Ağdaş rayonunda “Qərbi Azərbaycan İrsi" kitabının I cildinin təqdimat mərasimi keçirilib
17 iyul 2025, 15:53

"Konstitusiya və Suverenlik İli" çərçivəsində " Ağdaş Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə rayonda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovun müəllifliyi ilə hazırlanmış “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Ağdaş rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, Qərbi Azərbaycan İcmasının elmi işçisi Şəmsi Qocayev, rayon İcra Hakimiyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və bir qrup Qərbi Azərbaycan əsilli şəxslər iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib.

Dəyirmi masa formatında davam edən tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Qərbi Azərbaycan irsi: tədqiqatlar seriyası” filmi təqdim olunub.

Çıxışlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməklə yanaşı, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönələn vandalizm aktlarının da törədildiyi vurğulanıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus qəbiristanlıqlar və digər maddi-mədəni irs nümunələrinin məqsədli şəkildə dağıdılmasından, izlərin silinməsindən bəhs olunub.

Ermənistan tərəfindən azərbaycanlılara məxsus izlərin silinməsi siyasətinə qarşı tarixi həqiqətlərin yer aldığı “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının əhəmiyyəti, tarixi həqiqətlərin elmi əsaslarla sənədləşdirilərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi önəm kəsb etdiyi bildirilib.