqdimatda çıxış edən QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son bir ildə Qərbi Azərbaycana qayıdış ideyasının intensiv şəkildə beynəlxalq müstəviyə çıxarıldığını bildirib.
Qarşıda duran hədəflər barədə danışan İcma sədri vurğulayıb ki, Qərbi Azərbaycan həqiqətləri sistemli şəkildə dünya ictimaiyyətinə çatdırılır.
Kitabın Qərbi Azərbaycana məxsus tarixin öyrənilməsində əhəmiyyətli mənbə olduğunu deyən Ə.Ələkbərli deyib ki, təkcə Ağbaba - Şörəyeldə deyil Qərbi Azərbaycanın bütün bölgələrindən İkinci Dünya müharibəsinə gedib qayıtmayanların siyahısı da tərtib olunmalıdır.
Nəşrin müəllifi Lütfiyar Nəsibov bildirib ki, kitabda Ağbaba və Şörəyel bölgələrində (Amasiya inzibati rayonu) yaşamış azərbaycanlıların İkinci Dünya savaşında iştirakları, onlardan həlak olan və ya itkin düşənlərin doğulduqları və yaşadıqları 22 kənd üzrə adbaad siyahılarının müəyyənləşdirilməsi, onların hər birinin – həlak olmuş və itkin düşmüş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, həyatını itirdiyi və dəfn edildiyi yerlə bağlı məlumatlar öz əksini tapıb.
O diqqətə çatdırıb ki, əsas mənbə kimi sovet ordusunun, SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Dövlət Arxivində saxlanılan: hər bir kənd üzrə hərbi komissarlığın hazırladığı müharibədən qayıtmayanların siyahısı və bu siyahılara əlavə edilmiş digər sənədlər, döyüş meydanlarından hərbi hissə komandanlığının hazırladığı canlı qüvvələrin itkiləri haqqında məlumatlardan, məruzələrdən, onların müxtəlif arxiv fondlarında saxlanılan elektron variantlarından istifadə olunub.
Vurğulanıb ki, kitabda orden və medallar, təltiflər barədə və təltif sənədləri haqqında da qısa məlumatlar əks etdirilib. Həmçinin arxivlərdə saxlanılan rus dilindəki qısa məlumat, bu məlumatların daşıyıcısı olan sənədin nömrəsi, tarixi və sənəddən qısaldılmış kiçik bir hissə verilir. Kitabda müharibədən qayıtmayanların fotoşəkilləri də yer alıb. Kitabın sonunda Amasiya rayon Hərbi Komissarlığının müharibədən qayıtmayanlar haqqında sənədlərinin surətləri, “qara kağızlar”ın (bildirişlərin) uçotu jurnalının bütün səhifələrinin faksimileləri verilir.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa qeyd edib ki, kitabda 600-dən artıq azərbaycanlı haqqındakı məlumatlar arxiv sənədləri əsasında dəqiqləşdirilib. Məlumatlar təkcə Sovetlər Birliyinin yox, həm də Avropa ölkələrinin arxiv sənədləri əsasında toplanılıb.
Kitab indiki Ermənistan ərazisində azərbaycanlıların izini silməyə çalışanlara tutarlı cavabdır.
O, bu istiqamətdə də işlərin davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, İkinci Dünya müharibəsində vəfat edən və itkin düşən soydaşlarımız haqqında məlumatlar toplanılıb sistemləşdirilməlidir.
Digər çıxış edənlər də kitabın indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan torpağında mövcud olmuş azərbaycanlı yaşayış məntəqələrinin və orada yaşamış soydaşlarımızın aqibəti haqqında son dövrdə yazılan sanballı əsərlərdən olduğunu deyiblər.
Vurğulanıb ki, hazırda Ermənistanın dövlət siyasəti mərhələlərlə soyqırımlarına və deportasiyalara məruz qalan soydaşlarımızın izini silməyə və onlara məxsus olmuş maddi-mədəniyyət nümunələrini yox etməyə, bu da mümkün olmadıqda başqa millətlərin ayağına yazmağa yönəlib.
Lakin istər çar Rusiyası dövründə, istərsə də sovet hakimiyyəti illərində aparılan siyahıyaalmalar, yaşayış məntəqələri haqqında verilən məlumatlar yetərincədir ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımız haqqında kifayət qədər dolğun mənzərə ortaya qoyulsun.
Bu mənzərəni yaratmaq məsuliyyəti isə Qərbi Azərbaycanla bağlı araşdırma aparan ayrı-ayrı tədqiqatçıların üzərinə düşür. Kitab da bu baxımdan əhəmiyyətli tarixi materialdır.
Qeyd edək ki, kitabın elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.