Ağdam – xarabalıqlardan dirçələn yurdun hekayəsi
20 noyabr 2026, 16:00

Əziz Ələkbərli,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

Əziz Ələkbərli,

Milli Məclisin deputatı,

Qərbi Azərbaycan İcması

İdarə Heyətinin sədri

Qarabağın qoynunda yerləşən Ağdamın tarixi çox qədimlərə gedib çıxır. Bu torpağın arxeoloji qatlarında minilliklərin izləri yaşayır. Üzərriktəpədə aparılan tədqiqatlar burada qədim yaşayış mədəniyyətinin, əkinçiliyin və oturaq həyatın mövcudluğunu üzə çıxarıb. Tapılan taxıl və üzüm qalıqları bu ərazidə insanların hələ qədim dövrlərdən torpağa bağlandığını, zəhmətlə güzəran qurduğunu göstərir. Ağdamın tarixi yalnız daşlarda, arxeoloji tapıntılarda deyil, bu torpağın hər qarışında, hər kəndində, hər ocağında yaşayır.

 Şəhərin adı ilə bağlı müxtəlif izahlar mövcuddur. Onlardan birində qədim türk dilində kiçik qala mənası önə çəkilir, digərində isə Pənahəli xanın ağ daşdan tikdirdiyi imarətlə əlaqələndirilərək işıqlı, ağ ev anlayışı ilə izah olunur. Hər iki yozumda Ağdamın müdafiə, yurd və işıq məfhumu ilə bağlılığı diqqət çəkir.

Ağdamın yaddaşında Pənahəli xanın adı, İmarət kompleksi, Şahbulaq qalası, qədim məscidlər və Qarabağın zəngin mədəni irsi xüsusi yer tutur. Bura həm də muğamın, Qarabağ atlarının, sənətkarlığın və zəhmətkeş insanların yurdudur. Bir zamanlar şəhərin küçələrində həyat qaynayır, bazarlarında ticarət gedir, məktəblərində uşaqların səsi eşidilir, mədəniyyət ocaqlarında Qarabağın ruhunu yaşadan musiqilər səslənirdi.

Lakin 1993-cü ilin 23 iyulu Ağdamın taleyinə ağır bir sınaq yazdı. 42 gün davam edən döyüşlərdən sonra rayon ərazisinin böyük hissəsi işğal olundu. Şəhər və 90 kənd düşmən nəzarətinə keçdi. 128 min insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Minlərlə insanın həyatı yarımçıq qaldı, minlərlə ailənin ocağı söndü. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.

Bir vaxtlar həyatın gur olduğu şəhər xarabalığa çevrildi. Evlər dağıdıldı, küçələr boşaldı, tarixi-mədəni abidələr talan edildi. Dünyada özünəməxsusluğu ilə tanınan Ağdam Çörək Muzeyi də bu dağıntıların qurbanı oldu. Ağdamın başına gətirilənlər şəhərin talan edilməsi ilə bitmədi, onun tarixi yaddaşını silməyə, bu torpağın kimliyini unutdurmağa yönəlmiş vandalizmə çevrildi. Elə buna görə də Ağdam uzun müddət Qafqazın Xirosiması adlandırıldı.

Amma bir şəhərin taleyini yalnız onun dağıdılmış binaları ilə ölçmək mümkün deyil. Ağdamın ən böyük sərvəti onun insanları, torpağına bağlılığı və qayıdış inamı idi. Məcburi köçkünlük illərində Ağdamlılar doğma yurdun xatirəsini qorudular. Uşaqlarına kəndlərinin, küçələrinin, həyətlərinin adlarını danışdılar. Hər ailədə bir Ağdam xatirəsi yaşadı. Hər xatirənin içində bir gün geri dönmək ümidi vardı.

Şəhərin azad edilməsindən sonra burada başlanmış quruculuq işləri Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Xarabalıqların yerində yeni yaşayış məhəllələri, yollar, məktəblər, sosial və mədəni obyektlər inşa olunmağa başladı. Ağdamın 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Şəhərin gələcəkdə 100 min nəfər əhalini qəbul etməsi nəzərdə tutuldu. Bu, yalnız yeni binaların tikintisi deyil, bir vaxtlar zorla qoparılan həyatın yenidən qurulması deməkdir.

Ağdamın dirçəlişi artıq gözlə görünən reallığa çevrilir. Sənaye Parkında istehsal müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri yaradılır. Dəmir yolu və Avtovağzal Kompleksi şəhəri ölkənin nəqliyyat şəbəkəsinə bağlayır. Muğam Mərkəzi Qarabağın musiqi yaddaşını yenidən yaşadır. İmarət kompleksi öz tarixi görkəminə qovuşur, Cümə məscidi bərpa olunur, yeni yaşayış məhəllələri salınır. Ağdamın kəndlərində də quruculuq işləri davam edir, doğma evlərin qapıları illər sonra yenidən sakinlərin üzünə açılır.

Bu böyük qayıdışın və quruculuq salnaməsinin arxasında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən siyasəti və doğma torpaqlara bağlılığı dayanır. Cənab Prezident Ağdamın azad edilməsindən sonra bu şəhərin yenidən qurulmasını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Onun Ağdama hər səfəri yeni layihələrin təməli, yeni obyektlərin açılışı, quruculuq işlərinə verilən növbəti təkanla yadda qaldı. Dağıdılmış şəhərin yerində müasir Ağdamın yaradılması, tarixi abidələrin bərpası, sənaye və sosial infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Bu gün Ağdamın xarabalıqlardan dirçəlməsi həm də Azərbaycanın gücünün, iradəsinin və öz torpaqlarına sahib çıxmaq əzminin parlaq ifadəsidir.

Bu gün Ağdamın küçələrində yenidən insan addımları eşidilir. Yeni evlərin pəncərələrindən işıq süzülür, uşaqlar məktəbə gedir, istehsal müəssisələrində iş başlayır. Bir zamanlar dağıntıları ilə dünyanın diqqətini çəkən şəhər indi quruculuğu, dirçəlişi və gələcəyə inamı ilə seçilməyə başlayır.

 20 noyabr Ağdam üçün azadlığın, qayıdışın və yenidən doğuluşun rəmzidir. Bu gün şəhərin tarixində iki fərqli dövrü birləşdirir: bir tərəfdə işğalın ağrısı, digər tərəfdə Zəfərin yaratdığı yeni həyat. Ağdamın hekayəsi hələ bitməyib. Onun qarşısında qurulacaq yollar, ucalacaq binalar, açılacaq məktəblər, böyüyəcək nəsillər var.